SOCAR qərargahını 10-cu platformaya köçürür

SOCAR qərargahını 10-cu platformaya köçürür
07:57 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Axtarış-xilasetmə işləri ilə bağlı yaradılan qərargah bu gündən "Günəşli" yatağında yanğının baş verdiyi 10 saylı stasionar dəniz özülünə köçürüləcək. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov SOCAR rəhbərliyinin mətbuat konfransında açıqlama verib. Əlirəhmanov dənizdəki qərargahın 5 saylı platformadan "Neftqaz-62" gəmisinə, bu gün isə günün birinci yarısında hadisənin baş verdiyi 10-cu özülə köçürüləcəyini qeyd edib. Baş mühəndisin sözlərinə görə, yanğının söndürülməsi prosesinə 5 gəmi cəlb edilib.

"Yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. Yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır. Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub. Sabahdan (bu gün - red.) etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar" - deyə Balamirzə Əlirəhimov bildirib.

Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb və nəticədə boru kəməri zədələnərək şiddətli yanğın baş verib.

Özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib. İşçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.

İkinci xilasetmə qayığındakı işçilərin də təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-nın ölkədə matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR