Dini ekstremizm cəhdlərinə qarşı kəskin mübarizə davam edəcək

Dini ekstremizm cəhdlərinə qarşı kəskin mübarizə davam edəcək
11:27 6 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Milliyyətindən asılı olmayaraq hər bir xalqın mənəvi dəyərlər sistemində dinin mühüm, özünəməxsus yeri var. Ancaq son zamanlar din pərdəsi altında istənilən çirkinliyə əl atılır, radikal ekstremist qruplar bəzi qüvvələrin maraqlarına xidmət edərək müqəddəs dinimizə ləkə gətirirlər. Elə ona görə də bu gün dini ekstremizm böyük bəlaya çevrilib. Bəzi qüvvələr islam dini kimi çox mühüm, həssas mənəvi dəyərdən sui-istifadə edirlər.

Son günlər ölkədə müzakirə mövzusuna çevrilmiş Nardaran hadisələri bir çox qaranlıq məqamları ortaya çıxardı. Nardaranda baş verən olay birinci dəfə deyil ki, törədilir. Bundan əvvəl də qəsəbədə bu cür hərəkətlərə yol verilmişdi. Özü də hadisələrin mərkəzi indiki kimi Nardaranın "İmam Hüseyn meydanı" idi. Din tarixində ədəb-ərkanı, insanlığı, mərdliyi ilə seçilən Hüseynin adını kəndin mərkəzindəki meydana verib burada barrikadalar qurub, silah götürüb qan tökmək, insanları itaətsizliyə səsləmək, bir növ, Nardarandakı bəzi insanların peşəsinə çevrilib. 
Qəribədir ki, qəsəbənin bəzi sakinləri də radikal mövqe tutan insanların islamın yüksək mənəvi dəyərləri ruhunda tərbiyəsinə çalışmaq əvəzinə respublikamızda dini etiqad azadlığı üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə edərək cinayətkar əməllərə rəvac verir, din pərdəsi altında sabitliyin pozulmasına, Azərbaycan dövlətinin konstitusion əsaslarının zorla dəyişdirilməsinə çağırırlar. 

Bu qəsəbədə daxili sabitliyi pozmaq istəyən bir qrup radikal ekstremistin "Müsəlman birliyi" adı altında qanunsuz birləşərək qarşıdurma yaratması, təxribat xarakterli hərəkətlər etməsi açıq-aydın məlumdur. Onların məqsədi nə yolla olursa-olsun hakimiyyətə, dövlətə və dövlətçiliyə qarşı çıxış etməkdən, ölkədə həyata keçirilən islahatları pisləməkdən, xalqın hakimiyyətə olan inamını zəiflətməkdən ibarət olub. Amma bu ekstremistlərin çirkin əməlləri ifşa olundu və indi özlərini müdafiə etmək üçün müxtəlif uydurmalar səsləndirməyə başlayıblar. Təəssüflə qeyd etməliyik ki, indi bir qrup adam bu radikal ekstremistləri müdafiə etməklə məşğuldur. Ortalığa düşüb iddia edirlər ki, hüquq-mühafizə orqanlarının keçirdikləri xüsusi əməliyyat zamanı insanlar namaz qılırlarmış və kiçik yaşlı uşaqlar, qadınlar qorxuya düşüblər. Ancaq hadisə zamanı çəkilən kadrlar tamam başqa şey deyir. Əməliyyat 14:30 radələrində başlayıb və həmin zaman dini təqvimdə heç bir namaz vaxtı göstərilməyib. Onların dediklərindən belə çıxır ki, həbs edilən şəxslər namaz qılarkən silahlı, qumbaralı olublar. İbadət otağı dini kitablar yox, silah-sursat mərkəzi imiş. 

Əməliyyatdan sonra çəkilən videomateriallarda açıq-aydın qadınların və uşaqların da meydanda toplaşdıqları görünürdü. Dərsdən yayınan uşaqların əllərində dəmir parçaları, soyuq silahlar vardı. Bu həmin uşaqlar idi ki, radikal ekstremistləri zərərsizləşdirən polis əməkdaşlarını "cəllad", "kafir" adlandırırdılar. Qadınlar isə əməliyyat aparılan otaqlardakı vəziyyəti göstərib həbs edilənləri "təmizə" çıxarır və özlərinin dövlətə, dövlətçiliyə sadiq olduqlarını iddia edərək otaqdakı Azərbaycan bayrağını nümayiş etdirirdilər. Amma soruşan yox idi ki, hansı səbəbə görə qəsəbənin küçələrində indiyədək Azərbaycan bayrağı əvəzinə üstü ərəb, fars dillərində yazılarla dolu bayraqlar asılıb? Nədən qəsəbənin daş-divarlarında başqa dövlətin din xadimlərinin şəkilləri, fikirləri həkk olunub? Qızlarını məktəbə buraxmayan, oğlan uşaqlarının dərsdən yayınmasına göz yumanlar kimlərdir? 

Məlumdur ki, dini siyasi alətə çevirmək, başqa dövlətin bayrağını qaldırmaq, başqa ölkənin ruhanilərinin şəkillərini Azərbaycanda təbliğ etmək yolverilməzdir. Axı hansı məmləkətdə, dövlətdə qanuna, ictimai həyat normasına bu cür sayğısızlıq görünüb?!
Bu qəsəbənin dövlətə, dövlətçiliyə olan "sədaqətini" elə Nardarana daxil olarkən hiss etmək mümkün idi. Qəsəbənin giriş hissəsində torpaqlarımız uğrunda canını fəda etmiş, hər bir Azərbaycan oğlunun qürur mənbəyinə çevrilmiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli vurulub. Amma şəklin üstündən Azərbaycan bayrağı əvəzinə qara bayraq asılıb. Axı Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib. Niyə onun şəklinin üzərində Azərbaycan bayrağı dalğalanmır? Budurmu dövlətə, vətənə, millətə sədaqət?
Uzun illərdir Nardaran ərazisində müxtəlif dini bayraqlar dalğalanır. Küçələri daş-divarlar üzərində ərəb, fars əlifbası ilə yazılmış şüarlar "bəzəyir". 

Bəli, neçə il idi ki, Nardaranda qanunsuzluq, hərc-mərclik hökm sürürdü, qəsəbədə bütün məsələləri "Ağsaqqallar Şurası" həyata keçirirdi. "Ağsaqqallar" isə, göründüyü kimi, qan yatırtmaq, günahkarlara ağıl vermək əvəzinə onları daha da qızışdırır, dövlətə, dövlətçiliyə meydan oxumağa çağırırmışlar. Amma Azərbaycanda tarixən bütün dinlərin, xalqların nümayəndələri dinc, bərabər şəkildə yaşayıb, güclü tolerantlıq, multikulturalizm dəyərləri, ənənələri formalaşıb. Ona görə də bu gün ölkəmizdə ictimai-siyasi sabitliyə, tolerantlıq mühitinə qarşı çıxan qüvvələri xalqın bütün təbəqələri qınayır. Ölkə ictimaiyyəti hesab edir ki, dövlətçiliyə qarşı çıxan və 2 polis əməkdaşını qətlə yetirən radikal dini ekstremistlər layiqli cəzalarını alacaqlar. 
Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır. Azərbaycanda dini etiqad və vicdan azadlığı konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada islam həmrəyliyinin gücləndirilməsi, islam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Bütün bunlar isə Azərbaycan Prezidentinin və dövlətin islam dininə, dini dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir.

"Azərbaycan" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR