Ərdoğandan İlham Əliyevə başsağlığı

Ərdoğandan İlham Əliyevə başsağlığı
00:56 6 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində həyatını itirənlərə görə başsağılığı verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Ərdoğan məktubunda “Günəşli” yatağında “neft yatağında baş vermiş qəzada 30-dan çox işçinin vəfat etməsindən kədərləndiyini qeyd edib.

“Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımı köməyi göstərməyə hazırdır”, - deyə Ərdoğanın başsağlığı məktubunda bildirilir.



Xatırladaq ki, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu “Günəşli” yatağındakı qəza ilə əlaqədar birgə məlumat yayıb. Məlumatda bildirilir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırılıb və nəticədə boru kəməri zədələnib, şiddətli yanğın baş verib.

Özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib. İşçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.

İkinci xilasetmə qayığındakı işçilərin də təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.


Yanğından son görüntülər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR