Bölgələrdə maliyyə savadlılığı ilə bağlı seminarlar keçirilib (FOTO)

Bölgələrdə maliyyə savadlılığı ilə bağlı seminarlar keçirilib (FOTO)
17:28 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində artıq bir neçə ildir ki, müxtəlif hədəf qrupları üçün maliyyə savadlılığının elementləri, ailə büdcəsinin tərtibi və gəlirlərdən rasional istifadə, həmçinin nağdsız ödənişlər və s. mövzularda müxtəlif tədbirlər həyata keçirir.

AMB-dən Trend-ə verilən məlumata görə, ənənəvi xarakter almış belə tədbirlərdən biri də cari ilin noyabr-dekabr ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) ilə birlikdə bölgələrdə təşkil edilib.

Belə ki, noyabrın 11-də Gəncədə, 17-də Qubada, 19-da Biləsuvarda, dekabrın 1-i və 2-si tarixlərində isə Naxçıvan şəhərində olmaqla ümumilikdə 150 nəfərə yaxın ailə təsərrüfatları və tələbələr üçün seminarlar keçirilib.

Seminarlar Mərkəzi Bankın aidiyyatı struktur bölmələrinin mütəxəssisləri və AƏBBƏF-nin ekspertləri tərəfindən aparılıb.

Seminar iştirakçılarına Mərkəzi Bankın əhalinin maliyyə savadlılığının artırılmasına intellektual dəstək kimi hazırladığı portalın təqdimatı keçirilib, maliyyə savadlılığının artırılmasında Mərkəzi Bankların rolu, şəxsi maliyyənin idarə edilməsi və istehlakçı büdcəsinin hazırlanması, yığım mədəniyyəti və onun formalaşması, eləcə də nağdsız ödənişlərdən istifadə üstünlükləri və yaradılmış imkanlar barədə ətraflı məlumat verilib və əyani vəsaitlər paylanılıb.

Mövzuların hədəf qruplarına lazımi səviyyədə çatdırılması məqsədilə seminarlar interaktiv şəkildə qurulub və praktiki məşğələlərlə dəstəklənib.

Əhalinin maliyyə maariflənməsinə və maliyyə savadlılığı səviyyəsinin artırılmasına xüsusi önəm verən Mərkəzi Bank digər regionlarda da müxtəlif hədəf qrupları üçün bu istiqamətdə tədbirlərin təşkilini nəzərdə tutur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2465342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR