Qlobal Forumda əmək müqavilələrinin e-qeydiyyatı ilə bağlı Azərbaycan təcrübəsinin yayılması təklif edilib

Qlobal Forumda əmək müqavilələrinin e-qeydiyyatı ilə bağlı Azərbaycan təcrübəsinin yayılması təklif edilib
16:48 4 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtaliyanın Turin şəhərində “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid” mövzusunda təşkil olunan Qlobal Forumda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin qeyri-formal iqtisadiyyatın məhdudlaşdırılması sahəsində Azərbaycan təcrübəsi (Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi) ilə bağlı təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan və planetin bütün qitələri üzrə 20 ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə ölkəmizdə ötən ilin ortalarından etibarən tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə ətraflı məlumatlar verilib. Bu yeni sistemin ölkənin əmək bazarına daha çevik və obyektiv, səmərəli nəzarətin həyata keçirilməsində, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək bazarı ilə bağlı dolğun informasiya bazasının formalaşmasında mühüm vasitə olduğu diqqətə çatdırılıb.

Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sisteminin qeyri-leqal məşğulluğun aşkarlanaraq qarşısının alınmasında, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının bərpa olunmasında xüsusi üstünlükləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.

Forumun təşkilatçıları və iştirakçıları tərəfindən Azərbaycanda bu sahədə görülən işlər mütərəqqi təcrübə kimi maraqla qarşılanıb və bu məlumatlar iştirakçı ölkələrə təqdim olunmaq üçün tədbirin yekun hesabatına daxil edilib. BƏT rəsmiləri tərəfindən Azərbaycanın əmək müqavilələrinin elektron qeydiyyatı sistemi təcrübəsinin səmərəli olduğu və bu təcrübənin yayılması üçün BƏT-in texniki dəstək verməyə daim hazır olduğu vurğulanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR