Xilas olmuş neftçi: "Çox həyəcan keçirdik"

Xilas olmuş neftçi: "Çox həyəcan keçirdik"
07:17 7 Dekabr 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

"Qayıqda gözlədiyimiz 18 saat allaha dua etmişəm", bunu "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündən xilas olunan Məlahət Əliyeva deyir.
O, 3 ildir bu özüldə xadimə kimi işlədiyini bildirir.
"İş günüm bitmişdi, dincəlmək üçün otağa təzə gəlmişdim ki, partlayış səsi eşitdim, tez otaqdan çıxdım. İçəridə qapıları açmaq olmurdu, alov böyük idi", deyən Məlahət Əliyeva xilasedici qayıqlara minəndən sonra da təhlükənin sovuşmadığını əlavə edir.
"Külək o biri qayığı o tərəf-bu tərəfə, sonra bizim qayığa çırpdı, axırda qayıq parçalandı", o, bildirir.
Məlahət xanım deyir ki, qayıqlar bir-birinə çırpılan vaxt, işçilər tarazlığını qoruya bilməyib və bir-birinin üzərinə yıxılıb.
"Birinin qolu qırıldı, birinin ayağı, başı yarılanlar da var idi", o, əlavə edir.
Məlahət Əliyeva bel onurğa sümüyünün də sındığını qeyd edir.

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş digər xilas olunan neftçi Rəşid Hüseynov 10 saylı özüldə bu ilin iyun ayından çılışdığını deyir. O bildirir ki, 1996-cı ildən neftçi işləyir.
Onun sözlərinə görə, külək o qədər surətli olub ki, özülün platformasını belə silkələyib.
"Biz o zaman çox həyəcan keçirdik", o vurğulayır.
Milli.Az BBC-yə istinadən bildirir ki, iki uşaq atası Rəşid Hüseynov baş vermiş yanğını və ondan sonrakı hadisələri təsvir etməkdə çətinlik çəkir. O bildirir ki, xilasetmə qayığında gözlədiyi 18 saat ərzində "ordan sağ çıxacağına" inanmayıb.
Başından zədə alan neftçi, "sağaldıqdan sonra 10 saylı özüldə işləməyə qayıdacaqsınızmı?" sualına kövrələrək "peşəmiz neftçidir...Bizim yoldaşlarımız orda həlak olub..." deyə cavab verib.

10 saylı özülün rəisi Allahverdi Məmmədov deyir ki, fəaliyyəti boyu belə surətli küləyə rast gəlməyib.
O "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yanğının baş verməsini belə izah edir:
"Dalğa çox idi, külək əsirdi. İki qaz xətti qırıldı və yanğın başladı. Platformanı alov bürüdü, alovun qarşısını almaq üçün heç nə edə bilmədik. İnsanlar toplama məntəqəsinə gəldilər və mən evakuasiyaya başladım", deyən özül rəisi platformanı qara tüstünün bürüməsindən və nəfəs almağın çətinliyindən də bəhs edir.
"İlk olaraq şərqdəki xilasedici qayığa minmək istəsək də, alov imkan vermədi. Şimaldakı qayıqlara mindik. Külək o biri qayığı bizim qayığa çırpdı. Bizim qayığımız küləyin nəticəsində turbanın arasında pəçimlənib qaldı və güclə tarazlığı yarada bildim", Allahverdi Məmmədov deyir.
O bildirir ki, yanğınla bağlı rəhbərliyə məlumat ötürülən kimi "yaxında olan bütün xilasedici gəmilər platformaya göndərilib".
"Dalğa o qədər böyük idi ki, gəmilər bizə yan ala bilmirdi. Bu mümkün deyildi. Çünki həmin gəmi özü xəta törədə bilərdi", deyən özül rəisi də xəsarət alanlar arasındadır. Onun qolu sınıb.
Azərbaycanda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yanğında itkin düşənlər hələlik tapılmayıb, axtarışlar davam etdirilir.
ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov itkin düşənlərin sağ qalıb-qalmasıyla bağlı BBC Azərbaycancaya bildirib ki, "Allaha ümid çoxdur".
Cənab Məmmədov qəza baş vermiş platformada təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə olan şübhələrlə bağlı deyib ki, yaradılmış Komissiya bunu araşdıracaq.

"Xalik Məmmədov dedi ki, onlara platformada təhlükəsizlik qaydalarının yaxşı təmin edilməsi barədə məlumat verilib", müxbirimiz Günel Səfərova qeyd edib.
İndiyə olan məlumata əsasən, hadisə nəticəsində iki nəfər həyatını itirib, 29 nəfərin axtarışı davam etdirilir. 33 nəfərsə xilas edilib.
AzNeft İstehsalat Birliyinin direktor müavini Balamirzə Ağarəhimov jurnalistlərə deyib ki, yanğının gecə ərzində söndürülməsinə çalışılacaq, bunun üçün əlavə qüvvələr də cəlb edilib.
Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında gözləyən müxbirimiz deyir ki, ARDNŞ-in rəsmiləri və Ombudsman Elmira Süleymanova yaralılara baş çəkib.
Bir nəfərin meyiti bazar günü səhər çıxarılıb. Ölən şəxslərdən birinin adı Həsənov Ramizdir, onun meyiti artıq ailəsinə təhvil verilib, Komissiya üzvləri jurnalistlərə bildirib.

Bir günlük matəm

Bazar günü prezident İlham Əliyev qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi barədə sərəncam verib.
"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:
2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin", prezident.az saytı yazır.

Matəmlə əlaqədar Azərbaycanda və xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə dövlət bayraqları yarıya qədər endirilib, həmçinin əyləncə xarakterli tədbirlər təxirə salınması, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.
Mədəniyyət və Turizm Nazirliyi bildirib ki, strukturunda olan bütün teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.
Fövqəladə Hallar Nazirliyi itkin düşənlərin axtarışını davam etdirir.
Mətbuat konfransında nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Adil Abdullayevlə canlı bağlantı yaradılıb.
Cənab Abdullayev bildirib ki, axtarışa FHN-in bir təyyarəsi, 3 helikopteri və Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub. Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.
Həmçinin hava şəraitini nəzərə alaraq Türkmənistan və İranının müvafiq qurumları və dənizdəki bütün gəmilər itkin düşənlər barədə məlumatlandırılıb.
FHN-nin iki yanğınsöndürən gəmisi, ARDNŞ və BP şirkətlərinə məxsus daha üç gəmi yanğının söndürülməsi işlərini həyata keçirir.

"Təxribat görmürəm"

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, o, baş verən yanğında "təxribat görmür".
"Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram."
Cənab Yusifzadə hadisənin necə baş verməsini də təsvir edib.


"Qaz kəməri güclü küləyə tab gətirməyib söndü. Qəfildən hər yer qaranlığa və alova qərq oldu. Olduqca dəhşətli mənzərədir".
Onun sözlərinə görə, daha sonra hadisə yerinə xilasedicilər gəlib, "lakin güclü dalğa və alov imkan vermədi ki, xilasedicilər yaxınlaşa bilsinlər".
"Saat 23:00 radələrində bizim işçilərimizlə dolu qayıqlardan biri dənizə düşdü. Hazırda da onların axtarışları davam edir. 29 nəfər itkin sayılır. Onların tapılması istiqamətində bütün tədbirlər davam edir. Əsas məqsədimiz onları tapmaqdır."
Cənab Yusifzadə bildirib ki, 26 nəfər xilas edilib və Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan bir qisminin müalicəsi davam etsə də, bir qismi evə buraxılıb.
Rəsmi maddi itkilərlə verilən suala cavab olaraq bildirib ki, yanğın quyulara da keçib.
"Biz hər gün o platformadan 900 ton neft, 1 milyon kubmetr qaz alırdıq. Bu gün bu alınmayıb. Bizim itkimiz budur. Əsas itki bu platformanın üstündədir. Nə qədər ki, platformanı söndürməmişik, bu itkilərimiz olacaq", cənab Yusifzadə qeyd edib.

Təbii fəlakət

Baş vermiş hadisəni "təbii fəlakət" adlandıran Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölənlərin ailələrinə təzminat ödəniləcək.
"Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək".
Zərərçəkmişlər barədə isə nazir bildirib ki, onların həm əmək müqavilələri, həm də sığortaları var.
"Əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək."
Cənab Müslümovun sözlərinə görə, bütün işçilər xilasedici jiletlər geyinib və işçilər qayıqlarla təxliyyə edilib.
"Proses əməyin təhlükəsizliyinə uyğun qaydada həyata keçirilib. Lakin orda güclü külək olub, yanğın olub və güclü dalğa nəticəsində qayıqlardan birinin qarmağı açılıb. Təhqiqatdan sonra bunun başvermə səbəbi dəqiq məlum olacaq və əməyin təhlükəsizliyi ilə bağlı bütün məsələlər araşdırılacaq."
Günəşli yatağı 1981-ci ildə Xəzər dənizinin cənubunda, Bakıdan 90 km uzaqlıqda kəşf edilib.
ARDNŞ bu yataqda neft hasilatına 2008-ci ildə başlayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR