Xəzərdə baş verən faciə ilə bağlı ANS proqramını dəyişdi

Xəzərdə baş verən faciə ilə bağlı ANS proqramını dəyişdi
10:21 6 Dekabr 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

"ANS Televiziyası, Xəzər dənizinin Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar 5 və 6 dekabr tarixləri üzrə proqram şəbəkəsində müvafiq dəyişikliklər edib."

Bunu ANS PRESS-in sorğusuna cavab olaraq ANS Müstəqil Yayım və Media Şirkətinin proqramlaşdırma departamentinin rəisi Sevda Həsənova bildirib.

“İlk növbədə Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar kədərləndiyimizi bildirir, dünyasını dəyişmiş insanların ailələrinə baş sağlığı verir, yaralanmış əməkdaşlara isə şəfa diləyirik. Sözsüz ki, ANS Televiziyası mövcud vəziyyətdə zəruri və çevik addım atmalıydı. Biz həm bu gün (5 dekabr-red.), həm də sabah yəni dekabrın 6-da proqram şəbəkəmizdə müvafiq dəyişikliklər etmək barədə qərar qəbul etdik."

S. Həsənovanın sözlərinə görə, ilk növbədə musiqili-əyləncəli layihələr efir şəbəkəsindən çıxarılıb, proqram şəbəkəsinə sənədli filmlər daxil edilib. "Dekabrın 6-da isə Azərbaycan kino sənətinin incilərindən olan, rejissor Arif Babayevin Xəzər neftçilərinin faciəvi, lakin şərəfli ömür yolundan bəhs edən “İnsan məskən salır” bədii filmini nümayiş etdirməyi qərara aldıq” – söyləyən Sevda Həsənova ANS Televiziyasının həmişə xalqın yanında olduğunu vurğuladı.


Sevda Həsənova - ANS Müstəqil Yayım və Media Şirkətinin proqramlaşdırma departamentinin rəisi


Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 34 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR