Bakıda dayanacaq dərdi nə vaxt çözüləcək?

Bakıda dayanacaq dərdi nə vaxt çözüləcək?
07:57 7 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişindaşıma sektorunda edilən dəyişikliklər, yeni avtobus marşrutlarının açılması, bəzilərinin bağlanması, bəzilərinin isə hərəkət marşrutunda dəyişiklik edilməsindən sonra əhalidə müəyyən çaşqınlıq yaranıb. Bəzi yerlərdə avtobus dayanacaqlarının quraşdırılmasına ehtiyac olduğu halda, orada insanlar açıq səma altında avtobus gözləməli olurlar. Bəzi yerlərdə isə dayanacaq var, amma kimsə orada saatlarla gözləsə də, avtobus üzünə həsrət qalır.

Məsələn, avtobussuz dayanacaqlardan biri Bakı Dəniz Vağzalının yanında yerləşir. Avtobus marşrutlarında dəyişiklik edildikdən sonra artıq bu dayanacağın qarşısında heç bir avtobus dayanmır. Amma buradakı informasiya terminalı işləyir və elektrik enerjisini israf edir.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Paytaxtdakı avtobus dayanacaqları birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır və onlar tərəfindən ya quraşdırılır, ya da ləğv olunur. Əgər dayanacaq ləğv olunarsa, informasiya terminalı da o zaman götürüləcək. Artıq bildirilib ki, avtobusların hərəkət qrafiki ilə bağlı optimallaşdırma işləri görülür və bütün dayanacaqlar avtobusların qrafiki və gəliş vaxtı ilə bağlı dəqiq məlumatlarla təmin olunacaq. Bütün məlumatlar isə ilin sonunda yenilənir. Bu səbəbdən də ilin sonunda informasiya terminalları ilə bağlı yekun qərar veriləcək. Ona qədər işlərin tam yekunlaşdırılması planlaşdırılır. Əgər oradan heç bir avtobus keçməyəcəksə və dayanacaqda dayanmayacaqsa, o zaman oradakı terminal da götürüləcək".

Qeyd edək ki, nəqliyyat nazirinin müavini Musa Pənahov deyib ki, nazirlik artıq bu istiqamətdə işlərə start verib: "İctimaiyyətin nəqliyyata tələbatı çoxdur, biz də bunun üzərində işləyirik ki, müəyyən dayanacaqlarda avtobusların dayanma yerlərini dəyişək. Çünki elə dayanacaq var ki, orada insanlar olur, eləsi var ki, boşdur. Ona görə də bununla bağlı optimallaşdırma aparırıq. Bu da yəqin ki, öz nəticəsini verəcək. Amma bu gün gördüyümüz əsas iş həmin saatlarda əlavə avtobuslar buraxdırmaqdır".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR