Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində Xalq Şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş musiqili-bədii tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova çıxış edərək Bəxtiyar Vahazadə yaradıcılığının Azərbaycan ədəbiyyatında yeri və əhəmiyyəti haqqında danışıb.
Qeyd olunub ki, Bəxtiyar Vahabzadə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim olmaqla yanaşı, könüllərdə taxt quran müəllim və layiqli vətəndaş olub. Xalqın ən ağır günlərində onun yanında olaraq fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən, ana dilimizin qoruyucusu və təbliğatçısı kimi tanınan şairin adı Azərbaycan ziyalılarının sırasına qızıl hərflərlə həkk olunub.
Sonra tələbələr ədibin şeirləri və sözlərinə bəstələnmiş mahnıları səsləndirib, “Özümüzü kəsən qılınc” pyesindən səhnəciklər təqdim ediblər.