​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru: “Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik”

09:22 5 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Z.Əliyev bildirib ki, icbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir: “Sadəcə, icbari tibbi sığortanın tətbiqi bu islahatlara təkan verəcək və ya hansı sahədə islahatların aparılmasının zəruriliyi önə çıxacaq. Bəli, bu gün səhiyyə sistemi 32 min həkim, 56 mindən çox orta tibb işçisi ilə prosesə hazırdır. Azərbaycanda kifayət qədər mütəxəssis var. Müqayisə aparsaq, görərsiniz ki, bu sahədə Avropa ölkələrindən geridə qalmırıq. Bir məqamı vurğulamaq yerinə düşər ki, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səhiyyə üzrə xidmətləri alan, tibb müəssisələrinin isə xidməti təklif edən rolunda çıxış etdiyini nəzərə alsaq, onda bizim agentliyin əsas məqsədinin sığortalıların keyfiyyətli, yüksək səviyyədə və operativ xidmət alması olduğu üzə çıxar. Ona görə də icbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq. Tibb müəssisələrinin marağında olacaq ki, xidmətlərin səviyyəsi yüksəldilsin. Biz dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik. Çünki rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq. Bu məqamda qeyd edim ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq.
Onu da bildirim ki, icbari tibbi sığortanın tətbiqi ən yaxşı xəstəxanalarla yanaşı, həkimləri də üzə çıxaracaq. Sığortanın tətbiqindən sonra ən yaxşı həkimləri, xəstəxanaları tanıtmaq daha asan olacaq. Artıq “Məsləhətli həkim tanıyırsan?” sualına daha müasir şəkildə cavab almaq mümkün olacaq. Təbii ki, həkimlər, xəstəxanalar yaxşıların siyahısına düşmək üçün keyfiyyətli xidmət göstərməyə çalışacaqlar. Həkimlər artıq yüksək məbləğdə gəliri açıq şəkildə qazanacaqlar. Xəstəsi çox olan həkimlərin qazancı da yüksək olacaq.
Aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək”.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/i-cbari-tibbi-sigorta-uzre-dovlet-agentliyinin-direktoru-dovlet-xestexanalari-arasinda-reqabet-muh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR