İsveç hökuməti krallığı Danimarka ilə birləşdirən ən iri körpünün bağlanması barədə düşünür

İsveç hökuməti krallığı Danimarka ilə birləşdirən ən iri körpünün bağlanması barədə düşünür
15:28 5 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 5 dekabr, AZƏRTAC
İsveç hökuməti Eresun körpüsü vasitəsilə krallığı Danimarka ilə birləşdirən avtomobil yolunun bağlanmasına dair planlarını açıqlayıb.
İsveç KİV-lərinin yazdığına görə, buna krallıqda sığınacaq axtaran qaçqınların sayının ekstremal həddə çatması səbəb olub.
İsveç İnfrastruktur Nazirliyinin nümayəndəsi bildirib ki, yeni təklif İsveçə gələn bütün ictimai və şəxsi avtomobil nəqliyyatının yoxlanmasını tələb edən qanun layihəsinin bir hissəsidir. Amma qanun layihəsi elə həmin körpüdə beynəlxalq marşrutlar üzrə hərəkət edən qatarlara şamil olunmayacaq.
İsveçin infrastruktur naziri Anna Yuhanson bu məsələ ilə bağlı nitqində körpünün bağlanmasını çox dramatik tədbir adlandırıb. Bu yalnız fövqəladə vəziyyət yarandığı halda mümkündür.
Danimarkanın paytaxtı Kopenhageni böyüklüyünə görə İsveçin üçüncü şəhəri olan Malmö ilə birləşdirən Eresun körpüsü sərnişinlər arasında çox populyardır. Bu körpü yükdaşımalarında da geniş istifadə olunur. Avropanın birləşdirilmiş ən uzun avtomobil və dəmiryol körpüsü olan Eresun körpüsü Avropanın E20 beynəlxalq avtomobil marşrutunun bir hissəsidir.
Qeyd edək ki, İsveçin miqrasiya idarəsi 2015-ci ilin sonunadək ölkədə miqrantların sayının 190 min nəfərə çatması ehtimalını elan etdikdən sonra 9,6 milyon əhalisi olan bu ölkə qaçqınlara sığınacaq verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir. Çünki belə olarsa, adambaşına düşən qaçqınların sayına görə İsveç Avropada qaçqınların sayının ən çox olduğu ölkəyə çevriləcək.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_hokumeti_kralligi_Danimarka_ile_birlesdiren_en_iri_korpunun_baglanmasi_barede_dusunur-908594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR