Xəzərin qanlı nefti - 10-cu platforma niyə yandı?

Xəzərin qanlı nefti - 10-cu platforma niyə yandı?
11:47 6 Dekabr 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR-ın Xəzərdəki "Günəşli" yatağında yerləşən 10 nömrəli dərin dəniz özülündə baş vermiş və onlarla neftçinin həyatına son qoyan dəhşətli yanğınla bağlı ziddiyyətli vəziyyət davam edir.

Hələlik yanğınla bağlı yaradılmış fövqəladə komissiya platformadan 32 nəfərin xilas edildiyini bildirir. 2 nəfərin öldüyü rəsmən təsdiqlənib. Qalanlar itkin düşmüş hesab edilir.
İtkin düşənlərin sayının nə qədər olduğu isə dəqiq məlum deyil. Çünki SOCAR yanğın başlayandan az sonra platformada 42 nəfərin olduğunu açıqlamışdı. Lakin müstəqil mənbələr bu rəqəmin daha yüksək olduğunu bildirib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, hadisə barədə ilk məlumatı yayan Mirvari Qəhrəmanlı yanan platformada 80-dən çox neftçinin olduğunu bildirirdi. Dekabrın 5-də isə "Reuters" agentliyi platformada 84 nəfərin olduğu haqda məlumat yayıb. Məlumatı agentliyə yanğın zamanı plantformada qalanlardan biri telefonla bildirib.



Beləliklə, faciədən 1 sutkadan çox vaxt keçsə də, rəsmi strukturlar - SOCAR, FHN, DİN və Baş Prokurorluq nəinki ölənlərin və ya itkin düşənlərin dəqiq sayını, eləcə də hadisə zamanı platformada nə qədər adamın olduğunu açıqlamayıblar. Üstəlik, SOCAR rəsmilərinin verdikləri açıqlamalar bir-birləri ilə kəskin ziddiyyət təşkil edib.
Dekabrın 4-də axşam SOCAR-ın "Azneft" İsrehsalat Birliyinin direktor müavini İkram Qurbanov ANS telekanalının efirində bütün neftçilərin xilas edildiyini bildirib. Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev də platformada başlayan yanğın nəticəsində ölən və yaralananların olmadığını, işçilərin evakuasiya edildiyini elan edib.
Lakin platformadakı yanğın zamanı ölənlərin, yananların və dənizdə boğulanların olduğu barədə sosial şəbəkələrdə çoxsaylı məlumatlar yayılırdı.

Nəhayət, dekabrın 5-də faciənin əsl miqyası üzə çıxmağa başladı. Dünən günün ikinci yarısında informasiya agentlikləri fövqəladə qərargaha istinadən xilas edilənlərin sayı haqda tez-tez dəyişən və bir-biri ilə ziddiyyət təşkil edilən məlumatlar yayırdılar.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə özünün Feysbuk səhifəsində azı 32 neftçinin itkin düşdüyünü yazdı.

Az sonra "Reuters" agentliyi ona istinadən 32 neftçinin həlak olduğu barədə informasiyanı bütün dünyaya yaydı. Dünyanın ən mötəbər xəbər agentliyinin bu informasiyanı yayması onu göstərirdi ki, platformadakı yanğında ölənlərin olmadığı barədə deyilənlər tamamilə blefdir.
Nəhayət, SOCAR-dakı mənbələr 30-dan çox neftçinin itkin düşmüş hesab edildiyini virtualaz.org saytına təsdiqlədilər.
Bundan az sonra isə SOCAR, FNH və Baş Prokurorluq hadisə barədə ilk birgə rəsmi məlumatı yayıblar.
Məlumatda xilasedici qayıqlardan birinin qarmaqdan açılaraq dənizə düşdüyü və oradan cəmi 4 nəfərin xilas edildiyi haqda daha əvvəl yayılmış informasiyalar təsdiqlənir. Eyni zamanda 32 nəfərin xilas edildiyi, dənizdən 1 cəsədin çıxarıldığı bildirilir. Ancaq platformada nə qədər adamın olduğu hələ də açıq qalır.
Əgər "Reuters"in məlumatında deyildiyi kimi, platformada 84 neftçi olubsa, bu, o deməkdir ki, faciənin miqyası daha böyükdür və ölənlərin sayı 50-dən çoxdur.



Güclü tufan şəraitində baş vermiş qəzanın səbəblərini, yəqin ki, prezident İlham Əliyev tərəfindən yaradılan xüsusi komissiya araşdıracaq və günahkarlar üzə çıxarılacaq.
Lakin bu hadisədən əvvəl də SOCAR-ın, xüsusən dənizdə neft hasilatı ilə məşğul olan idarələrində əməyin təhlükəsizliyi, açıq dənizdəki neft platformalarının vəziyyəti və təhlükəsizlik normalarına əməl edilməsi baxımından ciddi problemlər mövcud idi.
Həmin problemlər üzündən SOCAR-ın hasilat, qazma və təmirlə məşğul olan strukturlarında baş verən qəzalarda hər il onlarla işçi həlak olur. Bu qəzaların və baş vermiş ölüm hadisələrinin statistikası çox vaxt açıqlanmır. Lakin Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin öz mənbələri vasitəsilə apardığı statistikaya görə, təkcə 2011-ci ilin 9 ayında 21 neftçi bu və ya digər səbəblərdən baş verən qəzalarda həlak olub, 23-ü yaralanıb. 2014-cü ildə isə 20-dən çox neftçi həlak olub, onlarla neftçi yaralanıb.

Neft sektorundakı mənbələr deyir ki, xüsusən indiki dəhşətli faciənin baş verdiyi "28 may" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) dərin dəniz özüllərində avadanlıqların istismar müddətini başa vurması, özüllərin dayaqlarının aşınmaya məruz qalması və digər səbəblər üzündən olduqca təhlükəli vəziyyət hökm sürür. Hətta neftçilər arasında belə deyim yaranıb ki, dənizdəki platformalarda növbəyə çıxanlar hər dəfə ölümü göz önünə gətirməlidir.



Vaxtilə "Günəşli" yatağındakı platformaların birində təmir işlərində iştirak etmiş BP mütəxəssisi də dayaqların necə köhnəldiyini, avadanlıqların istismar müddətini başa vurduğunu, təhlükəsizlik və yanğın əleyhinə sistemlərin necə bərbad olduğunu görəndə dəhşətə düşdüyünü xatırlayır.
SOCAR vaxtaşırı olaraq "28 may" NQÇİ-nin istismarında olan "Günəşli" yatağında platformaların təmiri barədə məlumatlar yayırdı. Bu məlumatlara əsasən "Günəşli" yatağındakı 11 dərin dəniz özülündən bir neçəsində təmir işləri aparılıb, yanğın təhlükəsizliyini təmin etmək üçün avtomatik işə düşən sistemlər quraşdırılıb. Ancaq təmir aparılan və yanğın təhlükəsizliyi sistemi yenilənən platformalar arasında 10-cu platformanın olduğunu təsdiqləyən məlumata rast gəlmədik.

Əslində isə neftçilər deyirlər ki, platformalarda vaxtaşırı olaraq aparılan təmir işləri də problemi aradan qaldırmır. Çünki bu platformaların əksəriyyəti istismar müddətini başa vurub və onları yeniləmək lazımdır. Platformalarda yanğın təhlükəsizliyi sistemi bərbad vəziyyətdədir, xilasetmə avadanlıqları isə çatışmır, yaxud köhnəlib. Lakin SOCAR-ın neft hasilatının 65 faizi "Günəşli" yatağının payına düşdüyündən belə görünür ki, şirkət üçün nefti çıxarmaq işçilərin həyatından daha çox əhəmiyyət kəsb edirdi. Nəticədə Xəzərdən neft çıxarmaq Afrikanın almaz yataqlarından almaz çıxarmaq qədər təhlükəli və qanlı-qadalı işə çevrilib.

Elə "Günəşli" yatağındakı platformada yanğından cəmi bir gün əvvəl, Xəzərdə güclü tufan başlayanda "Neft daşları"ındakı platformaların birindən güclü külək neftçilərin yaşayış köşkünü içindəki 3 neftçi ilə birlikdə qoparıb dənizə atdı. Nəticədə 3 neftçi Xəzərin buz sularında boğularaq həyatını dünya bazarında dəyərini itirməkdə davam edən "qara qızıl"a qurban verdi.



Bu hadisənin səbəbi kimi güclü külək göstərilir, ancaq neftçilərin yaşayış budkası qarışıq dənizə düşməsində əslində platformadakı materialların çürüyüb köhnəlməsinin və təhlükəsizlik normalarının pozulmasının səbəb olduğunu kim istisna edə bilər?

Platformaların çoxunun istismar müddətini başa vurması ilə yanaşı oradakı xilasedici qayıqlar da köhnəlib. Bunu dolayısı ilə SOCAR-dan yayılan məlumatlar da təsdiq edir. İki il əvvəl SOCAR-dan yayılan açıqlamada deyilir ki, "28 May" NQÇİ-nin Günəşli yatağında yerləşən dərin dəniz özüllərində uzun müddət istismarda olan xilasedici qayıqların yenisi ilə əvəz olunması üçün 44 AT-42 markalı xilasedici qayıq alınıb.

Bu qayıqlar Rusiya istehsalıdır. Ancaq həmin qayıqların "Günəşli" yatağındakı platformaların xilasedici qayıqlara olan tələbatını nə dərəcədə ödədiyi məlum deyil. Habelə 10-cu platformada işçilərin sayı ilə xilasedici qayıqların tutumu arasında nədən dəfələrlə fərq yarandığını da xüsusi komissiya araşdırmalıdır.
Şübhəsiz ki, açıq dənizdə neft hasilatı riskli işdir. Ancaq bu, hasilatçı şirkətlərə, eləcə də SOCAR-ın dənizdə hasilatla məşğul olan strukturlarına insan həyatını neftdən ucuz tutmağa əsas vermir. 2010-ci ilin aprelində ABŞ-ın Meksika körfəzində BP-nin "Deepwater Horizon" platformasında qaz sızmasından başlayan yanğın dünyanın ən nəhəng neft-qaz şirkətini sarsıtdı. Bu yanğın nəticəsində onlarla neftçi həlak oldu, BP isə on milyardlarla dollar təzminat ödəməyə məhkum edildi. Şirkət hələ də bu qəzanın fəsadlarını aradan qaldırmaqla məşğuldur və on milyardlarla dollarlıq kompensasiyanı ödəyə bilmək üçün dünyanın bir çox ölkələrindəki aktivlərini satmalı olub.



Bu qəzadan bir neçə ay sonra qalmaqallı WikiLeaks saytı yüz minlərlə ABŞ məxfi diplomatik teleqramlarını ələ keçirib yayanda məlum olmuşdu ki, Meksika körfəzindəki qəzadan əvvəl BP Xəzərdə neft fəlakətinin bir addımlığında olub. Şirkətin rəhbərlik etdiyi konsorsiumun istismarında olan "Azəri" platformasında güclü qaz sızması baş verib və BP işçiləri platformadan vaxtında evakuasiya edə bilib, partlayışın qarşısı son anda alınıb və hadisə ictimaiyyətdən gizlədilib.
Şirkət öz imicinə zərbə dəyməməsi üçün Xəzərdəki qaz sızmasını gizli saxlamışdı. Bu hadisədən sonra BP Xəzərdəki platformalarda təhlükəsizlik tədbirlərini gücləndirib.
İndi 10-cu platformada baş vermiş bu faciə şübhəsiz ki, SOCAR-ın imicinə ciddi zərbə vurmuş oldu. Eyni zamanda hadisənin güclü tufan şəraitində baş verdiyi danılmaz olsa da heç şübhəsiz ki, təhlükəsizlik normalarının pozulması və vəzifəli şəxslərin ciddi səhlənkarlığa yol verməsi də bu faciəyə aparan səbəblər arasındadır.



Mətbuatın xronikasına qısa nəzər salmaq kifayətdir ki, "28 may" NQÇİ-nin platformalarında təhlükəsizlik normalarının kobud şəkildə pozulması, növbəni başa vuran fəhlələrin quruya daşınması üçün gəmilərin bəzən həftələrlə gəlmədiyi, avadanlıqların köhnəlməsi və vəzifəli şəxslərin səhlənkarlığına dair yaxın keçmişdə qeydə alınmış çoxsaylı şikayətlərə rast gələsən...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR