Samin Dəniz - Xatun gərək onlardan əvvəlcə razılıq alardı!

Tanınmış gənc, istedadlı və özünün kreativ yaradıcılığı ilə fərqlənən müğənni Samin Dəniz müsahibə verib.

Metbuat.az "starnews"ya istinadən həmin müsahibəni təqdim edir:

- İlk olaraq istərdik ki, özünüz haqqindada bizim starnews oxucularına məlumat verəsiniz.

- İlk öncə mən starnews.az oxucularını salamlayıram və onlara əvvəlcədən dərin təşəkkürümü bildirirəm ki, dəyərli vaxtlarını ayırıb müsahibəmi oxuyacaqlar. Mən bir çox gənc müğənnilərdən fərqli olaraq bu sənətə anidən gəlməmişəm. Mən uşaqlıqdan hiss etmişəm ki, səsim var. Bunu mənə məktəbdə sinif yoldaşlarım, müəllimlərim ,bir sözlə hər kəs deyirdi. Həmişə düşünmüşəm ki, bu sahədə olacam. Lakin məktəbdə təhsil alarkən mən valideynlərimin təkidi ile sirf musiqiyə,incəsənətə deyil, tam fərqli bir sahəyə-iqtisadiyyata yönləndim . Mən Iqtisadiyyat universitetinin maliyyə və kredit fakültəsini bitirmişəm. Buna baxmayaraq, mən universitet illərində musiqi ilə məşğul olurdum və həmişə çalışırdım ki, məşhur sənətçilərimizlə olan layihələrdə iştirak edim. Bir neçə il bundan qabaq aparıcısı olduğum Texnopark verilişində məşhur simalar qonağım olub və bu mənimçün çox sevindiricidir. Deməyim odur ki, birdən- birə fikirləşmədim ki, bu sənətə gəlim. Belə müğənnilərimiz çoxdur.

- Bu atmacanı hansı müğənnilərə şamil etdiniz?

- Onu qeyd edim ki, bizim xalqımız yaxşını pisdən seçə bilir . Elə xanım müğənnilərimiz var ki, iki - üç ildən sonra boşanıb sənətə gəlmək istəyirlər.

- Kimlərin adını çəkə bilərsiniz ?

- Ümumiyyətlə ad çəkməyi sevmirəm. Sözümü dedim hərə öz payını götürsün. Mən çoxlarından fərqli olaraq sənətimə çox ciddi yanaşıram. Düşünürəm ki, mənim etdiyim fotosessiyalar ve yaxud da yazdığım hər hansi bir keyfiyyətli mahnı mənim sənətimə olan hörmətimdir.

- Fotosessiya demişkən, elə son zamanlar sizin səs- küyə səbəb olan kreattiv fotosessiyanız haqqında Starnews oxucularına məlumat verərdiniz.

- Fotosessiya haqqında onu deyim ki, dostlarım sağ olsun. Bu fotosessiya məşhur olan və ukraynalı rejissorların çalışdığı Nəriman Film studiyasında çəkilmişdi. Onu da qeyd edim ki, bu studiyada həmin fotoqraf məndən öncə tanınmış sənətçimiz Tünzalə xanım Agayevanın və Samirə xanımın fotosessiyalarını etmişdir . Mən düşündüm ki, niyə də onlarla birgə çalışmayım. Özümün kreativ ideyam olan yarı üz ağ və yarı üz qara fotosessiya etdirdim. Düşündüm ki, fərqli obraz olsun və bu işdə dəstəyinə görə vizajist dostum Rüstəm sağ olsun.

- Siz bu obrazı yaradarkən nəyi düşünmüşdünuz?

- Yadda qalmağı.

- Sizə elə gəlmirmiki sizin bu ideyanız daha çox insanların ikiüzlü olması fikri deməkdir?

- Düşünürəm ki, hər bir sahədə belə insanlar var. Rəqabət də aparırlar. Çox təəssüf ki, şou biznesdə sağlam rəqabət yoxdur . Bəzi şou-biznes nümayəndələri var ki, yığışırlar bir yerə kimlərinsə arxasinca danışırlar, qiybət edirlər. Mən belə şou-biznes nümayəndələrinin yanında yoxam. Düşünürəm ki, bunların hamısı bosluqdandır. Mən yalnız sənətimlə gündəmdə olmağı sevirəm. Mənim bu il klipim və ikinci mahnım Ulduzumsan işıq üzü gördü və mediada yayımlandı. Onu da qeyd edim ki, tez-tez mahnı yazdırmağın və fotosessiya etməyin də xeyri yoxdur. Keyfiyyətsiz məhsul ortaya çıxarıb gülünc hədəfi olmaq istəmirəm.

- Yaradıcılığınızda növbəti yenliklər nələr olacaq?

- Bu yaxınlarda Elza Seyidcahanla görüşdük. Mənə bir mahnı göstərdi və mən o mahnını çox bəyəndim. Ola bilər ki,bu mahnını Elza xanımla duet oxuyum. Düşünürəm ki, Elza xanım kimi bəstəkarlar çox azdır. Bildiyiniz kimi, o dahi Arif Məlikovun tələbəsidir. Yaradıcılığımda üçüncü mahnı Elza xanımın mahnısı olacaq.

- Şəxsi həyatınız barədə bilmək istərdik. Subaysınız yoxsa evli?

- Bu yaxınlarda qonaq olduğum verlişlərin birində də ailə bağlı mövzudan söhbət gedirdi. Mən çalışıram ki, ailəmlə bağlı söhbətlərĺə gündəmdə olmayım.

- Həm mənə həm də digər dinləyicilərə sizin şəxsi həyatınız maraqlıdır.

- Ailəliyəm. İki yaşında Dəniz adında bir qızım var . Qızımın adını özümün də pərəstiş etdiyim xalq artistimiz Zülfiyyə Xanbabayevanın qızının adının şərəfinə qoymuşam. Zülfiyyə xanım hətta verlişlərin birində müsahibəsində mənim onun ən sadiq fanatı olduğumu qeyd etmişdi və mənə xeyir-dua vermişdi.

- Bu sənətdə oldugunuz müddətdə sizi qalmaqala salmaq istəyənlər olubmu?

- Bu sənətə ilk başladığım dönəmlərdə bir sayt nümayəndəsi məni qalmaqala salmaq istədi və mənə dedi ki,hərbi xidmətdə olmayan sənətçilərin adını çəkim. Ama mən bunu etmədim. Kimlərinsə adını çəkməkdənsə hərbi geyimdə və əlimdə silah fotosessiya etdim. Məncə bu sözümü deməyə daha yetərli idi. Hərbi xidmətə olmaq borcumuzdur.

- Bu sənətdə özünüzə rəqib kimi görürsünüz?

- Mən bu sənətdə çoxları ilə dostam. Elnur Məmmədov ən yaxın dostumdur. Amma əlbəttə bu sənətdəyəmsə Zamiq də, Elnur da, Ayaz və digər adını çəkmədiyim gənc müğənnilər mənim üçün rəqibdirlər və söhbət təbii ki, sağlam rəqabətdən gedir.

- Şou-biznes nümayəndələri arasında əvvəlcədən planlaşdırılmış qalmaqala münasibətiniz necədir?

- Əlbəttə var belələri Əslində bu düşünülmüş bir piyardir. Mən belə piyara hələki əl atmaram.

- Sizcə onlar öz yaradıcılarında hansısa qeyri-adi yenilikləri ilə piyar əldə edə bilməzlər?

- Səadət xanım, belə piyarlar-əvvəlcədən planlaşdırılmış qalmaqallar maddi baxımdan daha ucuz başa gəlir.

- Sizcə daha çox qalmaqalla gündəmə gələn müğənnilər kimlərdir?

- Mən ad çəkməyəcəm. Çünki hamısı göz qabağındadır. Bəllidir ki, kimlər qalmaqalla , kimlər də sənətləri ilə bu sənətə gəlib. Şon hadisələrlə bağlı fikrimi deyə bilərəm ki,Könül xanımla Xatun xanım barışıb. Buna çox sevindim.

- Xatun xanımın digər müğənniləri parodiya etməsinə necə baxırsınız?

- Çox normal.Amma bəzən inciyənlər də olur.

- Sizcə onların inciməyinə səbəb nədir ? Xatun yaxşı parodiya edə bilmir, yoxsa kənardan çox gülünc görünür onun parodiyalari?

- Düşünürəm ki, Xatun xanım onları ərk edib parodiya edir. Sadəcə olaraq gərək Xatun xanım əvvəlcədən onları parodiya edəcəyini həmin müğənnilərə bildirərdi, razılıq əldə edərdi. Xumar xanımı daha çox parodiya edir. Yeri gəlmişkən onu da qeyd edim ki, Xumar xanımla da çox gözəl münasibətim var və məni bu sənətdə dəstəkləyən müğənnilərdən biridir. Hətta bu yaxınlarda Xumar xanımın özünün məsləhət bildiyi Ruhunla yaşayıram adlı mahnısını ifa etdim. Çox uğurlu alındı. Xumar xanımda bu mahnını mənim ifamda bəyəndi. Bundan başqa mən Natavanla Tolikin də barışmasina sevindim. Bilirsiz, dava başqa, sağlam rəqabət tam başqadır. Əslində dava etməklə heç nə əldə etmək olmaz. Sağlam rəqabət olmalıdır. Məsəl üçün mən əgər bu gun orta səviyyəli bir klip ərsəyə gətirirəmsə digər müğənni daha yüksək səviyyəli bir klip ortaya çıxarar. Rəqabət budur.

- Kliplerdən söz düşmüşkən sizin mediada haqqında danışılan klipiniz barədə açıqlamalar istərdik.

- Mən yay aylarında iki gün fasiləsiz olaraq suyun altında tərəf müqabili gözəl rəqqasəmiz Rəna xanımla bərabər klip çəkilişlərinin etdik. Əfsuslar olsun ki, Klipimiz kadrları yandı. Çox çalışdıq lakin kadrları geri qaytara bilmədik.

- Kadrların yanmasına səbəb nə idi?

- Texniki səbəbdən bütün kadrlar yanmışdı. Amma çox gözəl kadrlar idi. Mövzu iki sevgilidən gedirdi. Onların bir- birini çox sevməsinə baxmayaraq onlar bir-birinə qovuşa bilməyəcəkdi. Çünki biri suda, biri də quruda yaşayırdı.

- Ürəyinizdən keçən duet ortağı kimdir?

- Mən onu qeyd edim ki, mən artıq arzusunda olduğum duet ortağıyla canli efirdə duet oxumuşam. Bu xalq artsitimiz Zülfiyyə Xanbabayevadir. Hər gənc müğənniyə Zülfiyyə xanım kimi senetkarla duet oxumaq nəsib olmur. Mənə bu qismət olub. Mən çox sevinirəm səhnəmizin belə nəhəng sənətkarları ilə səhnəni bölüşmüşəm.

- Sizin düşüncələrinizi öz bəstələrində canlandıran və ən çox bəstələrini bəyəndiyiniz bəstəkar kimdir?

- Mənim ilk mahnımın bəstəkarı Elvin Abdullayevdir. O Bir dəniz mahnısını bəstələyib mənim üçün . Bu mahnımın sözləri isə Zeynəb Ədalətqızına məxsusdur. Bəyəndiyim bəstəkarların biri de Elza xanımdır. Depresiyada olanda və yaxud da əhvalım olmayanda onun Həsrət nəğməsi, Bu gecə bəstələrinə qulaq asiram. Həmçinin Nailə xanım Mirməmmədlinin, Aygün xanım Səmədzadə, Mətanət Dadaşova və bir çox bəstəkarların bəstələrini bəyənirəm.

- Növbəti klip üçün hansı mahnını nəzərdə tutmusunuz?

- Ulduzumsan adlı mahnımı nəzərdə tutmuşam. Ola bilər ki bu mahnı olmasın. Çünki Elza xanımla oxuyacağım duet də nəzərimdədir.

- Son olaraq öz pərəstişkarlarınıza, sizi izləyənlərə hansı vədləri verirsiniz?

- Mən bütün məni sevənlərə sağ olsunlar deyirəm. Mənim mahnılarımla yaşayan insanlar var. Bu mənim üçün bir xoşbəxtlikdir. Mənim Bir dəniz mahnımla səhərlərini açan insanlar var. Hətta mənim mahnılarıma xarici səfərlərdə qulaq asan insanlar var. Bu bir müğənni üçün əsl xoşbəxtlik və qürurverici bir məqamdır. Mən starnews.az kollektivinə təşəkkürümü bildirirəm.

- Biz də starnews.az kollektivi olaraq sizə uğurlar və yeni-yeni yaradıcılıq nailiyyətləri diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR