Bakı “Formula-1” trası bu mövsümdə ən sürətli şəhər trası olacaq

Bakı “Formula-1” trası bu mövsümdə ən sürətli şəhər trası olacaq
19:18 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Bakı “Formula-1” trası bu mövsümdə ən sürətli şəhər trası olacaq. Azərbaycanda keçiriləcək Avropa “Formula-1” Qran-pri yarışlarının təşkilatçısı olan “Baku City Circuit” şirkətinin baş direktoru Arif Rəhimov bu sözləri “New York Times” nəşrinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, yürüşlərə hazırlıq işləri qrafik üzrə davam edir.
A.Rəhimov deyib: “Yürüşlərin təşkilinin hər bəndi üzrə baş plan var. Bütün işlərin düzgün getməsini yəqin etmək üçün baş plana hər həftə nəzarət edirik. Bəzi bəndlər üzrə cədvəli qabaqlayırıq. Biz imkanlarımızı tam səfərbər etmişik və sürətlə işləyirik”.
A.Rəhimovun sözlərinə görə “Formula-1” yarışlarının təşkili, məsələn, “Eurovision” və Avropa Oyunları kimi hadisələrin təşkilindən bir qədər fərqlənir. Promouter deyib: “Əlbəttə, bütün bu böyük hadisələrin öz tamaşaçısı var, “Formula-1” də nadir hadisədir, çünki bu yürüşləri izləyənlərin çoxu imkanlı tamaşaçılardır. Bundan əlavə, yarışların bir mərhələsinin Bakıda keçirilməsi bizə “Eurovision” və Avropa Oyunları ilə müqayisədə fərqli təcrübə qazanmaq imkanı verəcək. Avropa Oyunlarının təşkili zamanı Azərbaycan bu oyunların brend kimi inkişafı üçün də faydalı iş görüb, çünki belə format əvvəlcə sadəcə yox idi. “Formula-1” isə artıq mövcud brenddir və onun təqdimata ehtiyacı yoxdur”.
A.Rəhimov deyib ki, Azərbaycanda bu yürüşlərin azarkeşlərinin xüsusi klubu var. O deyib: “Fan-klub hələlik o qədər də böyük deyil, çünki idmanın bu növü Azərbaycanda təzədir. Lakin biz bu istiqamətdə işləyirik, müxtəlif dövlət strukturları ilə iş aparır, onlara izah etməyə çalışırıq ki, bu yarışlar ölkəmizə diqqəti cəlb edəcək. Bakı bu yürüşlərin təşkili sahəsində başqa şəhərlərin təcrübəsini tətbiq etmək niyyətindədir.
A.Rəhimov deyib: “Hələlik təqvimdə yalnız iki şəhər trası var: Sinqapur və Monte-Karlo. Bizim şəhər trası Bakının qədim və yeni hissələrini əlaqələndirəcək. Tras həm “Flame Towers” kimi yeni göydələnlərin, həm də XX əsrin əvvəlinə aid qədim binaların yanından, habelə XVI əsrə aid olan və UNESCO tərəfindən qorunan qədim qala divarlarının dövrəsindən keçəcək. Bu, bizim trasın unikal cəhətləridir. Trasda bir neçə mürəkkəb sahədə yolun eni cəmi 8 metrə bərabər olacaq. Trasın sahil boyunca yerləşən hissəsində sürət saatda 340 kilometrdən çox olacaq. Ümumiyyətlə, trasda orta sürətin saatda təxminən 210 kilometr olacağını nəzərə alsaq, deyə bilərik ki, bu tras təqvimdə ən sürətli şəhər trası sayıla bilər.
Yarışların Avropa Qran-pri yarışları adlanması məsələsinə gəldikdə isə bu onunla bağlıdır ki, Azərbaycan özünü Avropa ölkəsi kimi təqdim edir.
“Valensiya trası təqvimdən çıxarılandan sonra bu ad bir növ sahibsiz qaldı və biz məhz həmin adı xahiş etdik. Bakıda sakinlərlə söhbət etsəniz, yaxud şəhərin ab-havasını hiss etsəniz başa düşərsiniz ki, burada Avropa mentallığı aşkar duyulur” – deyən baş direktor daha sonra əlavə edib ki, “Formula-1” yarışlarından əlavə bir sıra tədbirlər keçirilməsi planlaşdırılır.
A.Rəhimov deyib: “Biz çoxsaylı əyləncələr, sürprizlər, konsertlərlə müşayiət olunan böyük bir tədbir keçirmək istəyirik”.
Xatırladaq ki, “Formula-1” yarışlarının Bakı mərhələsi 2016-cı il iyunun 17-dən 19-dək keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Formula_1_trasi_bu_movsumde_en_suretli_seher_trasi_olacaq-908415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR