Nura: “Azərbaycan Dubayı keçəcək” - MÜSAHİBƏ

Nura: “Azərbaycan Dubayı keçəcək”  - MÜSAHİBƏ
20:59 5 Dekabr 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

“Obamadan heç xoşum gəlmir”

Nuranın (Aynurə Suri) müğənni kimi nə qədər uğur qazanıb-qazanmadığını deyə bilmərəm. Ancaq Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibəsi zamanı onun intellektual səviyyəsi üzə çıxdı. Siyasətçi olmasa da, hər halda bu mövzuda bilikləri var. Onunla xeyli söhbətləşdik. O qədər çox söhbətləşdik, deyəsən, hətta onunçün yeni olan siyasi suallardan da bezdi. Qucağında sonuncu övladını tutan Nura müsahibənin sonuna yaxın hətta “uşaq da sənə tərs-tərs baxır, deyir mamama nə çox sual verirsən” də söylədi...

- “Eurovision”u siyasət, yoxsa mədəniyyət yarışması sayırsınız?

- Hər ikisindən sayıram. Çünki bu yarışmaya bütün dünya baxır. Ancaq “Eurovsion”da səs, vokal və s. vacib amillər deyil. Bunun üçün başqa müsabiqələr var. Əgər belə müsabiqə olsa, ora göndərilə biləcək çoxlu sayda istedadlı müğənnilərimiz var – istər gənclər arasında, istər yaşlı nəsil, xalq artistləri arasında. Məsələn, Alim Qasımovu hansı yarışmaya göndərsən, üzümüzü ağ edəcək. Amma “Eurovision” elə müsabiqə deyil. Bu yarışmaya getmək üçün müğənnidə səs lazım deyil. Məsələn, Kalamira. Məgər onun dörd oktavalıq səsi var idi? Yox. Sadəcə, şirin olduğuna, yadda qalan mahnı ifadə etdiyinə görə çoxlarının rəğbətini qazandı. Bəlkə bundan öncə “Eurovision” Yunanıstanda keçirilməsəydi, Kalamira qalib gələcəkdi. Əgər səsə görədirsə, onda bu yarışmaya öz sözünü demiş müğənnilərimizi göndərək. Onların heç biri seçim turuna da gəlməyib. Hansı ki, “mənəm-mənəm” deyib döşlərinə döyürlər. Mən seçim turunda gənclərdən başqa heç kimi görmədim. “Yeni ulduz”, “Azəri-star”dan çıxan, addımlarını yenicə atan ifaçıları gördüm. Qeyd etdiyim kimi, öz sözünü demiş müğənnilərin heç biri gəlməmişdi. Eləsi vardı, deyirdi “seçim turuna getmirik, bizi tanıyırlar, istəsələr özləri dəvət edərlər”. Bəziləri isə “toylarımız var”, - deyirdilər. Bunlar da ölkəsini fikirləşməyən insanlardır.
Mən bir söz deyirəm, sözümün də üstündə duracağam: 2009-cu ildə də olmasa, 2010-cu ildə namizədliyimi irəli sürərək “Eurovision”a getməkdən ötrü əlimdən gələni edəcəyəm. Sadəcə, yeni ana olmuşam, ancaq ailəmlə birlikdə olmuşam, işləməyə yenicə başlamışam. Bunu özümü sübut etmək üçün demirəm. Məsələn, orada mətbuat konfransı keçirilsə, danışmağa dilim də var, dilçəyim də. Öz ölkəm haqqında məlumatım var, ən azından 4-5 dil bilirəm. Bunları da nəzərə almaq lazımdır. Öz zövqümə, görünüşümə də inanıram. Yaxşı məşq edib çalışsam, ilk “onluğa” daxil olacağam. Bu sözləri Natəvan və Elnarə haqqında da söyləmək olar. Onlar da ingilis dilini bilirlər.

- Təsəvvür edək ki, “Eurovision” müsabiqəsi çərçivəsində mətbuat konfransı keçirilir. Azərbaycanı 5-6 cümlə ilə necə tanıdarsınız?

- Azərbaycan haqqında o qədər deyiləcək söz var ki, qısaca tanıtmaq fikrində deyiləm. Əgər mətbuat konfransı olacaqsa, orada söz tapıb deyəcəyəm. İndidən planlarımı nə üçün açıqlamalıyam ki, başqası gedəsi olsa istifadə etsin (gülür). Bu məsələdə eqoistliyimi göstərirəm.

- Nuranın fikrincə, Azərbaycan dünyada daha çox hansı göstəricisinə və ya göstəricilərinə görə tanınır?

- Azərbaycan öz musiqisi, nefti, iqlimi ilə tanınır. Bu dəqiqə dünyada neftlə, iqtisadiyyatımızla tanınırıq. Əvvəllər SSRİ-nin tərkibində olarkən bu haqda çox da geniş məlumat vermirdilər. Ancaq Sovetlər Birliyinin daxilində ola-ola öz musiqi və musiqiçilərimizlə tanınmışıq. O vaxtlar dünyada Rəşid Behbudov, Zeynəb Xanlarovanın oxuduqları ilə tanınmışıq.

- Azərbaycanın hazırda yürütdüyü xarici və daxili siyasəti ilə nə dərəcədə maraqlanırsınız? Ümumiyyətlə, bu mövzuda nə deyə bilərsiniz?

- Azərbaycanın xarici və daxili siyasəti göz qabağındadır.

- Siz bunu necə görürsünüz?

- Göz qabağındadır da... Siz necə görürsünüzsə, mən də elə görürəm. Mən də sizin kim vətəndaşam. Deputat deyiləm ki, durum deyim filan şey belədir, filan şey elə. Özünüz də görürsünüz ki, nə qədər nailiyyətlər qazanılır. Bütün günü televizorda göstərirlər. Hər şeyi qoysaq qırağa, təkcə idmançılarımızın Olimpiadada qazanılan medallar. Ancaq elə şeylər var ki, mən onlar haqqında danışa bilmərəm. Deyəcəklər ki, başından böyük danışır.

- Tünzalə Ağayeva, Ədalət Şükürov çox rahat danışdı...

- Onların öz yolu var. Məsələn, Tünzalə deputat olmaq istəyir. Bir şey də var ki, mən niyə intellektual səviyyəmin necə olmasını kiməsə sübut etməliyəm?

- Gürcüstanda baş verən son hadisələrdən xəbəriniz var?

- Əlbəttə! Rusiya Gürcüstana təcavüz etmişdi də.

- Müharibə oldu?

- Nə müharibə? Osetinlərlə olan ölkədaxili hadisələr müharibə deyildi. Müharibə Azərbaycanda baş verib, Ermənistanla bizim aramızda. Torpağımızı təcavüz nəticəsində alıblar. Ancaq Gürcüstandakı fərqli idi. Onlar – osetinlər öz azadlıqlarını istəyirlər, Gürcüstandan ayrılmaq istəyirlər. Buna ölkədaxili münaqişə, çaxnaşma deyərdim, müharibə yox. Əlbəttə ki, ruslar bizə qarşı olduğu kimi bu dəfə də burunlarını soxub öz işlərini gördülər.
Ermənilər isə, təkcə bizimlə deyil, çoxu ilə dava edir. Ermənilərlə bizim aramızda əsl müsəlman-xristian davası gedir. Mən görmədim ki, ermənilər xristianlarla müharibə etsin, onlarınkı gah bizimlə, gah da türklərlədir.

- Ancaq İslam ölkəsi olan İranla münasibətləri kifayət qədər xoşdur...

- Mən buna inanmıram. Əgər belədirsə, biz özümüz-özümüzə qarşı gedirik. Çünki İranda ən az 28 milyondan çox azərbaycanlı yaşayır. Bu, 3-4 il əvvəlin rəqəmidir. Bu ölkədə farslar azlıq təşkil edir. Əgər onlar ermənilərin tərəfini saxlayıb, onlarla isti münasibətlər qururlarsa, deməli özümü-özümüz haqda pis demiş oluruq. Deməli, biz millət kimi özümü-özümüzü təhqir etmiş oluruq. Ona görə də bu haqda bir söz demək istəmirəm.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin necə başlandığını bilirsinizmi?

- Ermənilər bizim ölkədə yaşaya-yaşaya öz planlarını qurmuşdular. Onlar bizdən Qarabağı istəyirdilər. Biz indi dünyaya sübut etməliyik ki, Dağlıq Qarabağ doğrudan da bizim olub.

- Sübut edə bilmişik?

- Ermənilərin diqtə etdiyi Fransa kimi ölkə hələ bu il qəbul etdi ki, “erməni soyqırımı” olmayıb. Mənə o təsir edir ki. Qarabağ, Şuşa və digər yerlər bizim ola-ola, müdafiə olunuruq. Dolmadan tutmuş balabana qədər hamısını özlərininki kimi təqdim edirlər. Ermənilər bizim təkcə torpaqlarımızı deyil, mədəniyyətimiz də daxil olmaqla hər şeyimizi mənimsəmək istəyirlər.

- ATƏT-in Minsk qrupunun münaqişənin həllində rolunu necə qiymətləndirirsiniz?

- Mən siyasətçi deyiləm axı...

- Hər halda Minsk Qrupun xəbəriniz var. Bu mövzuda fikirləriniz maraqlı olardı.

- Əlbəttə xəbərim var. Metyu Brayza səhərdən axşamacan televizordadır, cavan oğlandı.
Bilirsiniz necədi... Kim nə edirsə, öz mənafeyini güdür. Metyu Brayzadan tutmuş Türkiyənin Gülünə qədər hamı öz mənafeyini güdür. Hamı guya “köməklik etmək” görüntüsü yaradır. Ancaq sizi inandırıram ki, bunlar hamısı bizim “qara qızıl”ın başında duran şeylərdir. Bu mənə Hitlerin Azərbaycanı tort şəklində kəsib yeməyini xatırladır. Küveyt necə ABŞ-ın marağındadırsa, biz də eləcə hamının marağındayıq. ABŞ Küveytdə istəyinə nail oldu, İraq da göz qabağındadır, heç deyiləsi deyil. Bütün bunları bizə qarşı edə bilmirlər. Çünki ruslar var, türklər var, Avropa var. Ancaq hamı bizi öz mənafeyinin xeyrinə şirnikləndirmək istəyir. Təkcə türklərə inana bilərəm. O da ona görə ki, onlar da müsəlmandır, qonşuyuq və eyni dildə danışırıq, bir-birimizə hörmətimiz var. Onların səmimiyyətinə inana bilərəm. Türkiyənin 80 milyonluq əhalisi var, ancaq nefti yoxdur. Onlar iqtisadiyyatı trikotaj, ərzaq və s. üzərində qurublar. Ancaq bizə baxın, sayımız onlardan azdır, neftimiz, qara kürümüz, 11 iqlimin 9-u və s. var. Bizdə nə istəyirsən torpağa at, bitəcək. Zəfəranımız nəyə desən, dəyər. Biz çox zənginik. Bu zənginliklə dünyanın diqqətini cəlb etmişik.

- Son vaxtlar Ermənistan-Türkiyə münasibətlərində istiləşmə olduğunu deyənlər var. Bu barədə də fikirləriniz maraqlı olardı.

- Bu, istiləşmə deyildi. Bu bilirsiz nədi,... ermənilər orda-burda deyirlər ki, onlara qarşı “soyqırımı” olub. Elementar olaraq, “Eurovision”da türklər ermənilərə səs verəndə mən də əsəbiləşirəm. Ancaq bu, bir siyasi addımdır. Onlar da Avropada yerini tutmaq istəyir ki, terrorist kimi baxmasınlar, pis gözlə baxmasınlar. İndi müsəlmanların adı pisə çıxıb. Ərəblər, iranlılar, türklər haqqında yaxşı danışmırlar. Ona görə də türklərin ermənilərlə o cür davranmağı bir siyasətdir. Mən inanmıram ki, onlar Atatürkün qoyduğu yolla getməsinlər. Bizdə necə Heydər Əliyev, onlarda da Atatürkdür. Ermənilər kimə lazımdır ki, onlarla isti münasibət qursunlar? Axı ermənilərin nəyi var? Ancaq əsas odur ki, yaxşı elə yaxşı kimi də qalsın, pis onsuz da pisdir, pis də qalacaq.

- Necə düşünürsünüz, Türkiyə Ermənistanla sərhədlərini açacaq?

- Buna inanmıram.

- Türkiyə sərhədləri açmasa onları Avropa Birliyinə qəbul edərlərmi?

- Doğrusu, Türkiyənin siyasətilə o qədər də maraqlanmıram. Təkcə bir şeyi deyə bilərəm. Əgər kimsə kimisə harasa qəbul etmək istəyirsə, bunun üçün “priçina” lazım deyil. Əgər qəbul etmək istəmirsə, bir şey tapıb deyəcək.

- Bayaqkı suala qayıdaq. Azərbaycanın daxili və xarici siyasətini necə qiymətləndirirsiniz?

- Bizdə çox gözəl siyasət yürüdülür. Yollara, küçələrə baxaq... Hər yer işıqlandırılır, yollar düzəldilir, köhnə evlər yenilənir, üstü ağardılır. Əvvəlki kimi nə işıq, nə su, nə də qaz kəsilir. Hətta ucqar kəndlərdə də vəziyyət yaxşıdır. Təqaüdləri artırıblar. Ümumiyyətlə, hər şey eləyiblər və eləyə-eləyə gedirlər. Bunlar daxili siyasətdir. İndi bütün dünyadan Dubaya gedirlər. 5 ildən sonra Azərbaycan inkişafına görə Dubayı keçəcək.
Bakı şəhərini genişləndirəcəklər, dənizin üstündən körpü salınacaq. Fikrimcə, şəhəri genişləndirməyin bir yolu da var, Sumqayıtı Bakıya birləşdirsələr, şəhər xeyli genişlənər.

İndi ölkədə hərtərəfli inkişaf gedir - “Eurovision” bir tərəfdən, Olimpiada o biri tərəfdən. Siyasət tərəfi mənlik olmadığına görə, ona toxunmuram.

- Ucqar kəndlərdən xəbərləri necə alırsınız?

- Biz müğənnilər seçkiqabağı konsertdə iştirak etmək üçün bölgələrə gedirdik. Yevlaxda olanda hər şeyi gördüm. Bilirdim ki, əvvəllər bu rayonda vəziyyət necədir. İndi isə adamlarla danışanda durumun yaxşılığa doğru dəyişdiyini gördüm. Heç o adamlar deməsin, televizorda baxıb görürəm ki, ucqar kəndlərdə məktəb də, olimpiya kompleksləri də tikilir. Təqaüdə gəlincə, mənim valideynlərim hərbiçidir. Atamın pensiyası bəlkə də ən yaxşı xarici firmada işləyənin maaşı ilə eyni səviyyədədir. Bacımın yoldaşı hərbçidir, qardaşım da hərbi akademiyada oxuyur. Yəni bilirəm ki, nə var, nə yox. Anam da Qarabağ əlilidir. Yəni mən gördüyümü deyirəm. Görürəm ki, hər il maaşları da, təqaüdləri də artırırlar.

- Sumqayıtın Bakıya birləşdirilməsini istəyirsiniz. Paytaxtın başqa şəhərə köçürülməsilə bağlı söhbətlər də gəzir. Bu barədə nə deyə bilərsiniz?

- Yox, mən paytaxtın başqa şəhərə köçürülməsini istəmirəm. Bilirsiz, paytaxt heç də ölkənin ən yaxşı şəhəri olmur. Məsələn, paytaxt Ankara olsa da, Türkiyənin ən yaxşı şəhəri İstanbuldur. İndi Bakıda çox yerdə tapılmayan modellərin məhsulları var. Bakını gəzəndə görürəm ki, bura ticarət mərkəzidir. Fikrimcə, paytaxt köçürülə bilər. Ancaq indi bunu etməzlər, ehtiyac yoxdur.

- Yenidən siyasətə qayıdaq. Azərbaycan xarici siyasətində qərbə meyl göstərməlidir, yoxsa Rusiyaya? Bəlkə balanslaşdırılmış siyasət davam etdirilməlidir?

- Nəzərə alaq ki, dövlət kimi çox gəncik. Mən ruslara daha çox güvənirəm, nəinki Amerikaya. ABŞ-ın çox qəribə və maraqlı siyasəti var. Onlar bütün dünyanın ağlından istifadə edir. ABŞ-ın hansısa kampaniyasında, onların Milli Məclisində bütün xalqların nümayəndələrindən var - yapondan tutmuş yəhudiyə qədər. Deməli, onlar bütün ölkələrin başbilənlərini yığıb onlardan istifadə edir. Ancaq ruslar öz ağılları ilə getməyə çalışıblar. Bir də, ruslar çox sadə millətdir. Düzdür, onlar Çeçenistanda o cür oyunlar çıxardı, Gürcüstana təcavüz etdi, ermənilərlə müharibəmiz zamanı bizimkilərin çoxunu ruslar öldürdü. Mən bunların hamısını başa düşürəm, bilirəm ki, ruslar o qədər də yaxşı deyil. Ancaq ABŞ-la müqayisədə onlar yaxşıdır. Çünki ABŞ İraq və başqa yerlərdə daha dəhşətli işlər görür. Ruslara daha çox güvənərdim.

- Rusiya, yoxsa ABŞ daha demokratik ölkədir?

- Bununla bağlı heç nə deyə bilmərəm. Çünki bu haqda heç düşünməmişəm də.

- ABŞ-da keçirilən seçkiləri izləyirdiniz?

- Obamanı deyirsən? Ondan heç xoşum gəlmir.

- Rəngindən xoşunuz gəlmir?

- Yox, rəngdən söhbət getmir. Onun danışmağı, davranışı heç xoşuma gəlmir. Guya ki, xalqa çox yaxındır, sadədir. Ancaq elə olmalı deyil. Prezident şahdır və şah kimi də olmalıdır. İdarə edən xalqın içinə gəlib “mən də sizlərdən biriyəm” deyə bilməz. Sən də “prostoy narod”sansa onda xalqı necə idarə edə bilərsən? Sadə xalq sadə xalqdır, şah da şahdır, vəzir də vəzirdir. Şah özünü şah kimi aparmalıdır ki, adam baxanda vahiməyə gəlsin. Obama hara, prezidentlik hara?

- Sizcə kim seçilsəydi, daha yaxşı olardı?

- Bu məsələ mənə o qədər də maraqlı deyil . Ancaq orada namizədlərdən biri qadın idi. Əgər qadın olsaydı, maraqlı olardı. Mən həmişə deyirəm ki, dünyanı qadınlar idarə edir. Prezidentlərin məsləhətçiləri 90% hallarda qadınlar olur. Evdə uşaq da böyüdəndə anaya daha yaxın olur. Məncə ABŞ-ın prezidenti qadın olsaydı, daha yaxşı olardı. Qadın anadır və yəqin ki, müharibəyə də can atmazdı. Kişilər qəddar olur.

- Obamanın müsəlman olduğu deyilir...

- Mən inanmıram, onda müsəlmançılıqdan əsər-əlamət yoxdur. Bu adam idarə edənə oxşamır eee. Məndən heç ki inciməsin, Obama bilirsiz kimi xatırladır? O mənə Elçibəyi xatırladır.

- Elçibəyi necə xatırlayırsınız?

- Nə Robin Qud, nə Koroğlu mənim qəhrəmandır. Çünki onlar varlıdan oğurlayıb kasıblara verib, deməli bunun tərkibində haram var. Mənim qəhrəmanım Janna d Arkdır, Xurşudbanu Natəvandır. Tutaq ki, bir kasıb gəlsin dövlətin başına. O dövləti necə idarə edəcək? Bunu kasıb edə bilməz. Məsələn, Putindən də xoşum gəlir. Onun danışığı, təmkini. Həm də ona görə ki, bizim prezidentə hörmətlə yanaşır.

- Bəs Medvedyev?

- (gülür) Elə Medvedyev də Putinin adamıdır da... Onlar eyni partiyadandır, çoxluq onların tərəfindədir

- Partiya demişkən, Azərbaycanda iqtidar-müxalifət dialoqunun aparılmasına ehtiyac varmı?

- Bizdə müxalifət çox zəifdir. Bu isə ölkə üçün yaxşı deyil. Ümumiyyətlə müxalifət yoxdur.

- Müxalifət yoxdur, yoxsa zəifdir?

- Zəifdir. O qədər zəifdir ki, yox kimi görünür. Hazırda indiki hakimiyyətə və prezidentə alternativ yoxdur.

- Müxalifətdən kimləri tanıyırsınız?

- İsa Qəmbər, Etibar Məmmədov. (Bu yerdə Nura xanım Nemət Pənahlının saqqallını və nümayişlərdə çıxışını xatırladaraq Pənah Hüseynin də adını çəkir. Sonradan onun Nemət Pənahlı olduğunu deyirik). Səhv etmirəmsə, Nemət Pənahlı indi həbsxanadadır.

- Sonuncu prezident seçkilərində İlham Əliyevdən başqa hansı namizədləri tanıyırdınız?

- Birinin şəklini görmüşdüm, altından “Fazil” yazılmışdı. Familiyası yadımda deyil.

- Hafiz Hacıyev də namizəd idi, onu tanımırsınız?

- Yox.

- Bəs İqbal Ağazadəni?

- Onu da tanımırdım.

- Qüdrət Həsənquliyevlə Qulamhüseyn Əlibəylini necə?

- Yaxşı da (gülür). Doğrudan deyirsən, bunlar hamısı namizəd idi, yoxsa zarafat edirsən?

- Yox, hamısı prezidentliyə namizədlər idi.

- Yəqin müxalifət olmayıblar, ona görə də tanımırdım.

- Şou-biznes nümayəndələri arasında olduğu kimi, siyasi xadimlər arasında da qalmaqallar, mübahisələr olur. Onların hansısa bir bənzərliyini görürsünüzmü?

- Bənzərlik var.

- Ad çəkə bilərsiniz? Sizə hansı siyasətçi hansı müğənnini xatırladır?

- İsa Qəmbər Vasif Məhərrəmlini xatırladır (gülür).

- Saçına görə?

- Həm saçına görə, həm də hərəkətləri oxşayır.

- Bəs Etibar Məmmədov kimi xatırladır?

- Etibar Məmmədov Elarizi xatırladır. Onların danışmağı bir-birinə oxşayır.

- Tərsinə deyək. Müğənnilərdən hansı biri siyasi xadimləri xatırladır? Məsələn, Röya siyasətçilərdən kimi xatırladır?

- Röya heç kimi xatırlatmır. Röya elə Röyanı xatırladır. Ancaq Tünzalə Qənirə Paşayevanı xatırladır. Onlar yerlidir. Danışıqları da oxşayır. Özü də deputat olmaq istəyir, yəqin ki, olar, uğurlar arzulayıram.

- Siz özünüz necə, deputat olmaq istəmirsiniz?

- Yox. Mən kimsəsiz uşaqlar, qocaların müdafiəçisi olmaq istərdim...



Pərvin ABBASOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR