Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft Fondu Çin istiqrazlarına investisiyanı artıra bilər

Neft Fondu Çin istiqrazlarına investisiyanı artıra bilər

Date: 4 December 2015 17:44

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Çin bazarı yatırımlardan öncə olduğu kimi hal-hazırda da yaxından izlənilir, müvafiq təhlillər aparılır, müxtəlif investisiya imkanları araşdırılır.

Fonddan “APA-Economics”in müvafiq sorğusuna cavab olaraq bildirilib ki, gələcəkdə bazar konyunkturu da diqqətə alınmaqla, dövlət istiqrazlarına investisiyaların həcminin artırılması ilə yanaşı, digər maliyyə alətlərinə, o cümlədən səhmlərə də investisiyalar nəzərdən keçirilə bilər.

 

“Məlum olduğu kimi, ARDNF 2012-ci ildən etibarən uzunmüddətli dövr ərzində vəsaitlərdən əldə olunan gəlirliliyin artırılması eləcə də investisiya portfelinin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində səhmlər və daşınmaz əmlak da daxil olmaqla bir sıra yeni maliyyə alətlərində yatırımlarla yanaşı, Avstraliya dolları, Türkiyə lirəsi və Rusiya rublu kimi valyutalarda da ifadə olunan müvafiq aktivlərə investisiyalara başlayıb. Cari ilin 1 iyul tarixindən isə, Fond tərəfindən ilk dəfə Çin yuanında ifadə olunan adıçəkilən ölkənin suveren və dövlətə bağlı maliyyə təsisatlarının istiqrazlarına yatırımlar edilib. Burada əsas məqsəd əlbəttə ki, Fondun valyuta səbətinin yüksək diversifikasiyasının təmin edilməsi ilə yanaşı, hal-hazırda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan və ölkənin pul vahidi olan yuanı əsas beynəlxalq ehtiyat valyutasına çevirməyi hədəfləyən bir ölkənin maliyyə bazarlarına yatırımların həyata keçirilməsi olub. Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası tərəfindən 30 noyabr tarixində Çinin valyutası yuanın SDR (xüsusi borclanma hüququ) səbətinə daxil edilməsi qərarı Çin iqtisadiyyatı və valyutası üçün xüsusən də uzun müddətli dövrdə müsbət qiymətləndirilir. 1 oktyabr 2016-cı il tarixindən qüvvəyə minəcək bu qərarın yuanın beynəlxalq səviyyədə daha geniş istifadəsinə və əhəmiyyətinin daha da artmasına səbəb olacağı gözlənilir”, - deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, Çin maliyyə bazarlarına xarici kapital axınında ciddi məhdudiyyətlər mövcuddur və ARDNF yalnız Çinin Mərkəzi Bankından 3 mlrd. Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya aldıqdan sonra, bu valyutada ilkin yatırımlarına başlayıb.

 


Tags:  Neft Fondu Çin istiqrazlarına investisiyanı artıra bilər

RƏYLƏR


Top news