“Bakutel 2015” sərgi-konfransı öz işini uğurla yekunlaşdırıb

“Bakutel 2015” sərgi-konfransı öz işini uğurla yekunlaşdırıb
18:58 5 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 200-dən artıq şirkət iştirak edib. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edib. Sərginin fəxri qonağı qismində dünyanın ən nəhəng axtarış sistemi olan "Google" şirkəti öz yeni platforması ilə iştirak edib. "Cultural Institute" adlanan platforma dünyanın bütün muzey, sərgi və s. maraqlı, görməli yerlərini əhatə edir.
CERN - Avropa Nüvə Tədqiqatları Təşkilatı öz stendi ilə sərgidə təmsil olunub. Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyi İqtisadi İnkişaf Nazirliyinin İxrac İnkişaf Korporasiyası ("Dubai Exports"), Mingəçevir Yüksək Texnologiyalar Parkının ilk rezidenti olan "HTECH Invest" şirkətləri də iştirakçılar sırasında idi.
"Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında imzalanan müqavilə "Bakutel 2015" sərgisi çərçivəsində əlamətdar hadisə kimi yadda qalıb. Müqaviləyə əsasən, "Azerspace-2" peykinin 2017-ci ildə Fransanın "Ariane-5" raketi ilə fransız Qvianasından orbitə çıxarılması nəzərdə tutulub.
On səkkiz ildir 33 ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarlarına informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullarını təqdim edən "Kaspersky Laboratoriya"sı Azərbaycan şirkətləri ilə yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı qazanıb.
Ölkəmizin ev sahibliyi edəcəyi "Formula-1" Avropa Qran-pri yarışının stendi ziyarətçilərin ən çox diqqətini çəkən platforma olub. Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar, dünyanın ən böyük 100 şirkətindən biri olan Çinin "Huawei" yüksək texnoloji xidmətləri, Almaniyanın proqram təminatı və biznes həllərinin istehsalçısı olan SAP şirkətinin "Smart Azərbaycan" adlı innovativ layihəsi, ABŞ-ın "CISCO Systems" şirkətinin IP-telefoniya sistemləri, "Internet of everything", simsiz şəbəkə, data mərkəzlər üzrə həlləri sərgiyə marağı artırıb.
Ümumiyyətlə, "Bakutel 2015"in iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərgidə informasiya texnologiyaları sahəsi üzrə yeni nəsil və milli genişzolaqlı internet üzrə həll variantları, 4-5G mobil texnologiyalar, fiber-optik və "bulud" texnologiyaları üzrə xidmətlər, "Elektron hökumət", "Smart Azərbaycan" layihələri üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi məhsulları nümayiş olunub.
BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Qeyd edək ki, sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətləri çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakutel_2015_sergi_konfransi_oz_isini_ugurla_yekunlasdirib-908646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR