Vaqif Cavadov: "Niyyətim indi də belədir"

Vaqif Cavadov: "Niyyətim indi də belədir"
21:52 4 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"yə faydalı olmaq niyyətilə gəlmişəm. Niyyətim indi də belədir. Az oynamağıma gəlincə, bu, futbol həyatıdır. Məndən nə asılıdırsa, edirəm. Bundan sonra necə olacağını zaman göstərəcək". 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu fikirləri "Qəbələ"nin hücumçusu Vaqif Cavadov deyib.
 
26 yaşlı hücumçu ölkə kubokunadək əsas komandanın heyətində 4 oyun keçirib. Bunlardan 3-ü Premyer Liqada, 1-i Avropa Liqasında olub. PAOK-la matçın 77-ci dəqiqəsində meydançaya çıxan Vaqif təkcə "Qəbələ"də yox, həm də karyerasında ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi.
 
Salonikidə oyunun son saniyələrində qələbə topunu vurmaq şansı olan Vaqif həmin epizodu belə xatırlayıb: "Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə, oyunun son dəqiqəsi idi və məsuliyyəti üzərimə götürüb topu qapıya tərəf vurdum. Düşündüm ki, topu itirməkdənsə, belə etmək daha yaxşıdır".
 
Hücumçu bildirib ki, yaxşı oynadığımız bu matçda qalib gəlməli idik: "Növbəti mərhələyə çıxmaq şansımız qalmasa da, qələbə qazanmaq istəyirdik. Ancaq qol imkanlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Qrupda ilk qələbəmizi son turda "Krasnodar"la ev oyununda qazanmağa çalışacağıq".
 
Komandada ilk vaxtlar oyun təcrübəsini əvəzedici heyətdə artıran Vaqif hazırkı durumunu belə dəyərləndirib: "Taleyimdən narazı deyiləm. İnanıram ki, komandaya faydam dəyəcək. Ehtiyatda çox qalmağım baş məşqçinin qərarıyla bağlıdır. Heyəti o müəyyənləşdirir. Az oynamaq futbolçuda bəzən ruh düşkünlüyü yaradır. Məndə isə ruh düşkünlüyü yoxdur. Hər zaman öz üzərimdə işləyirəm ki, meydançaya çıxanda hazır olum".
 
Cavadov komandanın Azərbaycan Premyer Liqasında son oyunlarında xal itirməsinə də münasibət bildirib: "Son oyunların hamısında qalib gəlməli idik. Demək olar, tək qapıya oynayırıq. Fəqət, son nöqtəni qoya bilmirik. Bu kimi amillər psixoloji cəhətdən gərginlik yarada bilər. Amma komandada ab-hava yaxşıdır və nəyisə bəhanə etməyə əsas yoxdur. Baş məşqçi bizə güvənir və ruhdan düşməməyi tövsiyə edir. Biz isə nəticə almağı qarşıya məqsəd qoyan peşəkar klubuq. "Qəbələ"də çempion olmaq hər bir futbolçunun, o cümlədən mənim də arzumdur. İnanırıq ki, itirilən xalların yerini qarşıdakı oyunlarda qələbə qazanmaqla doldura biləyəcik".

Qeyd edək ki, "Qəbələ"də ölkə kubokunda debütünü qolla qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR