10 nömrəli platforma: əvvəldən indiyə kimi

10 nömrəli platforma: əvvəldən indiyə kimi
08:05 7 Dekabr 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Beləliklə, dekabrın 4-də Azərbaycanın neft sənayesində ən böyük faciə baş verdi. Dənizdə neft platformasında təbii fəlakət səbəbindən baş verən yanğın nəticəsində çoxlu sayda neftçi həlak oldu. Belə bir hadisə masştabına görə, hətta 1957-ci il noyabrın 22-nə keçən gecə "Neft Daşları" yatağında baş verən faciəni də geridə qoydu - o zaman əfsanəvi qazma ustası, Sosialist Əməyi Qəhrəmanı Mixail Koveroçkin də daxil olmaqla 22 neftçi Xəzərin sularına qərq olmuşdu.

"Qara daşlardan" 10 N-li platformaya

Yanğın hadisəsi 4 dekabr 2015-ci il saat 17.36-da "Azneft" İstehsalat Birliyinin (Dövlət Neft Şirkətinin hasilatçı strukturu) 28 May adına Neft və Qaz Çıxarma İdarəsinə məxsus dayazsulu "Günəşli" yatağında yerləşən 10 N-li stasionar platformada baş verib. Məhz həmin anda AR Fövqəladə Hallar Nazirliyinin dənizdə keşik çəkən xüsusi gəmisi "SOS" siqnalı qəbul edib.  Və gəmi hadisə yerinə yaxınlaşıb. Ancaq dalğaların 10 metr hündürlüyü səbəbindən göydən sallanmış şəkildə qalan, platforma ilə dəniz arasında mövqe tutmuş iki qayıqda kömək gözləyən neftçiləri xilas edə bilməyib. Bu anda digər gəmiləri də köməyə çağırıblar.

Hadisəyə reaksiya

Azərbaycan mediasında ilk xəbərlər saat 19.45-də yayıldı. Və bundan sonra SOCAR-ın mətbuat xidməti sanki "top atəşinə" tutuldu. Cavab isə qısa idə: bir qədər sonra rəsmi açıqlama olacaq.

Saat 20.40-da SOCAR-ın ilk açıqlamasına görə, ""Günəşli" yatağınnın dayazsulu hissəsindəki 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur". Məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.

Həmin gün ANS TV SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən xəbərlər yaydı ki, platformada insan itkisi yoxdur. Və bunu da KİV-lər tirajladı və səhəri gün faciə ilə bağlı ilk xəbərlər gələndə sosial şəbəkələrdə SOCAR rəhbərliyi əleyhinə "faciəni gizlətməyə cəhd etməyə" görə xeyli ittihamlara rast gəlmək mümkün idi.

Bəs əslində vəziyyət necə olmuşdu, Abdullayev doğrudanmı faciəni bilərəkdən gizlətməyə cəhd etmişdi, yoxsa ANS yanlışlığa yol vermişdi?

Xoşbəxt Yusifzadənin hadisə ilə bağlı açıqlaması

Bu obyektdə yanğının baş verməsinin texniki təhlükəsizlik məsələləri baxımından əslində platformaya heç bir dəxli yoxdur. Çünki platforma bütün göstəricilərinə görə, həm neft quyularının istismarı, həm qaz-kondesat quyularının istismarı, həm orada yerləşən digər texniki və yardımçı obyektlərin istismarı baxımından bu tələblərə cavab verir. Əks təqdirdə 1984-cü ildən tikilmiş bir platformanı indiyə qədər açıq dəniz şəraitində istismar etmək mümkün olmazdı.

SOCAR rəsmisinin sözlərinə görə, neft quyularının lay təzyiqini təmin etmək üçün onlara qaz vurulması prosesi gedir. Bunun üçün digər platformalardan sualtı qaz kəməri ilə 10N-li platformaya 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xətti çəkilibmiş və o dayaq hissədən üst hissəyə qaldırılaraq quyuların istismar prosesinə daxil edildi. Tufanın həddən artıq şiddətli və 27 saata qədər davam etməsi bu boruda zədə əmələ gətirib ki, buradan da yanğın baş verib. Nəticədə yanğın neft buruqlarına keçib.

Qaz partlayışı ilə platformada enerji sistemi kəsilib, işıqlar sönüb. Bu zaman platformada olan neftçilər iki xilasedici qayığa minərək təlimata uyğun olaraq hadisə yerini tərk etmək istəyiblər. Ancaq onlar bunu edə bilməyiblər, çünki dalğaların hündürlüyü 10 metrə qədər imiş və düşünüblər ki, əgər dəniz səviyyəsinə enərlərsə, güclü qasırğa onları platformanın dəmir dirəklərinə çırparaq məhv edər. Bu həqiqətə uyğun bir versiyadır. Yuxarıda da qalmayıblar, çünki yanan neft və qazın tüstüsü həm nəfəs almağa imkan vermirmiş, həm də təhlkəli temperatur varmış (dəyişkən külək istiqamətində). Ona görə də qərara gəliblər ki, qayıqları platformanın üst hissəsi ilə dalğaların üst qatı arasında saxlasınlar və kömək gözləsinləsinlər. Əslində gəmilər platformanın yaxınlığında idi o zaman, sadəcə hava şəraitinin nisbətən imkan verəcəyini gözləyirlərmiş ki, platformaya yaxınlaşa bilsinlər.

Faciə anı - 22.45

Bəli bir çox neftçilər üçün bu an sonuncu dəfə bir göz qırpımında da olsa yanan N-li platformanın sayrışan işıqlarında qaranlıq gecədə nəsə görmək imkanı oldu...Niyə sonuncu dəfə yazıram, çünki platformadan asılan həmin qayıqlardan birini qasırğa əvvəlcə yelləyib dəmir bloklara vurur və sonra onu saxlayan zəncir qirilir, sonra digəri tab gətirmir və o yüksəklikdən qayıq suya qərq olur. Ancaq qayıq üstü örtülü və yumurta formasında idi, onun batması üçün o dağılmalı idi...belə də oldu. Sonrakı kadrları izləyərkən görürük ki, onun bir hissəsi platformanın dayaq hissələri yanında parça-parça olunmuş şəkildədir, yəni dalğalar onu dəmirlərə vurub darmadağın ediblər.

Sonrakı gün FHN-nin helikopterləri həmin qayığın hissəsini nə az, nə çox düz 50 km cənubda tapacaqlar...

İndi bəlli olurmu ki, SOCAR  rəhbərinə istinadən 4 dekabr saat 22-23-də yayılan xəbərlərdə niyə insan itkisi ilə bağlı xəbərlər yer almırdı.

İtkilər

Bu hadisə ilə bağlı ən müəmmalı an heç itkilərlə bağlı deyildi. Hamını düşündürən ilk sual bu idi ki, yanan 10N-li platformada neçə nəfər olub? Təəssüf ki, bu suala SOCAR-ın cəmiyyət üçün ilk açıqlamasında cavab yox idi. Və bundan sonra da sosial şəbəkələrdə, internet saytlarda, elə qəzetlərdə də müxtəlif rəqəmlərin rast gəlinməsi adi qarşılanmalı idi. Ara-sıra sükutu Neftçilərin Hüquqularını Müdafiə Komitəsinin açıqlamaları pozurdu ki, onlar da buraya gələn müraciətlər əsasında bəyanatlar yayırdılar. Ancaq yenə şübhələr qalmaqda idi.

Hətta hadisədən 26 saatdan sonra ictimaiyyət üçün birgə açıqlanan Baş Prokurorluğun, SOCAR və FHN məlumatı belə bu hadisəyə bir aydınlıq gətirmədi. Aydınlıq gətirilən yeganə şey artıq dekabrın 5-də saat 19.30-da hadisənin masştabının ictimaiyyət üçün təsviri idi.

Dekabrın 6-da "Azneft" İB-də keçirilən mətbuat konfransında isə bəlli oldu ki, 10N-li platformada 63 nəfər işçi heyəti varmış. Onlardan 15 nəfəri tikinti və qazma briqadasının üzvləri imiş. Çünki Bu platformada SOCAR daha 4 quyu qazmağı planlaşdırırmış və onlar bu işlərlə bağlı məsələləri həyata keçirirlərmiş. Əks təqdirdə heyətin sayı 48 nəfər olmaliymış.

Beləliklə, bu 63 nəfərdən 26 nəfəri bir qayığa minir, digər 34 nəfəri digər qayığa. 3 nəfər isə minmirlər, onlar platformanın bir hissəsində gizlənirlər. Platformada 4 qayıq var. SOCAR-ın açıqlamasına görə, qayıqların hər biri  42 nəfər üçün nəzərdə tutulub və onlar Cənubi Koreya istehsalıdırlar.

Bu qayıqlardan biri, içərisində 34 nəfər olan saat 22.45-də tufanının fəsadları nəticəsində Xəzərə çırpılır və dağılır. Onun içərisindən cəmi 3 nəfər çıxa bilir. 1 nəfər platformanın dəmirlərindən tutaraq canını xilas edib və sonra onun köməyinə  xilasedilicər  gəlib. Digəri isə parçalanmıç qayığın parçası üzərində bir müddət qaldıqdan sonra gəmidən onu göyərtəyə qaldırıblar.

Həmin gecə qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb. Bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.Sonrakı axtarışlar zamanı daha 1 nəfərin meyitini tapmaq mümkün olub.

26 nəfərin olduğu qayığı isə külək platformanın dayaqları arasına salır və sanki onu ora yerləşdirir. Səhərisi gün SOCAR prezidenti Rövnəq Abdullayevin təkidi ilə onun olduğu helikopter yanan platforma üzərinə bir-neçə cəhdən sonra enə bilir və endiyi yerin döşəməsindən bir parça kəsərək ordan kəndirlərlə neftçiləri xilas edirlər və sonra qonşu platformaya və daha sonra Bakıya çatdırırlar.

Beləliklə, hazırda 29 nəfər itkin düşmüş hesab edilir.

Axtarış

Axtarışa FHN-in bir təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.

Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

"Azneft"ə dəyən ziyan

10N-li platformanın texniki-iqtisadi göstəriciləri ilə bağlı ünvanladığım bu sualımı ən yaxşı "Azneft"İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov cavblandırdı. Onun sözlərinə görə, platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrdir.

Burdan belə nəticə çıxartmaq olar ki, maddi itki hazırda budur. Günlərin sayına vurmaqla təqribi hesab etmək olar nə qədər neft yanır (qaz artıq kəsilib). Təbii ki, bir də quyuların bərpa edilməsi.

Yanğın nə zaman söndürülə bilər?

"Azneft" İstehsalat Birliyinin baş mühəndisi çox optimist proqnozla çıxış edib. Onun sözlərinə görə, artıq dekabrın 7-də yanğını söndürmək olar.

Ancaq realıq bundan ibarətdir ki, neft quyularına qazın vurulması kəsilsə də, bu o demək deyil ki, laydan quyu ağzına neftin çıxması prosesi dayanıb. Bu proses tədricən zəifləyib dayanmalıdır. Mütəxəssislərin dediklərinə görə, əgər nəzərə alsaq ki, həmin laylar artıq "qocalıq" dövrünə qədəm qoyublar, onda 1 həftəyə qədər bu proses davam edər. Həm də yanğın zəiflədikcə onun söndürülməsi üçün mexaniki üsullardan da istifadə tədbirləri gcləndirilməlidir. Ancaq burada br məsələni nəzərə almaq lazımdır ki, yanma əslində neftin dənizə axmasının qarşısını alır, dəniz səthinin çirklənməsinə səbəb olmur. Ona görə də bu proses tənzimlənməlidir: sönmə prosesi baş verən kimi quyuların platformada bağlanması dərhal həyata keçirilməlidir.

İlham Şaban, "Caspian Barrel" neft araşdırmaları mərkəzinin rəhbəri

caspianbarrel.org


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR