Son yeddi ildə 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb

Son yeddi ildə 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb
18:03 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti (DMX) dekabrın 4-də Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə, həmçinin vətəndaşlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların nümayəndələri iştirakı ediblər.
Forumda vətəndaşsızlığın aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, on gündən artıq ölkədə qalmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı Xidmət tərəfindən görülmüş işlər barədə geniş söhbət açılıb.
Tədbirdə çıxış edən Xidmətin məsul əməkdaşı bildirib ki, Prezident İlham Əliyevin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən etibarən Xidmət Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə ölkə vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb. Bundan əlavə, DMX tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində mütəmadi şəkildə müvafiq tədbirlər görülür. Görülmüş tədbirlərin nəticəsində 2008-2015-ci illərdə 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 32 min 16 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.
Forum iştirakçıları vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri ölkəmizin məqsədyönlü və humanitar yönümlü siyasətinin nəticəsi kimi qiymətləndiriblər.
İkili vətəndaşlıqla bağlı görüş iştirakçısının sualını cavablandıran DMX əməkdaşı vurğulayıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
“Açıq qapı günü”ndə miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq ölkəmizdə qəbul edilmiş Miqrasiya Məcəlləsinə digər ölkələr tərəfindən maraq olduqca böyükdür. Ölkəmizin bu sahədəki təcrübəsi bir sıra dövlətlər tərəfindən öyrənilməyə başlanılıb. Məcəllədə əksini tapmış müddəalara əsasən respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.
Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulu barədə Xidmət əməkdaşı təqdimatla çıxış edib. Ümumiyyətlə, qurumun istifadəyə verdiyi onu elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı suallar cavablandırılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur. Bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir.
Tədbirdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması üçün 8 regional miqrasiya idarəsinin fəaliyyətinin dövlətin qayğısının nəticəsi olduğu nəzərə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_yeddi_ilde_32_minden_chox_sexsin_Azerbaycan_vetendasligina_mensubiyyeti_taninib-908366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR