Yeni iş yerlərinin açılması əcnəbilərin muxtar respublikaya marağını artırıb

Yeni iş yerlərinin açılması əcnəbilərin muxtar respublikaya marağını artırıb
15:08 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Şərur, 7 dekabr, AZƏRTAC
Yeni müəssisələrin və iş yerlərinin yaradılması, tikinti sektorunun intensiv inkişafı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya olan marağını artırıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda keçirilən tədbirdə bu barədə danışılıb. Şərur Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Bədəlov açaraq deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində ciddi uğurlara nail olunub. Naxçıvanda həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini verib, əldə edilən makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması üçün böyük imkanlar yaradıb. Bu da öz növbəsində muxtar respublikanı regional cazibə mərkəzinə çevirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verib.
Bildirilib ki, 18 yaşına çatan əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən, peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Əfqan Əliyev, Rahib Kərimov, Şahin Nəbiyev çıxış edərək iştirakçılara mövzu ilə bağlı digər zəruri məlumatlar çatdırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_is_yerlerinin_achilmasi_ecnebilerin_muxtar_respublikaya_maragini_artirib-908909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR