Hərbi sahədən yazan jurnalistlər üçün təşkil olunan təlimlər başa çatıb

Hərbi sahədən yazan jurnalistlər üçün təşkil olunan təlimlər başa çatıb
19:23 5 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün həyata keçirilən “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” layihəsi çərçivəsində təşkil olunan təlim kursları başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar dekabrın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdə təlim iştirakçılarına diplomlar təqdim olunub.
Əvvəlcə layihə ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Əflatun Amaşov bildirib ki, layihə çərçivəsində 50-dən çox təlim və seminar keçirilib. Həmin təlim və seminarlara Müdafiə Nazirliyinin 40-dək mütəxəssisi və eksperti cəlb olunub. O, hərbi sahədən yazan jurnalistlərin təcrübələrinin artırılması baxımından təlimin əhəmiyyətini xüsusi vurğulayıb.
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev uğurla icra olunan layihə çərçivəsində keçirilən təlimi hərbi jurnalistlərin formalaşdırılması ilə bağlı atılan ilkin addım kimi dəyərləndirib. Bildirib ki, son iki ildə ordumuzda aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Bütün bunlar qələbəmizi daha da yaxınlaşdırır. Ordu haqqında cəmiyyətə dürüst, qərəzsiz informasiyaların verilməsi önəmli məsələlərdən biridir. Media cəmiyyətin inkişafında və formalaşmasında, ordu quruculuğu prosesində mühüm rol oynayır.
Layihənin hərbi jurnalistika sahəsinə dair bütün məqamları əhatə etdiyini deyən idarə rəisi Müdafiə Nazirliyinin belə tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğulayıb.
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və professoru Cahangir Məmmədli də təlimin əhəmiyyətindən danışıb, layihə iştirakçılara uğurlar arzulayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ictimaiyyətlə Silahlı Qüvvələr arasında münasibətlərin son vaxtlar daha da genişləndiyini bildirib. O, təlimdə jurnalistlərin qazandığı təcrübə və biliklərin nəticəsinin səmərəli olacağına əminliyini vurğulayıb. Diqqətə çatdırıb ki, qazanılan təcrübə, əldə olunan nəzəri biliklər qısa müddətdə praktikada həyata keçiriləcək. Müdafiə Nazirliyinin rəhbərliyi belə layihələri fəal dəstəkləyir.
Layihə rəhbəri Əlsəfa Mehdiyev KİV təmsilçiləri üçün ilk dəfə təşkil olunan kursların ekstremal şəraitdə işləyən jurnalistlərin özlərini qoruması, cəmiyyətə düzgün informasiya çatdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, layihə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi, təcrübi və psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan media nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlib.
Diqqətə çatdırılıb ki, təlimin nəzəri hissəsi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində, praktiki hissəsi isə poliqon şəraitində keçirilib. Əvvəlcə Mərkəzdə silah-sursatın taktiki-texniki xüsusiyyətləri öyrənilib, akkreditasiya qaydaları, ekstremal jurnalistika təcrübəsi, müxbirin ekstremal şəraitdə davranış metodları tədris edilib.
Müdafiə Nazirliyinin poliqonunda təşkil edilən praktiki təlimdə isə döyüş meydanına oxşar şərait yaradılıb və burada qarşıya çıxa biləcək təhlükəli vəziyyətlərdə davranış normaları, müşahidə aparmaq və informasiya toplamaq qaydaları barədə məlumat verilib. Təlimdə 50-dən çox jurnalist və tələbə iştirak edib.
Sonda təlimin iştirakçılarına diplomlar təqdim olunub.
Diplom alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.
Ölkəmizdə KİV təmsilçiləri üçün ilk dəfə keçirilən təlimlər “Dinc Dünya” Araşdırmalar Mərkəzinin reallaşdırdığı “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” layihəsi çərçivəsində təşkil olunub. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurası tərəfindən dəstəklənib.










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Herbi_saheden_yazan_jurnalistler_uchun_teskil_olunan_telimler_basa_chatib-908662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR