Səhiyyə naziri “Günəşli” yatağında xəsarət alan vətəndaşlara baş çəkib

Səhiyyə naziri “Günəşli” yatağında xəsarət alan vətəndaşlara baş çəkib
12:53 7 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.
Xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün isə psixoloqlardan ibarət briqada yaradılıb. Bu gün psixoloqlar yenidən Neftçilər xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Gunesli_yataginda_xesaret_alan_vetendaslara_bas_chekib-908847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR