Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda ənənəvi cüdo turniri keçirilib

Date: 7 December 2015 12:18


Sumqayıt, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt Olimpiya İdman Kompleksində 11-13 yaşlı yeniyetmələr arasında cüdo üzrə ənənəvi turnir keçirilib. Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən yarışda müxtəlif şəhər və rayonlardan 382 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində qeyd olunub ki, dünyaya səs salan “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizin beynəlxalq idman arenasında mövqeyini və yerini daha da möhkəmləndirib. Diqqətə çatdırılıb ki, Sumqayıtın 5 idmançısı 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Sonra yarışlara start verilib. Turnirdə Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Quba, Yevlax, Xaçmaz, Şamaxı, Şabran, Qəbələ, İsmayıllı, Göyçay, Abşeron və Ağcabədi komandaları da iştirak ediblər. Qaliblər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Sonda Ulu Öndərə həsr edilən mahnılar səsləndirilib, bədii gimnastların nümunəvi çıxışları nümayiş olunub.
 

Tags:  Sumqayıtda ənənəvi cüdo turniri keçirilib


RƏYLƏR


Top news