Qəzanın özəti: 33 nəfər xilas olunub, 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb

Qəzanın özəti: 33 nəfər xilas olunub, 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb
22:14 5 Dekabr 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat verilir

Dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində güclü yanğın baş verib.

 

APA-nın xəbərinə görə, hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

 

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Lakin qasırğa güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub.

 

Son açıqlanmış rəsmi məlumatlara görə, hadisə zamanı özüldə olanlardan 33 nəfər xilas olub, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb.

 

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.

 

Hadisə yerində yanğının söndürülməsi istiqamətində də işlər aparılır.

 

 

Təxliyyə olunmuş işçilər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu yanğın və qəza ilə əlaqədar birgə məlumatı yayıb.

 

 

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

 

Baş vermiş qəza ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri baş nazir Artur Rasi-zadə təyin olunub.

 

İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat verilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR