Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Əhməd Davudoğlunun Bakı səfərinin mesajları

​Əhməd Davudoğlunun Bakı səfərinin mesajları

Date: 5 December 2015 14:22

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya gözlənilən səfəri etdi.
Səfər Türkiyə üçün çox gərgin bir vaxtda həyata keçirilib. Bununla belə, rəsmi Ankaranın baş verənlərə təmkin və səbrlə yanaşması diqqətdən qaçmır.
Türkiyə hökumət başçısının Azərbaycana səfərinin bəzi məqamlarına toxunmaq istərdik.
Baş nazirin səfərini Azərbaycan Prezidenti İlham Əliyev belə qiymətləndirib: "Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadam ki, siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik".
Türkiyənin baş naziri Əhməd Davudoğlu da prezident İlham Əliyevin çıxışlarında vurğuladığı məqamlara işarə edərək, iki dövlətin əlaqələrindən danışıb.
Düzdür, Türkiyə və Azərbaycan liderləri ilk rəsmi səfərlərini biri-birilərinin ölkələrinə edirlər və bu bir ənənədir. Bu baxımdan, Əhməd Davudoğlunun da Bakıya ziyarəti qeyri-adi deyildi. İki ölkənin biri-birini dəstəkləməsi də yeni hadisə sayılmır...
Ancaq Rusiya təyyarəsi Türkiyə sərhədini pozandan sonra Kremlin Ankaraya sanksiyaları fonunda gerçəkləşdirilən bu ziyarət maraqlı məqamları ortaya çıxarıb.
Ümumiyyətlə, Rusiya ilə Türkiyə arasında yaranan gərginlik sonrası siyasi müstəvidə bəzi məsələlərə də aydınlıq gəldi. Təbii ki, Azərbaycan tərəfi də bu məsələyə öz səmimi münasibətini açıqlayıb.
Əhməd Davudoğlunun qarşılanması və danışıqlarının mövzusu Azərbaycanın Avropa üçün də önəmli dövlət olduğunu bir daha təsdiqlədi.
Ona görə də ehtimal etmək olar ki, Türkiyə baş nazirinin səfəri bölgə, Avropa və regionda marağı olanlara aşağıdakı mesajları çatdıra bilib:
-İki ölkənin bir-biri üçün etnik, mədəni, mənəvi baxımdan biri-birinə yaxın olduğu kimi maraqlarının da üst-üstə düşdüyü sübuta yetirildi;
- Azərbaycan və Türkiyənin bir-birini dəstəkləyəcəkləri dünyaya bir daha nümayiş etdirildi;
- Bölgədəki layihələrin həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə əlaqələri, əməkdaşlığı və qardaşlığının üçüncü tərəfi hədələmədiyi bəyan olundu;
- Şaxəli enerji layihələrində Azərbaycan və Türkiyənin rolu, yeri, önəminin təkzibolunmazlığı göstərildi;
- Avropaya və keçmiş sovet respublikalarına hər iki ölkənin nəqliyyat, yük və sərnişin daşıma sahəsində önəmli olması mesajı verildi;
-Azərbaycanla Türkiyə arasındakı mənəvi bağların Qafqazın və Avropanın təhlükəsizliyinə töhfə verdiyi bir daha öz təsdiqini tapdı;
- Ölkənin karbohidrogen daşıyıcıları və başqa enerji qaynaqlarına ehtiyacının ödənilməsi ilə bağlı Gürcüstan hökumətindəki bəzi rəsmilərin fərqli mövqeli bəyanat və çıxışlarına da cavab oldu;
- Gürcüstanın xilas yolunun Azərbaycan-Gürcüstan-Türkiyə birgə layihələrinin reallaşmasında olduğu rəsmi Tbilisinin diqqətinə dolayı yolla da olsa çatdırıldı;
- Ermənistana işğalçılıqdan əl çəkərək, Azərbaycan torpaqlarından çıxmasına çağırış edildi. Rəsmi Ankara bu məsələdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini dünyanın diqqətinə çatdırdı;
- Ermənistana işğal və işğalçılıqdan əl çəkmək, bölgədə pozuculuq fəaliyyəti göstərməmək, habelə üçüncü dövlətin istəklərinin aləti olmamağa işarə olundu;
- Azərbaycan torpaqlarından çıxacağı halda Ermənistanın bölgədəki layihələrdə yer ala biləcəyi ermənilərin və havadarlarının nəzərinə çatdırıldı və s.
Beləliklə, bu səfəri dünyada iqtisadi əlaqələri siyasi hegemonluq üçün alət edənlərə də mesaj saymaq olar. Əhməd Davudoğlunun Bakıya ziyarəti həm də Türkiyə və Azərbaycana hörmət və bərabərhüququlu tərəfkeş olaraq baxılmasının vacibliyini əksini düşünənlərə çatdırdı.  

Tags:  Əhməd Davudoğlunun Bakı səfərinin mesajları


RƏYLƏR


Top news