Ağdaşda yeni meşəliklərin salınmasına başlanılıb

11:13 6 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Ağdaş, 6 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Hazırda 7 min 490 hektar meşə ərazisi olan Ağdaş rayonunda bu sahənin mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.
Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir və Ucar meşəbəyiliklərinin ərazisində cari ilin payız-qış mövsümündə 40 hektar sahədə mədəni meşəliklərin salınması nəzərdə tutulur. Müəssisənin kollektivi bu günlərdə sahələrdə ağac əkininə başlayıb və artıq bir hektar ərazidə akasiya, iydə, qovaq, nar, tut və digər ağac tinglərinin əkini aparılıb. Cari ildə müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında 300 mindən çox ting yetişdirilib. Bundan əlavə müəssisə bu il qonşu rayonlarda və Bakı şəhəri ətrafında yaşıllıqların salınması üçün ağac tingləri göndərib.
Həmçinin bu il yaz aylarında müəssisənin ərazisində 30 hektar sahədə mədəni meşəlik salınıb. İdarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Yay aylarında meşələrin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilir, vətəndaşlar arasında maarifləndirmə işləri aparılır. Cari ildə xəstə və kök üstündə qurumuş ağacların kəsilməsi hesabına 500 kubmetr odun yanacağı hazırlanaraq orta məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdasda_yeni_meseliklerin_salinmasina_baslanilib-908726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR