Sülhün nə olduğunu bilməyənlər savaşarsa

Sülhün nə olduğunu bilməyənlər savaşarsa
07:22 7 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Müharibə aparılması yalnız o zaman düzgün olar ki, sülh məqsədi daşısın. Əks halda, heç bir günahsız insanın ölümünə haqq qazandırıla bilməz.

İkinci Dünya Müharibəsi altı il sürdü. Artıq 15 ildir ki, terrorizmə qarşı mübarizə aparılır. Vəziyyət isə yaxşıya doğru getmir. Səbəb isə sülhün nə olduğunu bilməməyimizdir. Yaxın Şərqdə nisbətən sabitlik yaradılması yollarını tapıb bu istiqamətdə çalışmaq əvəzinə əvvəlcə bombalarla hücuma keçirik - İslam dövlətini və onun qeyri-İŞİD qonşularını məhv edəcək, Qərbə qarşı intiqam bəsləyən yeni qüvvələr yaradacaq bombalar. Prussiya generalı Karl fon Klauzevitsin məşhur bir sözü var: müharibə fərqli vasitələrlə aparılan siyasətdir. Elə problem də burdadır ki, bu siyasətin yönlərini müəyyənləşdirə, əslində nə istədiyimizi qərarlaşdıra bilmirik. Əgər qalibiyyətin nə olduğunu bilmiriksə, qalib gələ də bilmərik.

Ceyls Freyzer The Guardian-da dərc olunmuş "You wonchr("39")t win a war against Isis if you donchr("39")t know what the peace looks like" yazısında bildirir ki, Devid Kemeron Milad bayramına qədər müharibəyə başlamağı planlaşdırır. Bəli, sülh və xeyirxahlıq mesajının verildiyi xristianlıq bayramı ilə eyni vaxtda.

İraqın 2003-cü ildə işğal edilməsini xatırlayaq. ABŞ əsgərləri bir neçə həftəyə Bağdada çatdı. Səddam Hüseynin heykəllərini sökdülər və ölkəni idarə edən şəxsləri vəzifədən çıxardılar. Martın 19-u başlayan müharibə mayın 1-i sona çatdı. Hərbi təyyarə daşıyan "USS Abraham Lincoln" gəmisinin üzərində məşhur "missiya tamamlandı" yazılı bayraq asıldı.

Həmin gün Corc Buşun çıxışından sonra İraqda daha çox amerikalı həyatını itirdi, nəinki çıxışdan əvvəl. Missiya tamamlandı? Bu, pozulması lazım olan bir mifdir. Hətta bu gün İraqdan geriyə qalan qan, müharibə və nifrətdir. Eyni şeyi Liviya haqqında da demək olar. Başqa sözlə, intiqam bir sülh strategiyası deyil və sülh strategiyası olmadan bu ölümcül karuseldə fırlanmağa davam edəcəyik.

Əgər İŞİD-in məhv edilməsinin hər şeyə son qoyacağını düşünsəydik, hava hücumları əvəzinə quru qoşunları göndərərdik. Ancaq buna risk etməyə dəyəcəyini düşünmədiyimizə görə, quru qoşunları göndərməyə cəsarətimiz çatmır. Görülən işlər, sadəcə, heç nə etmirmiş kimi görünməmək üçündür. Sülh üçün edilən şeylər isə kameralar üçün çox sıxıcı və zəifdir.

İlk növbədə, vəziyyəti daha da pisləşdirməkdən əl çəkməliyik. Gəlin, bunu müharibə adlandırmayaq, İŞİD-ə isə düşmən ordusu statusu verib şərəfləndirməyək. Daha da pisi, islamçılığın xüsusi bir qoluna qarşı xəyali üçüncü dünya müharibəsini qazanacağımızı təsəvvür etməkdən əl çəkək. Zorakılığa daha böyük zorakılıqla qalib gəlmək olmaz.

İŞİD hücrələrini məhv etmək üçün Brüsseli bombalamazdıq, bəs onda niyə görə günahsız insanların yaşadığı Suriya şəhərləri bombalanır? Kemeron bir neçə il əvvəl Bəşər əl-Əsəd öz xalqına barrel bombaları ilə hücum edir deyə ona qarşı müharibəyə girməyə çağırırdı. Nəticə isə məsum insanların, xüsusilə də canını qurtara bilməyəcək qədər zəif, yaşlı və balaca olanların həlak olması olacaq. Bombalar atıldıqca Suriyadan qaçıb Avropada sığınacaq tapmağa çalışan insanların da sayı artır. İndi isə Kemeron Milad bayramına qədər ölkəni bombalayıb sonra da ölümdən qaçmağa çalışanların Avropaya girişinə qadağa qoymağı planlaşdırır.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR