Adı nə olur-olsun, hamısı qumardı...

Adı nə olur-olsun, hamısı qumardı...
21:17 5 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Qumarın bildiyimiz və bilmədiyimiz onlarla, yüzlərlə növü var. Heç şübhəsiz ki, bundan sonra da çeşid-çeşid qumar növləri "kəşf" ediləcək. Amma şəkli necə olursa-olsun, o məşhur misalda deyildiyi kimi, xər elə həmin xərdi, amma çulu digərdi. Qumar qumardır, istəyirsiniz adını aşıq-aşıq oyunu qoyun, istəyirsəniz lotereya, istəyirsəniz at yarışı, istəyirsəniz idman lotosu, istəyirsəniz futbol proqnozu, istəyirsəniz it boğuşdurmaq.., əlqərəz, başını necə bəzəyirsəniz-bəzəyin, mahiyyəti eynidir. 

Türkiyə telekanalları bəh-bəhlə reklam edirlər ki, builki ilsonu ikramiyyəsi 55 milyon lirədir.İkramiyyə deyəndə, ola bilsin ki, çoxları təəccüb elədilər ki, bu nə sözdür. Əslində elə biz özümüz də bu sözü ilk dəfə eşidəndə çox təəccüb elədik. Çünki bu xəbərdə böyük bir xəta var. Belə ki, onlar ikramiyyə deyəndə lotereya uduşunu nəzərdə tuturlar. Lotereya uduşunun da ikramiyyə adı ilə ortaya çıxarılması heç doğru-düzgün məsələ deyil. Çünki bu söz Allah-Təalanın ən gözəl adlarından olan Kərimlə eyni kökdəndir, yəni yaxın mənanı daşıyır, amma burada Allahın sevmədiyi, hətta haram buyurduğu bir əməlin adıdır. Yəni qumaq hara, ikram hara?! Heç olmasa bizim kimi uduş, şans, nə bilim daha bu kimi başqa bir ad qoysaydılar, məsələ bu qədər qəliz olmazdı. Amma günah əməl işləyəsən, adını da Allah adına yaxınlaşdırasan, bu daha ədəb-əxlaq çərçivəsindən çıxır. Çünki klassik ədəbiyyatda ikram - Allah rizasını qazanmaq niyyətiylə ehtiyac sahibinə təmənnasız olaraq verilən yardımdır, dəstəkdir. Lotereya uduşuna, yəni qumara ikramiyyə adı vermək əxlaqa, mənəviyyata xəyanətdir.

***

"Qumar" deyəndə çoxlarının ağlına ancaq kartla pul udmaq və ya uduzmaq gəlir. Bu məfhum əslində çox geniş sahələri əhatə edər. Telekanallarımız demək olar ki, hər gün qumarın müxtəlif növlərini təbliğ edir, insanımız da qumarla bir şey udub hansısa probemini həll etmək haqda düşünür.

Bütün lotereya oyunları dinimizə görə, haramdır. Bunu Allah-Təala Qurani-Kərimda bildirir:

Ey iman edənlər! Şərab, qumar, tikili daşlar (bütlər) və şans oxları hər birisi şeytan əməli pisliklərdir. Onlardan uzaq durun ki, qurtuluşa yetişə biləsiniz. (Maidə surəsi-90)

İslam dini ortaya mal və ya pul qoyaraq oynanan bütün şans oyunlarını haram buyurub. Bu oyunlara qatılmaq da haramdır, ordan udulan mal da, pul da. Təsəvvür edin ki, 50 min lotereya satılır və qarşılığında bir mənzil uduşa çıxarılır. O, 50 min lotereyadan, yəni 50 min adamdan birinin udması üçün 49999-nun uduzması qaçılmazdır.

Qəribədir, əslində qəribədən daha çox ağrıdıcı, üzücü gerçəkdir ki, xalqın tanınmış adamları bilərəkdən, ya bilməyərəkdən bu haramlara alət olurlar. Əgər şübhə edən varsa, gedib inandığı din adamından soruşsun. Allahdan qorxan, dinimizdən başı çıxan bir nəfər də o lotereya oyunlarına haqq qazandırmaz.

Lotoya, lotereyaya, at yarışlarına, idman yarışlarına uduş məqsədiylə pul qoymaq qumardır. Yəni lotereya bileti almaq üçün pul verməyimiz günahdır. Kimsə durub deməsin ki, mal da, pul da mənimdir, istədiyimi kimi xərcləyərəm, qumar da oynayaram. Belə düşünən və danışan o qədər insan ömrünü aclıq və səfalət içində başa vurub ki, saymaqla qurtarmaz. Malın da, mülkün də, hər şəyin sahibi Allahdır və birinə verib, o cür sınağa çəkir, birini də kasıblıqla, ehtiyacla imtahan edir. Biz sahib deyilik, əmanətçiyik və əmanətə qarşı necə davranırıqsa, ona uyğun da davranış görəcəyik.

***

Hələ İslamiyyətə qədər də ərəblər arasında buna bənzər qumar növləri geniş yayılmışdı, dinimiz hamısını yasaqladı. Məsələn, ərəblər oxların uc tərəfinə müəyyən məbləği bildirən işarələr qoyur, sonra da hərəyə bir ox çəkirdilər. Kim hansı məbləği çıxarırdısa, onu da udmuş olurdu. Və ya insanlar arasında bəzən ölümlə nəticənən amansız döyüşlər keçirilirdi. Tamaşaya yığışanlşar da onlardan hansının qalib gələcəyiylə bağlı mərcə girirdilər. Dinimiz bunları yasaqladı, hamısını haram buyurdu.

Qumarxanalarda, kazinolarda müxtəlif aparatlarla oynanan oyunlarının hamısı günahdır, həm də elə bir günah ki, Allah-Təala Qurani-Kərimdə onları şeytan əməli adlandırır və bizi onlardan uzaq durmağa çağırır.

Bu gün də ölkəmizin müxtəlif şəhər və rayonlarında, kəndlərimizdə xoruz döyüşdürmək, it boğuşdurmaq kimi dəhşətli mənzərələrə arabir rast gəlmək mümkündür. Bunlar bir tərəfdən o dilsiz-ağızsız heyvanlara qarşı zülm olduğu kimi, o biri tərəfdən də qumaq olduğu üçün haramdır. Yəni o mənzərəyə haradan baxırsan bax, insanlıqla hər hansı əlaqəsi olmayan işlər, günah içində günah, haram içində haram görəcəksən.

Son illərdə ölkəmizdə qumarın ən geniş yayılmış növü isə futbol proqnozları yazmaqdır. Bir neçə il əvvəl ölkəsindəki ən məşhur futbol komandalarının adını bilməyən soydaşımız bu qumara başlayandan sonra İspaniyanın üçüncü liqasında hansı komandanın hansı komandanı hansı hesabla udduğunu da öyrənir, üstəlik bu iş üçün xüsusi dəftər də tutur. Niyə?- Çünki qumar oynayır, ortada pul var, udmaq istəyir.

***

Qumar həm də bir ehtiras oyunudur, bunun fəsadları təkcə üzdə görünən, udulan və ya uduzulan malla, pulla tamamlanmır. Qumar insanın mənəviyyatını pozur, bir nöz onu amansızlaşdırır, sərvət ehtirasını körükləyir. Bu elə bir haramdır ki, ardınca min cür mənəvi xəstəkliklər gətirir, faizçilik, yalançılıq, alıb-aldatmaq, yalandan and içmək, ədavət, düşmənçilik, qətl halları törəyir. Nəfsinin istəyiylə bu harama qatılan insan bir anda ömrü boyu qazanmış olduğu hər şeyini itirə bilir.

Bəzən uduzan adamın gözü elə qızır ki, heç bir şey düşünmədən ailəsinin sığınacağını, evini belə qumara qoymaqdan belə çəkinmir. Bu cür hadisələr də çox zaman ölüm halları ilə nəticələnir. Hələ daha betərləri də var...

Allah-Təala buyurur ki, insan üçün ancaq öz zəhmətinin, öz əməyinin nəticəsi var. Yəni insan öz əməyinin bəhrəsini yeməyi, başqasının haqqına göz dikməməyi həyatına meyar götürməlidir. Əslində insan fitrətinə uyğun olan da elə budur.

***

Qumarın bildiyimiz və bilmədiyimiz onlarla, yüzlərlə növü var. Heç şübhəsiz ki, bundan sonra da çeşid-çeşid qumar növləri "kəşf" ediləcək. Amma şəkli necə olursa-olsun, o məşhur misalda deyildiyi kimi, xər elə həmin xərdi, amma çulu digərdi. Qumar qumardır, istəyirsiniz adını aşıq-aşıq oyunu qoyun, istəyirsəniz lotereya, istəyirsəniz at yarışı, istəyirsəniz idman lotosu, istəyirsəniz futbol proqnozu, istəyirsəniz it boğuşdurmaq.., əlqərəz, başını necə bəzəyirsəniz-bəzəyin, mahiyyəti eynidir.

Millət bu cür haramlara alışdıqca halallıq hissindən, fədakarlıqdan, tərəqqidiən, yardımlaşmadan, əldən tutmaqdan, təmənnasızlıqdan uzaqlaşır. Təkcə bununla bitmir, Haqdan uzaqlaşır, özündən uzaqlaşır, İslamdan uzaqlaşır, Allahdan uzaqlaşır. Bir fərd və ya toplum üçün bundan betər fəlakət düşünmək mümkün deyil. Bir çayın daşması, torpaq sürüşməsi, zəlzələlər elə böyük fəlakət deyil; fəlakət insanın haqqı batildən, xeyiri zərərdən, halalı haramdan ayıra bilməməsi və ya ayırmaq istəməməsidir, Allahın göstərdiyi yolu qoyub şeytanın izinə düşməsidir. Əgər bu fəlakət kütləvi xarakter alırsa və kimsə də sinəsini irəli verib bu cür şeytan təntənəsinə qarşı etiraz səsini qaldırmırsa və ya əlindəki dünya nemətini, dünya zövqünü itirməmək üçün susursa, o toplumun aqibəti haqda ciddi-ciddi düşünmək lazımdır.

İnanın ki, hər ay lotereya biletinə, ya da qumarın başqa çeşidlərinə sərf edilən sərmayəni Allah rizasını düşünərək ehtiyac sahiblərinə yönəltsək, məmləkətimizdə nə ac qalar, nə çılpaq, nə də yurdsuz-yuvasız.

Allah-Təala biz bəndələrinə Qurani-Kərimlə, Peyğəmbəri ilə doğru yolu göstərəndən sonra seçim iradəsi də verir. Hər kəs də öz aqibətini seçir, hansı yolun hansı məkana varacağı da elə başlanğıcından bəllidir... Burada anlaşılmayacaq nə var axı?..
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR