Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Murad Arif: "Qısqanclıq həddini aşanda..." - FOTO

Murad Arif: "Qısqanclıq həddini aşanda..." - FOTO

Date: 5 December 2015 16:27

30 yaşında özünə toy çaldırıb. Bu toyu elə planlaşdırıb ki, doğulduğu gün həm də sevdiyi qadınla həyatını birləşdirdiyi tarixin başlanğıcı olub.  Bir payız günündə baş tutan həmin toydan indi 4 il keçir. O xoşbəxt günün 300-dən artıq şahidi olub. Çoxu da şou əhli. Elə ən yaddaqalan anları da onlar yaradıblar. Bəylə gəlinə elə bir mahnı oxuyublar ki...

Publika.az-ın "Te Amo" layihəsində bu dəfə həmin toyun sahibi, teleaparıcı və müğənni kimi fəaliyyət göstərən Murad Arifin virtual başlayıb sonradan nağıla çevrilən sevgi hekayəsindən və onun sevgi haqqında fəlsəfi düşüncələrindən bəhs etmişik.
 
Qeyd edək ki, 2002-ci ildən tanınmağa  başlayıb. Hələ o vaxtdan ölkənin bir çox radio və televiziyalarında DJ və aparıcı kimi çalışır. Bir çox hitlərin müəllifidir.
 
Özüm elçi getmişəm
 

Murad Ariflə həyat yoldaşının sevgi tarixçəsi qısa və dəqiq olub. İnternet vasitəsi ilə tanışlıq çox keçmədən evliliklə nəticələnib:
 
- Onunla feysbuk vasitəsilə tanış olmuşuq. İlk dəfə orada yazışdıq. Sonra onu görmək üçün Stokholma yollandım, real həyatda da bir-birimizi tanıdıq. Elçiliyə özüm tək getdim. Toyumu etdim. Atamla aramızda 45-50 yaş fərq var. Təqaüdə çıxıb. Mənim ondan nəsə istəməyim doğru deyildi. Ona görə də hər şeyi özüm elədim.
 
Bir ömürlük həyat yoldaşımsan
 
Başa gələn çəkilər... Dalınca dünyanın o başına getdiyi qadının həyatını nağıla çevirməkdən ötrü müğənni əlindən gələni edir. Əlindən gələn ən yaxşı iş isə mahnıdır. Ona olan hisslərini mahnı ilə ifadə etməyə üstünlük verir. Həm də özünün yazdığı mahnı ilə... "Həyat yoldaşımsan", "Xəyanət etməyən kişi" mahnılarının ilham pərisi məhz həyatının qadınıdır.
 
Hər il xanımına mahnı ithaf edən kişini hansı qadın arzulamaz ki...
 
Tanınmışların həyat tərzi nümunəvi olmur. Ancaq Murad Arif hər mənada fərqlənir. Həmkarlarından fərqli olaraq o, həyat yoldaşı ilə məclislərdə görünməyi, şəkillərini tez-tez paylaşmağı sevməsə də, onu tez-tez orijinal hədiyyələri ilə  təəccübləndirir. Bu məsələdə xanımı da ondan geri qalmır:
 
- Verilişlərdən birində zarafatyana ondan hədiyyə istədim. Özü də "İphone 5S". Təbii ki, istədiyimi almadı. Ancaq daha özünəməxsus təbrik etdi. Məni "İdeal həyat yoldaşı və ən yaxşı ata" diplomuna "layiq gördü". Diplom formasında hazırlanan tortun üzərində "İdeal həyat yoldaşı və ən yaxşı ata" sözləri qeyd olunmuşdu.
 
Oğul atası Murad Arif
 

Artıq bir oğul atası Murad Arif həmin günü dünənki hadisə kimi xatırlayır:
 
- Ata olduğumu feysbuk  səhifəmdə dərhal paylaşdım. Yenicə doğulan oğlumun fotosunu səhifəmə yerləşdirdim. Çünki bu dünyaya mənim dədəm, babam, əmim, dayım, qardaşım, dostum, həyatım... OĞLUM! gəlmişdi.
 
İlk baxışda sevgi
 
İlk baxışdan sevgiyə inananlardandır. Niyə də inanmasın? Axı o da bir baxışdan anlayıb ki:
 
- İnsan öz adamına ilk baxışdan vurulur. Bunun başqa bir təyini yoxdur. O, sənin adamın olmalıdır! Bunu qəlbində hiss edirsən... Və başa düşürsən ki, o, sənə aiddir!
 
Kişi evlənəndən sonra...
 
Evliliklə müdriklik arasında maraqlı bir bağ qurub. O hesab edir ki:
 
- Evlilik kişini qismən müdrikləşdirə bilər. Ancaq kişini daha çox həyat təcrübəsi və kitablar müdrikləşdirir.
 
Ayrılıq qorxusu

 
Sevən qorxur... Ayrılıq atəşi ki, ürəyinə düşdü, sevdiyindən elə bərk yapışırsan, ömrün boyu onu buraxmaq istəmirsən. Müğənni-bəstəkar da ürəyində ayrılıq qorxusu daşıyanlardandır:
 
- Ailə həyatında uğursuzluqdan sığortalanmaq gülüncdür. İki nəfər bir yerdə xoşbəxt ola bilər. Ancaq bu bəxtəvərliyin daimi olacağına heç kim zəmanət verə bilməz. Sadəcə, sevirsənsə, ürəyində ayrılmaq qorxusu olur. Onda da axıra qədər bir yerdə olmaq istəyirsən.
 
Sevgi zəhmət tələb edir!
 
Qazandığı sevgini qorumaq, illər keçdikcə daha da alovlandırmaq elə də asan deyil:
 
- Sevgi qurban tələb etmir, zəhmət və əziyyət tələb edir. Münasibətlər üzərində işləmək lazımdır. Qurban vermək də işin tələbidirsə, vermək olar.
 
Sevgi və ağıl

 
Bəs sevgidə ağlın rolu nə qədərdir? Axı sevgi ürək məsələsidir.
 
- Sevgi ilə ağılın ümumi cəhətləri var. Ağıllı insan ağıllı sevir... Axı əvvəlcə şəxsiyyət formalaşır, sonra şəxsiyyətin tələbləri...
 
Yalnız futbol!
 
Evdə televizorun pultu kimin əlindədir? Bax bu, yəqin evdə kimin sözünün keçdiyini müəyyənləşdirməyə kömək edəcək:
 
- Əgər Dünya və ya Avropa çempionatı deyilsə, onda xanımıma güzəştə gedib onunla birlikdə seriala baxmaq olar. Xırda şeylərdə tez-tez güzəştə gedirəm. Ümumiyyətlə, münasibət varsa, kompromis də olmalıdır. Amma çempionat vaxtı yalnız futbol!
 
Xəyanət etməyən kişi
 
Xəyanətdən danışmaq istəmir. Yəqin danışa-danışa adiləşəcəyindən ehtiyatlanır. Amma düşüncələrini gizlətmir:
 
-Yer üzündə həyat yoldaşına bir dəfə də olsun xəyanət etməyən kişilər, əlbəttə, var və belələri çoxdur. Xəyanətin izini silmək, yəqin ki, mümkündür.
 
Sevgi düşməni
 
Qısqanclıq müəyyən həddən sonra sevgi düşməninə çevrilir:
 
- Qısqanclıq varsa, demək, sevgi var.  Lakin çox qısqanclıq da istənilən münasibətə təsir edir. Qısqanclıqda həddini aşan sevgi mütləq bir gün solar! Bu halda qısqanclıq sevginin düşməninə çevrilir. Bizdə hər şey məntiqlə tənzimlənir.
 
Qürur və qərəz
 
Bəs onun ağıllı, məntiqli sevgisində qürurun yeri haradadır:
 
- Qürur və qərəz sevgini hökmən zədələyir. Sevən adam qərəzli ola bilməz. Qürur isə sevgi məsələsində adama mane olur...
 
Yaxşı gündə, pis gündə...
 
Murad Arif üçün sevgi dolu bu ailənin yaratdığı hiss nə ilə müqayisə olunur görəsən?
 

- Yaxşı gündə, pis gündə bərabər ola bilmək ən ali hissdir.

Milli.Az










Tags:  Murad Arif Qısqanclıq həddini aşanda FOTO



RƏYLƏR


Top news