XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı
15:26 5 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin ANS PRESS-ə açıqlamasında deyib ki, Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsində son bir neçə gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu şəhid olub, 2 nəfər isə yaralanıb.

"Müdafiə Nazirliyinin məlumatına görə son günlər ərzində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, minaatan, qumbaratan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması həyata keçirilir.

Belqradda ATƏT-in 22-ci nazirlər Şurasının iclasının keçirildiyi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərinin təşkil olunduğu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar xarici işlər nazirləri səviyyəsində bəyanatla çıxış etdikləri dövrdə Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status kvonu saxlamaq məqsədi güdür".

XİN rəsmisinin sözlərinə görə, eyni ssenari üzrə rəsmi İrəvan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46.000 şəxsi heyətin və 5000 ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verib.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

XİN qeyd edib ki, əks təqdirdə, təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR