Körpüsüz qalan kənd və ya Ağçaydan keçə bilməyən alıcqışlaqlılar...

Körpüsüz qalan kənd və ya Ağçaydan keçə bilməyən alıcqışlaqlılar...
20:17 5 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

"İçərisində kənd sakinlərinin olduğu başqa avtomobil isə çaya düşüb. Maşında olan 3 nəfərdən 2-si yaxşılaşsa da, 1 nəfərin vəziyyəti qənaətbəxş deyil". 

Xaçmaz rayonunun Alıc-Qışlaq kəndinin sakinlərinin kəndə gediş-gəlişində problem yaranması barədə 14 may 2015-ci il tarixli sayında məlumat vermişdik. Məlumat üçün deyək ki, sakinlər kəndə gediş-gəlişlərini Ağçay çayının içindən keçməklə həyata keçirirdilər ki, bu sonradan ciddi problemə çevrilib. Onlar bu barədə bizimlə söhbət zamanı narahatlıqlarını dilə gətirmişdilər. Sakinlərin dediyinə görə, ötən ilə qədər Ağçay çayından (avtomobillərin keçdiyi çay yolunun yaxınlığından) avtomagistral yolun çəkilməsi üçün, bəlkə də, 2-3 min maşınlıq daş çıxarılıb. Bundan başqa, sel nəticəsində çayın yatağı daha da dərinləşib. Həmin əraziyə bənd çəkilərək müvəqqəti təhlükədən sığortalansa da, nəticədə avtomobillərin gediş-gəlişi üçün istifadə edilən çay yolu daha da dərinləşərək bir neçə metr çöküb və avtomobillərin keçidini mümkünsüzləşdirib. Üstəlik, piyadalar üçün salınmış körpü də selin nəticəsində dağılıb. Yaxınlıqdakı qəbiristanlığın da çökmə təhlükəsi yaranıb.

Qonşu Qaraçay-Zeyid kənd sakinləri ilə birgə həmin yoldan ümumilikdə 3-4 min sakin istifadə edirmiş. Sakinlər bildirdilər ki, əvvəlki yolla rayon mərkəzinə məsafə 11 kilometr imiş, amma indi istifadəyə məcbur qaldıqları yol 40 kilometrdir, üstəlik, daşlıq yoldur.

Bir yay rayon rəhbərliyi səviyyəsində iş görülərək çayın üzərinə beton konstruksiyalı panellər atmaqla kəndə gediş-gəliş təmin olunub. Amma bir neçə ay əvvəl çaya sel gələrək həmin panelləri də yuyub aparıb.

Yaranmış vəziyyətlə bağlı kənd sakini Çingiz Nəzərov bizimlə söhbətində bildirdi ki, ildə 2 dəfə çaya sel gəlir və 1 saniyədə 32-36 kubmetr su axır. Amma qoyulan panellər isə 1 saniyədə 8 kubmetrlik su üçün davamlıdır: "Buna görə də panellər su axınına davam gətirə bilmədi və çökdü".

Kəndin 87 yaşlı sakini Əkbər Mustafayev kəndə qaz verilişi münasibətilə keçirilən tədbirdə rayon rəhbərliyinə vəziyyəti bildirdiklərini dedi: "Bizə cavab verildi ki, körpünün inşası üçün vəsait yoxdur".

Digər kənd sakini İsmət Balayev də vəziyyətin təhlükəli olduğunu bildirdi: "Hərbi xidmətdə olan övladım məzuniyyətə çıxıb gecə evə gələndə onu gətirən avtomobil az qalmışdı ki, çaya düşsün. İçərisində kənd sakinlərinin olduğu başqa bir avtomobil isə çaya düşüb. Maşında olan 3 nəfərdən 2-si yaxşılaşsa da, 1 nəfərin vəziyyəti qənaətbəxş deyil. Çayın dərinliyi təxminən 5-6 metr olar. Kür çayının yatağına bənzəyir".

Problemlə bağlı Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri, Rayon İcra Hakimiyyəti başçısının I müavini Yetkin Mehmanovla əlaqə saxladıq. Onun məsələ ilə bağlı sualımıza cavabı belə oldu: "Sakinlər körpünün çökməsini gündəmə gətirsələr də, tarixən rəsmiyyətdə orada körpü olmayıb. Sadəcə, daxili imkanlar hesabına orada beton konstruksiyalı panellər qoyulub və sel nəticəsində belə vəziyyət alınıb. Əsaslı körpü üçün isə kifayət qədər vəsait lazımdır, hazırda bu mümkün görünmür. Amma oradakı vəziyyət FHK-nın nəzarətindədir. Çaya texnika cəlb olunaraq, rahat gediş-gəliş üçün yararlı hala gətiriləcək".

Biz də bu vəziyyətin tezliklə qaydasına düşəcəyini və sakinlərin səbirlə və qəzasız Ağçay sınağından çıxacağına ümid edirik.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR