Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin həbsi niyə ertələnib?

Cahangir Hacıyevin həbsi niyə ertələnib?

Date: 7 December 2015 10:37

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 9 ay sonra qandallandı. Mart ayının 18-də "səhhətində problemlərə" görə istefaya göndərildikdən sonra maliyyə xəyanətlərində suçlanan C.Hacıyev dekabrın 4-də saxlanılıb. Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirməyə çağırıblar və buradan da Nərimanov Rayon Məhkəməsinə aparıblar.

Sabiq bankir barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir. Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsın baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.  

Mart ayından üzü bəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Banka borclu olan 3 minə yaxın iş adamı dindirilib, 70-dək adam haqda həbs qətimkan tədbiri seçilib, sonradan onların bəziləri azadlığa buraxılsa da, bir çoxunun ölkədən çıxmaq yasağı var. Onlardan hələ aylar öncə zəruri ifadələr alınıb ki, bu ifadələr C.Hacıyevin həbsi üçün tam yetərli idi. Beynəlxalq Bankdan götürülən və mənimsənilən kreditin məbləğinin 6-8 milyard manat olduğu deyilir. Bəzi mənbələrdə isə bunun 10 milyarda qədər çatdığı vurğulanır. İndiyədək ödənilən məbləğ isə qeyr-rəsmi məlumata görə, bu pulun yalnız iki-üç faizindən çox deyil.

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlər sırasında neft oliqarxı, "PNN Group"un təsisçisi, Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, "Globus Plaza"nın sahibi, "Avesta" Konserninin prezidenti hacı İbrahim Nehrəmli, eks-deputat Dünyamin Xəlilov və digərləri vardı. Adları çəkilən və digər saxlanılan iş adamlarından 43-ü sonradan borcunun bir qismini qaytardığına görə sərbəst buraxılmışdı.

Həbs edilənlər sırasında bankın mərkəz filialının keçmiş direktoru İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Dubay filialının rəhbəri Adil Hüseynovun adları var.  "Azərinşaatservis" MMC Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis" MMC-nin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor əvəzi Əli Əlişov, "İnter Glass" ASC-nin direktoru Fariz Muradov kimi iş adamları da neçə aydır ki həbsdədirlər.

Cahangir Hacıyevin istintaqa cəlb olunduğu barədə xəbərlər hələ yay aylarından vardı. Bildirilirdi ki, sabiq bankir ev dustağı edilib və ölkədən çıxmaq yasağı qoyulub. Onun həbs edilməməsinin səbəbləri sırasında milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluğu da vardı. Bildirilirdi ki, qudası sabiq bankirin həbs edilməməsi üçün hakimiyyətdən rica edib və söz verib ki, mənimsənilən pullar son manatınacan qaytarılacaq.

Hələ o zaman belə ehtimallar vardı ki, "maliyyə xəyanətləri"ndə E.Mahmudovun da əli var. Oktyabr ayının 17-də Eldar Mahmudovun "vurulması" ilə başlayan "MTN işi" əslində Beynəlxalq Bank qalmaqalının davamı idi. Məlum oldu  ki, MTN-də baş vermiş cinayətlər, sahibkarların soyulması prosesi bir çox hallarda Beynəlxalq Bank vasitəsilə həyata keçirilib, bütün parası alınan iş adamına "kredit sənədi" imzaladılıb, pullar isə mənimsənilib. O cümlədən fevralda baş verən devalvasiyada da qudalar əlbir olub milyonlar qazanıblar.

Belə ki, devalvasiya olacağı haqda əvvəldən xəbərdar olan Eldar Mahmudov Cahangir Hacıyevin vasitəsilə köhnə tarixlə valyuta mübadiləsi həyata keçiriblər. Qudalar bu əməliyyatda böyük məbləğdə manatı köhnə tarixlə, yəni devalvasiyadan əvvəlki valyuta kursu ilə mübadilə edib. E.Mahmudovla C.Hacıyev isə bu yolla milyonlarla dollar irəli düşüblər.

Mötəbər mənbədən "Yeni Müsavat"a verilən xəbərə görə, E.Mahmudovun ifşasından sonra C.Hacıyevi oktyabrın sonunda həbs etməklə bağlı qərar verilib. Amma C.Hacıyevin anasının oktyabrın 24-də vəfat etməsi bu qərarı ertələyib. Hüquq-mühafizə orqanları ilə razılaşdırılıb ki, C.Hacıyev anasının 40 mərasimdən sonra həbs edilsin. Dekabrın 3-də C.Hacıyev övlad kimi borcunu yerinə yetirib və dekabrın 4-də axşam bütün yaxınları ilə vidalaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Cahangir Hacıyev məhkəmədən də dərhal Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap olunub. Onun iki vəkillə müqavilə bağladığı da deyilir, amma onların adları hələ ki açıqlamır.

Qaynağımız deyib ki, sabiq bankirin guya xüsusi əməliyyat nəticəsində həbs edilməsi barədə xəbərlər gerçəyi əks etdirmir. "Cahangir Hacıyev təcridxanaya bütün hazırlıqları ilə gedib. Elə həmin gecə onu üç adamlıq kameraya salıblar. Yanındakılar Beynəlxalq Bank işi ilə əlaqəli həbs edilənlər deyil", - deyə mənbə bildirib.

***

C.Hacıyevin həbsi Eldar Mahmudovun da həbsin bir addımlığında olduğunu göstərir. Sabiq nazirin MTN-dəki və digər strukturlardakı ən yaxın adamlarının həbsindən sonra E.Mahmudovla bağlı təkzibolunmaz sübutlar toplanıb. Bu günə kimi Eldar Mahmudovun komandasına daxil olan, ölkə əhəmiyyətli bir qurumda yüksək postlar tutan 20-dən çox şəxs həbs olunub. Təxminən bu qədər "mahmudovçu" da dəmir barmaqlıqlar arxasına göndərilib.

Məlumata görə, E.Mahmudova məhz sahibkarlardan qanunsuz xərac toplaması ittihamı veriləcək. Sabiq nazirin Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarəti altında olduğu dəqiqdir. E.Mahmudov oktyabrın sonunda Badamdardakı villasından çıxarılıb və Bakı ətrafındakı dövlət bağlarından birində saxlanılır. Onun yanında yalnız xanımı qalır və onun da bayıra çıxmadığı iddia olunur. E.Mahmudov barədə ev dustaqlığı qərarı verilib. Böyük ehtimalla sabiq nazirin həbsi barədə sanksiyanı da C.Hacıyevdə olduğu kimi baş prokuror imzalayacaq.

"Yeni Müsavat"


Tags:  Cahangir Hacıyevin həbsi niyə ertələnib


RƏYLƏR


Top news