İdman və akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilir

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilir
21:03 4 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Milli Gimnastika Arenasında idman və akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, birinciliyin ilk günündə Bakı Gimnastika Məktəbini, “Neftçi” idman klubunu və Nizami rayonu idman məktəbini təmsil edən akrobatlar mübarizə aparıblar.
Kişi və qarışıq cütlüklərin, kişi və qadın qrupların tərkibinə daxil olan 12-18 yaşlı akrobatlar balans, temp və qarışıq hərəkətlər nümayiş etdiriblər. Birincilikdə 11-16 yaş kateqoriyasına aid qadın qrupları və cütlükləri isə yalnız balans və temp hərəkətlərini yerinə yetiriblər. Yarışda ümumilikdə 43 gimnast iştirak edib.
12-18 yaş kateqoriyasında qadın qruplarının yarışında Bakı Gimnastikası Məktəbinin nümayəndələri Leyla Bəşirova, Aygün Əhmədova və Nəzrin Fərmanova 72,317 balla birinci yeri tutublar. İkinci yerə 66,7 balla Bakının Nizami rayonu idman məktəbinin nümayəndələri Samirə İbrahimova, Ülviyyə İsgəndərli və Məryəm Qurbanova layiq görülüblər. “Neftçi” idman klubunun nümayəndələri Elvira Hüseynova, Arzu Mələkzadə və Fatimə Nəzərova isə 42,934 balla üçüncü pillədə qərarlaşıblar.
Yarışda 11-16 yaş kateqoriyasında qadın qruplar arasında qalib 51,167 balla “Neftçi” idman klubunun nümayəndələri Səmra Əsgərzadə, Mina Beydiyeva və Ceyla Zakiryayeva olublar. İkinci və üçüncü yerləri müvafiq olaraq Nizami rayonu idman məktəbi və Bakı Gimnastika Məktəbinin nümayəndələri tutublar.
Bundan başqa, 11-16 yaş qrupunda qadın cütlüklərin yarışında birinci və üçüncü yerlərə Bakı Gimnastika Məktəbinin nümayəndələri sahib olublar. İkinci sırada isə “Neftçi” idman klubunun akrobatları yer alıblar. 12-18 yaş kateqoriyasında kişi cütlüklərin mübarizəsində isə Bakı Gimnastika Məktəbinin nümayəndələri birinci və üçüncü yerə layiq görülüblər. Nizami rayonu idman məktəbinin akrobatları isə ikinci yeri tutublar.
Dekabrın 5-də Olimpiya idman növü olan qadın idman gimnastlarının yarışı keçiriləcək. “Balacalar” (2003-2005-ci il təvəllüdlü), “uşaqlar” (2006-2007-cı illərdə doğulanlar), “kiçiklər” (2008-2009-cu illər), həmçinin “yeni başlayanlar” (2008-2010-cu illər) yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq Sport” klubları yetirmələrini bütün turnir boyu dəstəkləyəcəklər.
Həmin idman cəmiyyətlərindən azarkeşlərin sırasına təkcə Respublika Olimpiya İdman Liseyinin deyil, Sumqayıt və Balakən nümayəndələri də qoşulublar. Həmin cəmiyyətlərdən və bölgələrdən olan oğlanlar çıxışlarına dekabrın 5-də başlayacaqlar. Gənclər (1998-2000-ci), yeniyetmələr (2001-2002-ci), balacalar (2003-2004-cü), uşaqlar (2005-2006-cı) və kiçiklər (2007-2008-ci) də çoxnövçülük üzrə mükafatlandırılacaqlar.
Ümumilikdə idman gimnastikası üzrə kişilər və qadınlar arasında 62 atlet gücünü sınayır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Idman_ve_akrobatika_gimnastikasi_uzre_Azerbaycan_birinciliyi_kechirilir-908455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR