Qara Qarayev adına III respublika elmi-ifaçılıq müsabiqəsi elan edilib

Qara Qarayev adına III respublika elmi-ifaçılıq müsabiqəsi elan edilib
02:38 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı il aprelin 4-dən 9-dək Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, müsabiqə lisey, musiqi və incəsənət məktəblərinin şagirdləri və musiqi kolleclərinin tələbələri üçün keçirilir və bütün ixtisaslar üzrə (fortepiano, simli, nəfəs, zərb, xalq çalğı alətləri, vokal) ifaçılar iştirak edə bilərlər.
Elmi-ifaçılıq müsabiqəsinin əsas məqsədi Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsidir.
Müsabiqənin şərtlərinə görə, ifa edilən əsərlərdən biri Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri olmalıdır. Birinci mərhələdə iştirakçı ifa edəcəyi əsərlərdən hər hansı birinə dair məruzə etməli, digər əsərlərə annotasiya yazmalı, ikinci mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir. Hər iki mərhələdə iştirakçıya çıxış üçün 8-15 dəqiqə vaxt ayrılacaq. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (məruzə və annotasiyaların mətni ilə birgə) 2016-cı il fevralın 29-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb studiyasına təqdim etməlidirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Qarayev_adina_III_respublika_elmi_ifachiliq_musabiqesi_elan_edilib-908795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR