Dekabrın 1-də Londonda Sotheby's hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib.
Axşam.az-ın məlumatına görə, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun "Aydan" əsəri 269 min funt sterlinqə satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda "Gekkosso" qalereyasında şəxsi sərgisi üçün çəkilib.
Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby's rəsmilərinin sözlərinə görə, "Aydan" əsəri Sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb. (buro247.az)