Azərbaycan Konqreslər Bürosunun hesabat iclası keçirilib

Azərbaycan Konqreslər Bürosunun hesabat iclası keçirilib
16:58 4 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də “Four Seasons” mehmanxanasında Azərbaycan Konqreslər Bürosunun (AKB) 2015-ci il üçün 4-cü hesabat iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan büronun icraçı direktoru Florian Sengstschmid gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın əsas məqsədlərdən biri də 2016-cı il üçün sektorda gözləntilərin təhlili, hadisələrin inkişaf istiqamətlərinə uyğun proqnozlaşdırma və analizlərin aparılmasıdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin sonunda nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun ötən müddətdə fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması istiqamətində atılan addımların əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın turizm sənayesində müsbət meyillərlə yanaşı, son zamanlar regionda baş verən proseslər fonunda müəyyən təsirlər də özünü göstərir. Qonşu Rusiya və Türkiyə arasında cərəyan edən hadisələr də bu qəbildəndir: “Azərbaycan elə bir regionda yerləşir ki, bölgədə baş verən hər hansı müsbət və ya mənfi hadisə öz təsirini bütün sahələrdə hiss etdirir, o cümlədən turizm sahəsində. Bu baxımdan turizm sənayesi, xüsusilə Azərbaycan Konqreslər Bürosu bu məsələlərə günün reallıqları baxımından yanaşmalı, yeni şəraitə və şərtlərə uyğun fəaliyyətini qurmalıdır”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan turizmi üçün əsas müştəri bazarı qonşu Rusiyadan və qardaş Türkiyədən formalaşmalıdır və bu bazarlarda kifayət qədər aktiv təmsil olunmalıyıq. Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin imkanları dəyərləndirilməlidir və Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var.
Ölkəmizin müalicə turizmi ilə bağlı potensialının da yetərincə təbliğ və təşviq olunmadığını vurğulayan Əbülfəs Qarayev bu sahədə müasir infrastrukturun yaradıldığını, böyük perspektivin olduğunu qeyd edib: “Müalicə turizmi ilə bağlı ölkədə böyük işlər görülüb. Naftalan, Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir. Mən çox istərdim ki, büro öz fəaliyyətini bu sahədə genişləndirsin, Azərbaycanın müalicə turizmi ölkəsi kimi tanınmasına töhfə versin. Biz də nazirlik olaraq müsbət təşəbbüslər üçün lazımi dəstəyi verməyə hazırıq. Təsadüfi deyil ki, nazirliyin dəstəyi ilə bu yaxınlarda Azərbaycan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olmuşdur”.
Sonra iclasda hesabat çıxışları dinlənildi.
AKB-nin icraçı direktoru F.Sengstschmid çıxışında 2015-ci ili qurumun fəaliyyəti baxımından uğurlu dövr adlandırıb, il ərzində əldə olunan nailiyyətlərdən söz açaraq ölkənin turizm imkanlarının təbliği istiqamətində görülən işlərə nəzər salıb.
Qeyd olunub ki, bu il büro Rusiya başda olmaqla MDB məkanında, Türkiyədə və digər qonşu ölkələrdə daha aktiv təbliğat işləri qura bilib. Büro rəhbəri bu istiqamətdə Heydər Əliyev Fondunun, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, xarici və yerli medianın imkanlarından yararlandıqlarını diqqətə çatdırıb.
AKB-nin fəaliyyətinin qonşu ölkələr tərəfindən yüksək qiymətləndirildiyini söyləyən icraçı direktor Azərbaycan təcrübəsinin nümunə kimi öyrənildiyini deyib. Bildirib ki, büro beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların ölkəmizə gətirilməsində xüsusi rol oynamağa, bu istiqamətdə işləri genişləndirməyə səy göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Konqresler_Burosunun_hesabat_iclasi_kechirilib-908323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR