"Türkiyə Rusiyanın NATO-dakı yeganə dayağı idi"

"Türkiyə Rusiyanın NATO-dakı yeganə dayağı idi"
03:34 6 Dekabr 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında "Vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin terrorçuluğa və ekstremizmə qarşı mübarizədə birləşməsi" mövzusunda tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusuiya Etno-jurnalistlər İttifaqı və Rusiya Jurnalistlər İttifaqının Moskva bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif millətləri təmsil edən jurnalistlər, ictimai qurumların nümayəndələri və siyasi ekspertlər iştirak ediblər.  

 

Tədbirin moderatoru olan "Sputnik international" radiosunun şərhçisi Dmitri Babiç dünyanın yeni qaynar müharibəyə yaxınlaşdığı təhlükəli bir vaxtda ümumi düşmənlə mübarizənin üsullarında mövqelərin çarpışdığını, dünənki dostların bu gün düşmən adlandırılaraq qarşı-qarşıya gəldiklərini, bu şəraitdə jurnalistikada da böhran yaşandığını söyləyib.

 

Çeçenistan müharibəsində əsir düşmüş və oradakı təəssüratlarını "İnsanı dəyəri" kitabında qələmə almış yazıçı-jurnalist İlyas Boqatıryov çıxışında bu gün peşəkar və həvəskar jurnalistikanın sərhədlərini heç kimin ayırmaq gücündə olmadığını bildirib: "Bu mümkün deyil. Bu gün müasir jurnalistikanın problemi ondan başqalarının öz mənafeləri üçün istifadə etməsinə imkan verilməsindədir. Bu gün jurnalistika idarə etmir, idarə olunur".

 

Rusiyalı tanınmış politoloq Aleksandr Sevastyanov gərginləşən Rusiya-Türkiyə münasibətlərindən danışıb. O, Rusiyanın Türkiyə ilə münasibətdə haqsız mövqe  tutduğunu bildirib: "Türkiyə Krım Ukraynadan alınanda belə Rusiyanın yanında duran dövlət idi. "Türk axını" layihəsini dəstəkləyən bir dövlətdir. Bütün Avropa Rusiyaya qarşı olan zaman da yanımızda Türkiyə vardı. Türkiyə NATO üzvü olmaqla yanaşı həm də müsəlman ölkəsidir. Qərb Rusiyaya sanksiya tətbiq edən zaman Türkiyə bu sanksiyalara qoşulmadı, əksinə bizim ölkə ilə birgə layihələri həyata keçirəcəyini açıqladı. Bu ölkə Rusiyanın ağır gülərində onun yanında yer almışdı. Bəs, biz nə edirik? Baqdasaryanları, Solovyovları, Babayanları, Satanovskiləri efirə çıxarıb yanan atəşi körükləyirik. Rusiya NATO-da yeganə dayağını itirdi. Şimal alyansındakı bu dayaq Türkiyə idi".

 

Rusiyalı siyasi ekspert bu problemdən çıxış yolu kimi Azərbaycanın vasitəçiliyi ilə Rusiya və Türkiyə əlaqələrini yenidən bərpa etməkdə gördüyünü söyləyib: "Məhz dost ölkə Azərbaycanın vasitəçiliyi ilə Rusiya-Türkiyə əlaqələrini bərpa etmək mümkündür".   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR