“Kitabi-Dədə Qorqud” saz və söz işığında” musiqili ədəbi məclis keçirilib

“Kitabi-Dədə Qorqud” saz və söz işığında” musiqili ədəbi məclis keçirilib
18:33 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən dekabrın 4-də “Azər-İlmə” Xalçaçılıq Mərkəzində “Kitabi-Dədə Qorqud” saz və söz işığında” musiqili ədəbi məclis keçirilib.
AZƏRTAC xəbər verir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dövlət başçımızın müvafiq Sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib. İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib.
Məclisdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı “Kitabi-Dədə Qorqud” və əxlaqi mənəvi dəyərlərimiz” mövzusunda çıxış edib. Bildirib ki, dövlətçiliyimizin, xalqımızın, mədəniyyətimizin, dilimizin tarixi, etnoqrafiyamız, milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda toplanıb.
Saz ilə sözün vəhdətində keçən musiqili ədəbi məclisdə aşıq Altay “Kitabi-Dədə Qorqud” dastanından mahnılar və digər aşıq havalarını ifa edib.
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar İncəsənət Xadimi Vidadi Muradov tədbirin rəhbərlik etdiyi bu müəssisədə keçirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna minnətdarlıq edib.
Xalqımızın milli mənəvi yaddaşında, folklorunda, həyata baxışında, dünyagörüşündə xüsusi yeri olan xalı, xalça sənəti nümunələrinin araya, ərsəyə gəlməsində istifadə olunan texnologiyalarla, Xalçaçılıq Mərkəzi ilə tanışlıq da tədbir iştirakçılarında xoş təəssürat yaradıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kitabi_Dede_Qorqud_saz_ve_soz_isiginda_musiqili_edebi_meclis_kechirilib-908379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR