IDEA İctimai Birliyinin təşəbbüsü ilə Badamdar qəsəbəsində 1500 ağac əkilib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Badamdar qəsəbəsində 1500 ağac əkilib
13:18 5 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində Bakı şəhərinin Badamdar qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən carı il martın 18-də başlanılıb.
Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, “Azərsun” şirkəti tərəfindən 300 kiloqramdan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələrilə toplanması da təşkil edilir.
Layihəyə əsasən, hər 50 kiloqram kağızın qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. Ümumilikdə layihə çərçivəsində bu günə qədər 150 tona yaxın kağız tullantısı toplanaraq təkrar emala göndərilib ki, bunun da müqabilində Bakıda üç min ağac əkilib.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə təşkil edilən ağacəkmə aksiyasında 100-ə yaxın gəncin iştirakı ilə Xan çinarı, zeytun, iydə, sərv, şam, göyrüş, Yapon naznazı, oleandr, ərküdə, akasiya növlərində 1500 ağac əkilib.
IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır. Belə ki, təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində beş milyondan artıq ağacın əkilməsinə nail olunub.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IDEA_Ictimai_Birliyinin_tesebbusu_ile_Badamdar_qesebesinde_1500_agac_ekilib-908553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR