Məni o külək yandırır

Məni o külək yandırır
12:29 7 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Hər gün səhər saat 6-da dəniz kənarına, bulvara gedirəm, Su Oyunları Sarayının yanından səssizcə keçirəm, hava yavaş-yavaş  işıqlanır. Hiss edirəm ki, qaranlığın ətəyi sallana-sallana dəniz üstündən çıxıb gedir, özü də cənuba. Ətrafımdakı ağaclar nəfəslərini için çəkib, nəyisə gözləyirmiş kimi, elə bil dabanı üstə dayanıblar. İşıq dirəyindən  asılmış işıqlar mürgüləyir. Quşlar hələ yuvasından çıxmayıb. Skamyalar kənardan qaraltı kimi görünür. Bir dənə canlı yoxdur sahildə. Dəniz incik-incik yırğalanır. Elə bil bu saat ətrafımda gizlənənlər qəfil səslə hönkürəcək. Dənizə yaxınlaşıram. Sirli, sehirli dənizə. O güqn neftçilərimiz sularda batdı. İndi mən dənizə nə deyim? Bir xasiyyətim var, ağrılarımı duymaq istəyirəm. Duymasam,  ölərəm.

30 ailə, 30 ev, 30 sevgi, 30 dost, 30 ata, 30 əsgər, 30 neftçi batdı sularda. Yox, belə dözə bilmərəm. Gərək dənizi dərindən duyum, onun nəfəsinin hiss eləyim. Dəmir hasarı ehmalca aşıram. Elə bil ay da mənimlə əyilir dənizə. Dənizin sahilində dizlərimi xırda  daşların üstə qoyub suların üzərinə əyilirəm. Yox, bu da azdır. Mənə çatmır dəniz. Əllərimi suya salıram, yenə azdır, dirsəyimə qədər qollarımı suya  atıram. Suyun buz kimi soyuqluğunu ciyərlərimə çəkirəm. Bəlkə kimsə var sularda, qoy əllərimdən tutsun, qoy əllərimin istiliyi bir az dənizi qızdırsın. Dünən 30 nəfər batdı sularda. Elə bil sulara nəfəs gəlib, dəniz nəfəs alır, insan sinəsi kimi qalxıb enir. Yox, yenə azdı, qoy əllərim sularda boğulsun, 30 nəfərin gördüyü soyuqluğu mən də hiss eləyim. Qoy əllərim onlara həyan olsun, qoy bilsinlər ki, əllərim onları axtarır sahildə, balaca bir dalğanın içində.

Odur, səhər açılır, sirli-sehrli buludlar azca aralanır. “Od tutub qırmızı atəşlə” üfüq yanır. Hə, indi yəqin ki, onlar,  dostlar, qardaşlar sevgilər haradasa günəşin istisini duyacaqlar və oyanacaqlar. Çünki günəşin çağırışına oyanmamaq olmaz. Hə, bir də ananın, bir də  körpənin, sevginin çağırışına oyana bilmədinsə, demək, sən ölmüsən. Odur, Nargin adası görünür. Hələ xilas olmaq olar, ayağının altına adanı qoy, qardaşım. Orda, o  adada  Müşfiq var, səslər tüğyan eləyir. Gözləyirəm, elə bilirəm paltarınız kimi səsiniz də dalğalar gətirəcək sahilə

 

Dənizə səsiniz tökülüb, qardaşlarım... Görəsən o səslər nə vaxt çıxacaq sahilə?

Sular necə də  soyuqdur. Bu soyuqluq insanı ölümdən oyada bilər axı...  Görəsən od adamı yandıranda, dəniz boğanda, dəniz və od adamın gözlərinə necə görünür? Elə indi mən gördüyüm kimi, yoxsa başqa cür? Bəlkə, od canavara çevrilir, dəniz sudan ibarət  olmur,  polad ərintisi kimi bərkiyir bəlkə?  Hər nədirsə, sevdiklərimiz içərisində ayrı yad bir çisim olmamış deyil. Yoxsa bu cür doğmalar adamı necə öldürə bilər?

Mənim ürəyimi o göynədir  ki, bir yandan alov, bir yandan su, bir yandan da bu külək necə birləşiblər.  Bax, məni həmin o külək yandırır. Həmişə sevdiyim külək. Alovun çağırışına gəlib külək. Yaman yerdə gəlib,  yaman yerdə özünü çatdırıb.

Neftçilərin  özlərini xilas etmək çəhdlərini düşünürəm, qollar, ayaqlar yorulur, gözlər ümidsizləşir, son an, son dəqiqə, son saniyə, son səs, o səslər hara getdi görəsən, nə vaxtsa üstümüzə yağacaq o səslər? Deyirəm bu sular nə qədər vicdansızdır.

Əllərim istilənir.

Bu dənizin altında  göz yaşı  var, ay Allah!

Bu dənizin üstündə də bir günah var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR