“Naxçıvanterminalkompleks” Birliyi istifadəyə verilib

“Naxçıvanterminalkompleks” Birliyi istifadəyə verilib
19:03 4 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov çıxış edərək deyib ki, son illər muxtar respublikada gömrük infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla Naxçıvan, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanında gömrük idarələri üçün müasir komplekslər istifadəyə verilib. Hazırda Sədərək sərhəd gömrük buraxılış məntəqəsində müasir tələblərə cavab verən kompleksin tikintisi davam etdirilir. Bu gün “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi də muxtar respublika gömrük sistemində müasir infrastrukturun qurulması sahəsində görülən işlərin davamıdır. Komitə sədri göstərilən diqqətə və yaradılan şəraitə görə muxtar respublika gömrükçüləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın xarici ticarət əlaqələrində mühüm rol oynayacaq “Naxçıvanterminalkompleks” Birliyi üçün müasir iş şəraitinin yaradıldığını bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: “Naxçıvanterminalkompleks” Birliyi 1905-ci ildə - çar Rusiyası dövründə xarici ticarətin təşkili məqsədilə yaradılmış, Sovet hakimiyyəti qurulandan sonra isə Rusiya Xarici Ticarət İqtisadi Birliyinin yerli şöbəsi kimi fəaliyyət göstərmişdir. Təşkilat müstəqillik illərində də öz fəaliyyətini davam etdirmişdir. 2002-ci ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni əsasnaməsi təsdiq olunmuş və birlik komitənin strukturuna daxil edilmişdir.
Qeyd olunub ki, “Naxçıvanterminalkompleks” Birliyi Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhəmiyyətli sahələrdəndir. Çünki bu gün muxtar respublika ölkəmizin xarici ticarət əlaqələrinin təşkilində iştirak edir. Ona görə də bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görülüb, kompleks üçün müasir iş şəraiti yaradılıb.
Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətdə hər bir qurum böyüklüyündən və kiçikliyindən asılı olmayaraq ölkənin inkişafına, möhkəmlənməsinə xidmət edir. Ölkəmizin xarici ticarət əlaqələrində iştirak edən “Naxçıvanterminalkompleks” Birliyi də belə qurumlardandır. Qurum tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi üzrə broker xidməti, yüklü nəqliyyat vasitələrinin yoxlama tərəzilərində çəkilməsi, xarici dövlətlərə yüklərin göndərilməsi, gömrük və müvəqqəti saxlanc anbarlarının yaradılması, müsadirə olunmuş malların gömrük hərracları vasitəsilə satılması və digər işlər həyata keçirilir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bu gün olduğu kimi, gələcəkdə də xarici ticarət əlaqələrinin təşkilində “Naxçıvanterminalkompleks” Birliyinin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Azərbaycanla qonşu ölkələr arasında dəmir yollarının birləşdirilməsi haqqında aparılan danışıqlar, eyni zamanda tarixi İpək Yolunun bərpa olunması onu deməyə əsas verir ki, gələcəkdə Naxçıvan tranzit yer kimi seqment rolunu öz üzərinə götürəcəkdir. Bu prosesə indidən hazırlaşmaq, müasir infrastruktur yaratmaq lazımdır. Son illər Culfa şəhərində müasir gömrük kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda Sədərəkdə yeni gömrük kompleksi tikilir. Bu gün Culfa şəhərində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi isə gələcəkdə xarici ticarətdə Naxçıvanın seqment rolunu oynaması üçün geniş imkanlar yaradır. Ona görə də burada çalışan əməkdaşlar özlərini mütəxəssis kimi hazırlamalı, işləri dərindən öyrənməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, inzibati bina və anbarlardan ibarət olan kompleks 1,4 hektar ərazini əhatə edir. 3 mərtəbədən ibarət olan inzibati binada rəsmiləşdirmə və iclas zalları, növbətçi hissə, server, vətəndaşların qəbulu və digər xidməti otaqlar, qazanxana və arxiv yerləşir. Binada elektron idarəetmə və kamera-nəzarət sistemləri quraşdırılıb. Növbətçi hissədəki biometrik qeydiyyat qurğusu vasitəsilə xidmətin təşkilinə, eləcə də əməkdaşların işə davamiyyətinə nəzarət olunacaqdır. Buradakı monitorlar isə anbarlar da daxil olmaqla kompleksin bütün ərazisini müşahidə etməyə imkan verir.
Rəsmiləşdirmə zalında beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaimələrinin doldurulması, gömrük brokeri və gömrük qanunvericiliyinə dair məlumatlandırma xidmətləri göstərilir. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Azərbaycan Respublikasının bütün gömrük orqanlarının qoşulduğu Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə elektron formada həyata keçirilir. Zalda xidmətin operativ təşkili üçün elektron növbə sistemi yaradılıb, POS-terminal qoyulubdur. İkinci mərtəbədə birbaşa Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən idarə olunan elektron məlumat monitorları quraşdırılıb və dövri mətbuat guşəsi yaradılıb. Burada gündəlik məlumatlar və gömrük xidməti sahəsindəki yeniliklər öz əksini tapacaqdır.
Kompleksin ərazisində 1 açıq və 7 qapalı anbar, o cümlədən hər birinin tutumu 5 ton olan 2 soyuducu anbar vardır. “Naxçıvanterminalkompleks” Birliyi dəmir yolu ilə daşınacaq yüklərə gömrük nəzarətini həyata keçirmək imkanına da malikdir. Anbar kompleksinin hər iki tərəfindəki platformalar qatarla və avtomaşınla daşınan yüklərin yoxlanılması, yüklənib-boşaldılması üçün nəzərdə tutulub. Buradakı mövcud dəmiryol xətti yenidən qurulub, 60 tonluq tərəzi quraşdırılıb. Kompleksin ərazisində inşa olunmuş birmərtəbəli binada isə xidməti otaqlar və yeməkxana vardır.
Ali Məclisin Sədri “Naxçıvanterminalkompleks” Birliyinin muxtar respublikanın digər gömrük orqanları ilə əlaqəli işləməsi, əməkdaşların kurslara göndərilməsi barədə tapşırıqlar verib.
Kompleksin ərazisində abadlıq işləri görülüb, müasir işıqlandırma sistemi quraşdırılıb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanterminalkompleks_Birliyi_istifadeye_verilib-908401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR