Xoşbəxt Yusifzadə: Hazırda əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir [YENİLƏNİB]

Xoşbəxt Yusifzadə: Hazırda əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir [YENİLƏNİB]
18:38 6 Dekabr 2015
162 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yaradılan Dövlət Komissiyası dekabrın 5-də öz işinə başlayıb. Dövlət Komissiyasının sədri, Baş nazir Artur Rasizadə Komissiyanın üzvləri ilə görüşüb, vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri baş vermiş hadisə ilə bağlı dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Mətbuat konfransında, həmçinin SOCAR-ın vitse-prezidentləri Xaliq Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, dekabrın 4-də əsən güclü küləyin sürəti bəzən saniyədə 38-40 metrə çatırdı. Qasırğa təxminən 27 saat davam edib. Güclü külək nəticəsində dalğaların hündürlüyü 8-10 metrə çatırdı. Qaz quyularından 10-cu platformaya gələn kəmərlərdən birində dalğaların təsiri nəticəsində partlayış baş verib. Partlayışın meydançaya və quyulara heç bir aidiyyəti olmayıb. Qazlift kəmərində baş verən partlayış platformada yanğına səbəb olub.
Xoşbəxt Yusifzadə deyib ki, qəfil baş verən partlayış nəticəsində buradakı insanlar özlərini itiriblər. Lakin platformadakı əməkdaşlar təlimata uyğun olaraq hərəkət ediblər. Belə ki, platformadakı işçilər vaxt itirmədən qayıqlara minərək xilas olmağa çalışıblar. Onlar təlimata uyğun olaraq tez bir zamanda iki qayığa miniblər. Bir qayıqda 26, o birisində isə 34 nəfər olub. Həm dalğadan, həm də yanğından qorunmaq üçün qayıqlar sudan müəyyən hündürlükdə platformadan asılı vəziyyətdə saxlanılıb. Ancaq həm yanğın, həm də dalğa buraya gələn gəmilərə platformaya yaxınlaşıb qayıqdakı işçiləri xilas etməyə imkan verməyib.
Diqqətə çatdırılıb ki, saat 22:30 radələrində güclü küləyin və dalğanın təsiri ilə qayıqlardan birinin asıldığı qarmaqların qırılması nəticəsində həmin qayıq dənizə düşüb. İşçilərdə xilasedici jiletlər olsa da, dalğalar arasında itkin düşüblər. Onlardan üçü xilas olunub, digərlərinin isə axtarışları helikopter və gəmilərlə davam etdirilir.
Xoşbəxt Yusifzadə bildirib ki, digər qayıqda olan 26 işçinin hamısı xilas olunub və yüngül xəsarət alanlar var. Hazırda işlər davam etdirilir, əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir. Bunun üçün də tabeliyində gəmilər olan bütün qurumlar bu işə cəlb edilib, helikopterlərlə axtarış aparılır. SOCAR-ın və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi də hadisə yerindədir, aidiyyəti qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir. Baş vermiş hadisə bütün Azərbaycan xalqının faciəsidir.
SOCAR-ın birinci vitse-prezidenti deyib ki, platformada 24 neft və 4 qaz quyusu istismar edilir. Həmin quyulardan gündəlik olaraq 920 ton neft, bir milyon kubmetrə yaxın qaz hasil olunur. Yanğın baş verən zaman platformalardan gələn qaz kəmərləri dərhal bağlanılıb. Yanan əsasən borulardakı qalıq qaz olub. Qasırğa nəticəsində gəmilər yanğını söndürə bilmədiyindən alov quyulardan birinə keçib. Buna baxmayaraq, platformaya gələn qazın kəsilməsinə nail ola bildik. Qazın kəsilməsindən sonra qazlift quyularının istismarı dayandırıldı. Hazırda yalnız bir quyuda yanğın baş verib. Lakin bu, elə də böyük yanğın deyil və günün sonunadək onun söndürülücəyinə ümid edirəm.
Bildirilib ki, 1984-cü ildə tikilən platformanın istismar müddəti 50 ildir. Hadisə baş verən zaman platformada 63 nəfər olub. Onların arasında neftçilərlə yanaşı, tikintidə və digər işlərdə çalışan işçilər də olub.
Qeyd edilib ki, dekabrın 4-də güclü tufan nəticəsində “Neft daşları” NQÇİ-nin 501 nömrəli özülündə dalğaların estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçurması ilə itkin düşən üç neftçinin (onlardan birinin cəsədi bir gün sonra tapılaraq dənizdən çıxarılıb) axtarış-xilasetmə işləri də paralel surətdə aparılır.
Hadisənin təxribat olması ehtimalı ilə bağlı sualı cavablandıran SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, partlayış 27 saat davam edən küləyin yaratdığı dalğanın təsiri nəticəsində baş verib. Ona görə də burada hansısa təxribat ehtimalı real görünmür. Lakin bu işlər Dövlət Komissiyasına daxil edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də araşdırılacaq.
X.Yusifzadə axtarış-xilasetmə və yanğının söndürülməsi işləri ilə əlaqədar heç bir ölkəyə müraciət edilmədiyini, bütün tədbirlərin Azərbaycan dövləti tərəfindən həyata keçirildiyini vurğulayıb.
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, hadisə baş verən zaman platformada hər biri 42 nəfərlik 4 qayıq olub. Həmin qayıqlardan ikisindən ümumiyyətlə istifadə edilməyib. Təlimata əsasən, əgər estakada da, platformada qaz, yanğın, partlayış təhlükəsi olarsa, işçilər təxliyə edilməlidirlər. Oradakı işçilər də təxliyə planına uyğun olaraq hərəkət ediblər. Qayıqlardan biri küləyin təsiri ilə özülün dayaqlarına ilişib və həmin qayıqdakı işçilərin hamısı sağ qalıb. Digər qayıq isə qasırğa nəticəsində parçalanıb və içindəki işçilər dənizə düşüblər. Qayıqdakı insanlarla danışıq aparılırdı. Lakin hündürlüyü 10 metrə çatan dalğalar qayıqların xilasetmə gəmilərinin göyərtəsinə qaldırılmasına imkan verməyib. Parçalanan qayıqdan iki nəfər dənizə atılıb, iki nəfər isə platformaya çıxıb. Biz platformadan üç nəfəri xilas etdik. Bir nəfər əvvəlcədən qayığa minməmişdi. Dənizə düşən şəxslərdən ikisi də çıxarılıb. Təəssüf ki, onlardan biri gəmidə keçinib. Digəri isə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
X.Məmmədov deyib ki, platformada 63 nəfər olub. Onların 33 nəfəri xilas edilib. Bir nəfərin cəsədi çıxarılıb, 29 nəfərin isə axtarışı davam etdirilir. Bu gün fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı, “Xəzər Dəniz Gəmiçiliyi”nin rəisi və SOCAR-ın prezidenti görülən işlərlə bağlı Baş nazirə hesabat verdilər. İtkin düşən şəxslərin tapılması ilə bağlı Qazaxıstan, Rusiya və İranın sərhəd qoşunlarına, bütün balıqçı gəmilərinə məlumat verilib. Xəzər Dəniz Donanmasının, Fövqəladə Hallar Nazirliyinin və Sərhəd Qoşunlarının gəmiləri axtarış-xilasetmə prosesini davam etdirir. Bu işlərə, həmçinin DSX-dən 7, FHN-dən isə 4 helikopter cəlb olunub. Bütün aidiyyəti qurumların rəhbərliyi axtarış işlərinə nəzarət edirlər.
SOCAR-ın vitse-prezidenti ölən işçi Həsənov Zaur Vahid oğlunun ailəsinə, qohumlarına və bütün Azərbaycan xalqına başsağlığı verib, itkin düşən şəxslərin ailələrinə səbir diləyib. O, axtarış-xilasetmə işlərinə cəlb olunanların çətin şəraitdə dayanmadan fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, dekabrın 5-də helikopterlə altı dəfə cəhd edilsə də yanan platformaya enmək mümkün olmayıb. Bu, ən son cəhddə mümkün olub və platformanın döşəməsi kəsildikdən sonra qayıqdakı işçilər təxliyə ediliblər.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, FHN-in “qaynar xətti”nə dekabrın 4-də saat 17:36-da yanğın haqqında məlumat daxil olub. Həmin platforma sahildən 110 kilometr aralıda yerləşir. FHN-in dənizdə daim növbə çəkən “Vixr-9” yanğınsöndürən gəmisi 25 dəqiqədən sonra hadisə yerinə çatıb. Bütün cəhdlərə baxmayaraq, dekabrın 4-də həmin gəmi özülə yaxınlaşa bilməyib. Dekabrın 5-də saat 08:02 radələrində FHN-in 4 helikopteri, 2 dalğıcı və 13 xilasedicisi hadisə yerinə cəlb olunub. Temperaturun yüksək olması və küləyin istiqamətinin dəyişməsi nəticəsində helikopterlər özülə eniş edə bilməyib. Buna görə də helikopterlər 5-ci və 3-cü özüllərə eniş edib. Küləyin sürəti bir az azaldıqdan sonra “Müslüm Maqomayev” gəmisi və digər helikopterlərlə özülə yaxınlaşdıq. Xilasedicilər özülə çıxıb döşəməni kəsərək qayıqdakı insanları xilas etməyə başladılar. Xilasetmə qayığından 27, özülün üzərindən isə üç nəfər təxliyə edilərək “Müslüm Maqomayev” gəmisi ilə saat 18:45-də sahilə çatdırıldı.
E.Mirzəyev bildirib ki, hazırda itkin düşmüş 29 nəfərin tapılması ilə bağlı fasiləsiz olaraq zəruri tədbirlər həyata keçirilir.
Sonra xilasetmə əməliyyatları barədə son vəziyyətlə bağlı telefon əlaqəsi yaradılıb. Telefon əlaqəsi zamanı bildirilib ki, dekabrın 6-da saat 08:15-dən etibarən nazirliyin üç helikopteri və bir təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin dörd helikopteri itkin düşən işçilərin axtarışına cəlb olunub. Son məlumata əsasən, helikopterlərdən biri tərəfindən hadisə yerindən 40 kilometr məsafədə müəyyən əşyalar aşkar olunub. FHN-nin və DSX-nin şəxsi heyətləri sahilboyu ərazilərdə vizual müşahidə aparır. Hadisə baş verən ərazidə küləyin istiqaməti və sürəti nəzərə alınaraq Türkmənistan və İranının müvafiq qurumları, həmçinin dənizdə olan bütün gəmilər itkin düşənlərin axtarışı barədə məlumatlandırılıb. Hazırda FHN-in iki yanğınsöndürən gəmisi, eyni zamanda, SOCAR və bp şirkətlərinə məxsus üç gəmi yanğının söndürülməsi işlərini həyata keçirir.
Mətbuat konfransında qeyd olunub ki, baş verən hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün SOCAR tərəfindən iki qərargah yaradılıb. Həmin qərargahlardan biri “Azneft” İstehsalat Birliyinin binasında, digəri isə Zığ şosesi, Əbilov 27 ünvanında fəaliyyət göstərir. Qərargahlar 24 saat ərzində fasiləsiz işləyir. Eyni zamanda, “Azneft” İstehsalat Birliyində yaradılan qərargahda hər üç saatdan bir mətbuat üçün açıqlamalar olacaq.
Daha sonra axtarış-xilasetmə işləri barədə görüntülər nümayiş etdirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xosbext_Yusifzade_Hazirda_esas_vezife_itkin_dusen_insanlari_axtarib_tapmaq_ve_yangini_sondurmekdir_YENILANIB-908778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR