Azərbaycanda quş qripi ilə bağlı növbəti monitorinq başlayıb

Azərbaycanda quş qripi ilə bağlı növbəti monitorinq başlayıb
11:43 7 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq dekabrın 7-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə dekabrın 18-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR