Bu qarşıdurma hamımıza ziyandır

Bu qarşıdurma hamımıza ziyandır
11:22 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə və Rusiya arasında baş verən qarşıdurma terrorizmlə mübarizəni zəiflətdi.

Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Ekspertin fikrincə, Suriyada iki koalisiyanın fərqli fəaliyyət göstərməsi terrorizmlə mübarizəyə mənfi təsir edir: "Hazırda Suriyada terrorla mübarizə adı altında hərbi əməliyyatlar aparan iki koalisiya mövcuddur. Bunlardan biri Suriya-Rusiya-İran-"Hizbullah"-İraq könüllüləri koalisiyasıdır. Rusiya Suriyaya bu dövlətin istəyi ilə ayaq basıb və Suriya ordusuna dəstək verir. İkinci koalisiya Qərb ölkələrinin koalisiyasıdır. Təəssüf ki, onlar vahid koalisiya şəklində birləşə bilmirlər. Azərbaycanın isə marağındadır ki, terrorizmə qarşı birgə koalisiya olsun. Yalnız bu zaman terrorla mübarizədə real nəticələr əldə etmək olar. Amma Rusiya ilə Türkiyə arasında baş verən son hadisələr və yaranmış gərginlik İŞİD-in xeyirinə oldu. Məlumdur ki, bu hadisələrdən əvvəl Suriya ordusu İŞİD silahlılarının əlində olan Palmira şəhərinə hücuma keçmişdi. Amma bu hadisələrdən sonra bu hücum ləngidi. Nəticə etibarilə, birgə koalisiyanın olmaması və Türkiyə-Rusiya arasında yaranan qarşıdurma terrorizmlə mübarizəni zəiflətdi".

Lakin politoloq bildirib ki, iki koalisiyanın regionda durmadan hərbi gücünü artırması və buranın hərbi poliqona çevrilməsi onlar arasında silahlı münaqişəyə yox, bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməyə səbəb olacaq: "Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla görüşən zaman Fransanı Suriyada birgə əməliyyatlar aparmağa dəvət etdi. Fransa isə təyyarələrinin Türkiyənin İncirlik hərbi bazasına göndərilməsi barədə qərar qəbul etdi və İŞİD-ə qarşı mübarizəni Türkiyə ərazisi vasitəsilə həyata keçirəcəyini bəyan etdi.

İki koalisiyanın fəaliyyətinin uzlaşmamasının pik nöqtəsi Rusiya təyyarəsinın vurulması oldu. Həm Rusiya, həm Türkiyə, həm də digər dövlətlər çox güclü və ciddi dövlətlərdir. Fikrimcə, onların bir-biri ilə ədavətdə olması ağıllı hərəkət deyil. Çünki dünya terrorizmi onların hamısı üçün bir təhdiddir. Biz artıq bunun nümunələrini Ankarada, Parisdə və digər yerlərdə görmüşük.

Böyük Britaniyanın Suriyada antiterror əməliyyatlarına qatılması çox önəmli addımdır. Parlamentdə qərar qəbul edildikdən sonra Kiprdəki hərbi bazasından "Tayfun" təyyarələrini Suriyaya göndərməsi bu ölkənin əməliyyatlarda fəal iştirakı deməkdir.

Rusiyanın S-400 zenit-raket komplekslərini Suriyaya gətirməsindən sonra isə böyük ehtimalla bu ölkələr bir-biri ilə koordinə edilmiş şəkildə mübarizə aparacaqlar. Çünki bütün ölkələr istər-istəməz bu raketlərdən ehtiyat edəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR