"Çox bahalı futbolçuların siyahısında ola bilərdim" - PRESSİNQ

"Çox bahalı futbolçuların siyahısında ola bilərdim" - PRESSİNQ
15:14 7 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Bəxtiyar Musayev: "Həmin oyunda Fiqu çox əsəbiləşmişdi"

Lent.az-ın "Pressinq" layihəsinin budəfəki qonağı keçmiş futbolçu, hazırda "Neftçi" klubunda seleksioner məşqçi kimi çalışan Bəxtiyar Musayev olub. Sabiq "11 nömrə" oxucularımızın ona ünvanlandırdığı sualları cavablandırıb.  

 

Ceyhun Əsədov:

- Son illər "Neftçi"nin nüfuzu aşağı düşüb. Əvvəlki "Neftçi"ni bir də nə vaxt görəcəyik?

- Biz də bunun fərqindəyik. Özümüz də istəmərik ki, "Neftçi"nin çətin günləri davam etsin. Rəhbərlikdə futbol adamları çoxdur. Əlimizdən gələni edəcəyik ki, "Neftçi" qısa vaxtda əvvəlki nüfuzunu bərpa etsin. 3 il ardıcıl ölkə çempionu olduqdan sonra komandada enişin yaşanmasına dünyada baş verən hadisələr də səbəb oldu. Maddi cəhəti nəzərdə tuturam. Klubun strategiyası dəyişdi. Yerli oyunçulara "Neftçi"də həmişə diqqət ayrılıb. Amma strategiya dəyişəndən sonra qənaətə gəlindi ki, gənc, yerli futbolçularımızı meydanda daha çox görək. Komandadakı legionerlərin sayını azaltmaq tələbi qoyuldu. Keçid dövrünü yaşayırıq. İnşallah, "Neftçi" bu prosesdən üzüağ çıxar. Düzdü, komanda 5-6 oyun "qara zolağ"a düşmüşdü. Bundan sonra qələbələrin, gözəl oyunların ardı gələr.

 

Rəvan Həmidov:

- Samir Əliyevin baş məşqçi kimi "Neftçi"də uğursuzluq yaşaması təcrübəsizliyi ilə bağlı oldu, yoxsa ona "torba" tikildi?

- Komandadakı futbolçuların çoxu gənc uşaqlardır. Onlarla Samir Əliyevin çox gözəl münasibəti var idi. Bu baxımdan, "torba"dan söz gedə bilməz. Bəli, təcrübəsizlik rol oynadı. Hamıya aydındır ki, Samir Əliyev baş məşqçi kimi təcrübəsizdir. Amma işləmək həvəsi, bacarığı var. İnşallah, gələcəkdə Azərbaycanda layiqli məşqçi kimi öz sözünü deyəcək.

 

Elnar İbrahimov:

- Əsgər Abdullayev gələndən sonra qısa zamanda nəyi dəyişdi ki, "Neftçi" nəticə göstərməyə başladı?

- Futbol adamları bilirlər ki, yeni məşqçi gələndə mütləq dəyişiklik olur. Heç nə etməsə, həmin məşqləri keçsə belə, məşqçi dəyişikliyi uşaqlarda müsbət fikir oyadır. Bu, insan psixologiyasıdır. Onda uşaqlar məşqlərdə özlərini daha yığışdırırlar, məşqçinin gözünə girməyə çalışırlar, bir az da artığını edirlər. Əsgər müəllim futbolçularla ayrıca görüşür, danışır, onların əhval-ruhiyyəsini qaldırmağa çalışır. Mən Əsgər müəllimlə həm bir yerdə oynamışam, həm də onun futbolçusu olmuşam. 17 yaşımda "Neftçi"nin heyətində SSRİ çempionatında çıxış edəndə Əsgər müəllim komandanın kapitanı idi. Məşqçi kimi isə onunla millidə və "Şəfa"da çalışmışam.

 

Səid Məmmədov:

- "Neftçi" rəhbərliyi əcnəbi məşqçi axtarışında olduğunu bildirib. Xarici məşqçi gətirmək hazırda yaxşı nəticə göstərən Əsgər Abdullayevə qarşı haqsızlıq olmazmı?

- Bu, öncədən açıqlanmışdı. Əsgər müəllimlə söhbətdə də deyilmişdi ki, komandanı hələlik sizə həvalə edirik. Əsgər Abdullayev Müşahidə Şurasına üzv seçiləndən əsas, əvəzedici və aşağı yaş qrupları üzrə komandalarımızın oyunlarına bir yerdə baxırdıq. O, "Neftçi"yə həmişə qəlbən bağlı olub. Özü də deyir ki, "Neftçi"də böyüyüb. Çətin vəziyyətdə komandanı ona tapşırdılar. Əsgər müəlim, doğrudan da, çətin yükün altına girdi. Şükürlər olsun ki, komanda hazırda yaxşı nəticə göstərir. Rəhbərliyin qərarının necə olacağını bilmirəm. İş gedir. Onlar da hər şeyi görürlər, bilirlər.

 

Nazim Sadıqov:

- Çingiz Abdullayev və Bəhram Bağırzadə kimi futbol adamı olmayan şəxslərin "Neftçi"nin rəhbərliyində yer almalarını nə dərəcədə doğru hesab edirsiz?

- Çingiz Abdullayev Azərbaycanın xalqının çox hörmət etdiyi bir şəxsdir. İstər gənc, istərsə də yaşlı nəsil ona şəxsiyyət kimi böyük hörmət bəsləyir. "Neftçi"də əvvəl Müşahidə Şurası olmamışdı. Belə bir qərar qəbul olunandan sonra Çingiz müəllim kluba dəvət olunub. Kiməsə müraciət etmək, kiminləsə diskussiya aparmaq mənasında, çox köməyi dəyir. Çingiz müəllim Azərbaycanda böyük nüfuza malikdir. Kimliyindən asılı olmayaraq, Azərbaycanda hər bir insanla danışa bilər, sözü keçə bilər. Bəhram müəllim də millidə oynadığımız vaxtdan bizimlə həmişə görüşlər keçirib, ruh yüksəkliyi verib, azarkeşimiz olub. Həmişə beynəlxalq oyunlar olanda Bəhramı stadionda görmüşük. Komandalarımıza necə canla, başla dəstək olmasının şahidi olmuşuq. İndi də dəstəyini əsirgəmir. Komanda uduzanda necə həyəcan keçirdiyini, üz cizgilərinin necə dəyişdiyini biz görürük.

 

Tural Nuriyev:

- Sizin dövrün futbolçularının bir neçəsi hazırda baş məşqçi kimi fəaliyyət göstərir. Bəxtiyar Musayev nə vaxt baş məşqçi olacaq?
 

- Sözün düzü, təsadüf nəticəsində seleksiyaçı-məşqçi təyin olundum. Futbolçu karyeramı bitirəndən dərhal sonra "Xəzər Lənkəran"dan mənə təklif gəldi. Ağasəlim Mircavadovun rəhbərliyi dönəmində Braziliyaya oyunçu seçmək üçün ezamiyyət var idi. Onda komandaya təzə gəlmişdim. Ağasəlim müəllim dedi ki, mən Bəxtiyarın futbol biliyini bilirəm, bizə yardımçı ola bilər. Buna görə də, Braziliyaya məni göndərdilər. Onda Rodriqo və Osmarı komandaya gətirdik. Osmar çox perspektivli oyunçu idi, 17 yaşı var idi. Sadəcə, burda onun oyunu alınmadı. Xasiyyətcə qürurlu, dikbaş uşaq idi. Ondan sonra Dieqo və Mario Souzaları gətirdik. Birlik Kubokuna 1 həftə qalmış komandaya qoşuldular və çempionluğumuzda böyük rol oynadılar. İşimdən məmnun idim, həvəslə işləyirdim. Bəlkə də, gələcək üçün baş məşqçi olmağı düşünmək olar. Amma indiyə kimi bu barədə düşünmürdüm.

 

Kənan Mustafayev:

- "Xəzər Lənkəran"da həm futbolçu, həm də məşqçi olmusuz. Bu klubun hazırkı vəziyyətə düşməsinin səbəbini nədə görürsüz?

- "Xəzər Lənkəran"la bağlı xoş xatirələrim var. Futbolçu kimi bu klub yeni yarananda orda oynadım və "Qızıl oyun"da "Neftçi"yə uduzaraq, çempionluqdan məhrum olduq. Karyeramı bitirdikdən sonra da "Xəzər Lənkəran"a qayıtdım. Klubun indiki durumu ümumilikdə Azərbaycan futbol ictimaiyyətinə zərbədir. Çünki "Xəzər Lənkəran" futbolumuza böyük rəng qatırdı, rəqabəti artırırdı. İndi bir çox komandalarımız maddi cəhətdən problemlə üzləşiblər. "Xəzər Lənkəran" bu duruma kluba tətbiq olunan transfer qadağasından sonra düşdü. Eşitdiyimizə görə, bir az maddi böhran da var. "Xəzər Lənkəran"ın rəhbərliyini tanıyıram, gözəl insanlardır. İnanmıram ki, Mübariz Mənsimov durumu belə saxlasın. Müvəqqəti çətinlikdir, məncə, toparlana biləcəklər.

 

Teyyub Qəribov:

- Sizin vaxtınızda pleymeyker mövqeyində rəqabət var idi. Mahmud Qurbanov və Vidadi Rzayev kimi futbolçularla rəqabət aparırdız. Razısız ki, indi Azərbaycan futbolunda əsas axsayan mövqelərdən biri məhz pleymeyker mövqeyidir?

- Mənə o xoşbəxtlik nəsib olub ki, uşaq yaşlarımdan yaxşı məşqçilərin əlinin altında işləmişik. Allah rəhmət eləsin, uşaq məşqçimiz Şamil Heydərov idi. Sonra isə Fazil Abbasovun rəhbərliyi altında çalışdıq. Əvvəl uşaqların topla rəftarına, texnika və taktikasına çox fikir verilirdi. Bir dönəm Azərbaycanda uşaq futboluna nəzarət olmadı. O boşluqda bir sıra uşaqlar futbolun əlifbasını kortəbii öyrəndilər. Amma indi məşqçilər yetişir və hər kateqoriyada seminarlar keçirilir, lisenziyalar alırlar. Gələcəkdə savadlı məşqçilərimizin əlinin altında uşaqlarımız daha da təkmilləşəcəklər. Bir də ən bəlalı problemimiz var ki, hələ də qalmaqdadır. Məhəllə futbolu. O olmasa, çox əziyyət çəkəcəyik. Məşqçi uşaqlara 1 saat, saat yarım ərzində nəsə öyrədir. Amma uşaq improvizasiyaları, yaradıcılığı həyətdə, məhlə futbolunda öyrənə bilər. İndi məhlələrdə yer yoxdu. İnternet, kompüterin inkişafı da buna təsir edir. Moldova və Belarus kimi ölkələrdə, demək olar ki, hər məhlənin öz meydançası var. Təəssüflər olsun ki, bizdə belə deyil. İndi uşaqlara baxırsan, qaçışları da düzgün deyil. Biz məhlə futbolunu ağacların arasında oynamışıq, bunları hamısı kordinasiyadır. Əvvəl əyri qaçanda belə baxırdılar ki, bu necə qaçışdır? İndi hərə bir cür qaçır. 17, 19 yaşlı uşağın qaçışı düzgün deyil.

 

Vüqar Xeyrullayev

- Əvvəlki illərdən fərqli, "Neftçi"yə son gətirilən legionerlər ümidləri tam doğrultmurlar. Bu nə ilə əlaqədardır?

- Jayronu gedib izləməmişik. Ailtona gəlincə, yayda bizə təklif olunmuşdu. Ancaq həmin vaxt məndə viza olmadığından, onu izləmək şansım olmadı. Görüntüləri var idi, ona əsasən istedadlı, ümidverici futbolçu olduğunu gördüm. Elə oldu ki, həmin ərəfədə turnir keçirilirdi, ora idman direktorumuz Vəli Qasımov yollandı. Baxıb, bəyənmişdi Ailtonu. Mən belə düşünürəm ki, Ailton böyük futbolçu ola bilər. Onun hər bir potensialı var, sadəcə artıq elementləri yığışdırmalıdır.

 

Sənan Qayıbov:

- Millimizin illər öncə Portuqaliya ilə Bakıda 1:1 hesablı heç-heçə etdiyi oyunu yadınıza salmaq istərdim. Zaur Tağızadənin qol vurduğu epizodda ona ötürməni məhz siz vermişdiz. Ümumiyyətlə, o anları necə xatırlayırsız, həmin ötürmə necə alınmışdı? Zaur əziyyətinizi yerə vursaydı, ona hirslənərdizmi?

- O vaxt bizim fiziki durumumuz yüksək səviyyədə olmurdu. 10 il "Neftçi"də oynadım, cəmi 1 dəfə Antalyaya "poezdka"ya getdik. Qayıdanda da gün yarıma qayıtdıq. Bizə Bakıda 2 dəfə məşq etmək üçün günorta yeməyi vermək lazım idi, o da problem idi. Təkcə milli ilə ildə 1 dəfə toplanış keçirdik. O vaxt oyun praktikasından da əziyyət çəkirdik. Amma indi hər yaş üzrə komandalar toplanış keçirlər. Portuqaliyaya qarşı 2 gün oynadıq. Birinci gün stadionun işıqları söndüyündən, oyun səhərisi gün keçirildi. Avqust ayında, isti havada oynamaq çox çətin idi. Allah Əhməd Ələsgərova rəhmət eləsin, böyük mütəxəssis idi, komandanı oyuna çox yaxşı kökləmişdi. Topla oynamağı, driblinq etməyi həmişə sevmişik. Həmin epizodda irəliləmək şansı var idi və qarşıma oyunçu gəldi. Aldadıcı fəndlər etdim, yaxşı da alındı. Onda Portuqaliya yığmasının heyətində Milan "İnter"ində oynayan Paulo Souza, Fiqu var idi. Həmçinin "Fənərbaxça"nın üzvü Dimaş da həmin heyətdə yer almışdı. Verdiyim ötürmə məhz onun ayaqları arasından keçdi və Zaur Tağızadə əziyyətimi yerə vurmadı. Zaur çox yüksək sürətə malik idi. Biz də bacardıqca onun önünə ötürmələr verirdik ki, sürətindən istifadə etsin. Əlbəttə, həmin epizodda qol vura bilməsəydi, üzülərdik. Amma Zaurla həmişə gözəl münasibətimiz olub. Elə futbolçu var ki, onun üstünə qışqırmaq lazımdır, amma elələri də var ki, o, özü hər şeyi dərk edir. Zaur da məhz bu cür oyunçulardan olub. Bizdən gənc olsa da, həmişə öz oyunu, davranışı ilə hörmət qazanıb. Onu da deyim ki, Fiqu həmin görüşdə çox əsəbiləşmişdi, qol vuranda butsusunu götürüb fırlayırdı. Portuqaliyalılar düşünürdülər ki, rahat qələbə qazana bilərlər. Amma biz, doğrudan da, yaxşı oynadıq. Qol imkanlarımız oldu, yəni oyunu müdafiədə keçirmədik. Həmin Portuqaliya yığmasının heyətində yer alanlar - Luiş Fiqu, Rui Koşta, Sa Pinto, Joao Pinto, Vitor Baya onların futbolunun "Qızıl nəsli" sayılırdı. Həmin futbolçulardan sonra Portuqaliyadan yalnız Kriştianu Ronaldo çıxdı.

 

Rəsul Məmmədov:

- Futbolçu karyeranızda "Fair-play"ə önəm verən oyunçulardan olmusuz. Heç meydanda mübahisələriniz olubmu?

- "Fair-play" mükafatı almışam. Biz xarakter göstərirdik. O vaxt "Neftçi"nin heyətində rayonlara oyunlara gedirdik. Onda rayon səfərləri indiki kimi deyildi. Gedəndə gərək qılınc və qalxanını da götürərdin (gülürük). Orda oyun idarə etmək hakimlərə problem yaradırdı, onlar da bizə problem yaradırdılar. İndiki kimi, onda da "Neftçi"yə qarşı komandalar xüsusi hazırlaşırdılar. Haqsızlıq olanda götürmürdüm. Bu mənada, hakimlərlə az dialoqum olmayıb. 

 

 

Rüfət Dadaşov:

- İndi futbol oynasaydız, transfer qiymətiniz nə qədər olardı?

- (Gülür). Yaxşı sualdır. Bunu kənardakılar deyə bilər. Mənə elə gəlir ki, çox bahalı futbolçuların siyahısında ola bilərdim. Millinin üzvü olmuşam, pleymeyker mövqeyində oynamışam. Adicə bir şeyi deyim ki, 2000-2001 mövsümündə çempionatın ən yaxşı oyunçusu seçilmişəm. Qalanını siz deyin (gülür).

 

Amil Vəliyev:

- Sizin futbolçu nəslinə "peraşki" yeyib, futbol oynayanlar deyirdilər...

- Hərdən mənə toxunur bu. Halbuki eləsi var qürurla deyir ki, biz acqarına, "peraşki" yeyib futbol oynayırdıq. Amma bu mənə xoş olmur. O vaxt, doğrudan da maddi baxımdan çətin idi. Komandamız gündə 2 dəfə məşq etmək iqtidarında olmurdu. Bunun üçün nahar yeməyi, qalmağa yer lazım idi. Futbolçu da gündə 2 dəfə məşq etməyəndə inkişafdan geri qalır.  

 

 

Qadir Bahadurov

- Ailənizdə sizdən başqa futbol oynayan olubmu və hazırda davamçınız varmı?

- Ailəmizdə məndən başqa futbolçu olmayıb. 4 qardaş olmuşuq, ən kiçikləri mənəm. Qardaşım oğlu Əlinin futbola marağı olsa da, peşəkar səviyyədə məşğul olmadı.  Davamçılarım bəli, var. Hər iki oğlum futbolla məşğul olur, "Neftçi"dədirlər. İstərdim ki, onlar məndən də yaxşı futbolçu olsunlar. Böyük oğlum hazırda "Neftçi"nin 15 yaşlılarında hücumçu mövqeyində oynayır. Kiçik oğlum isə müdafiənin və yarımmüdafiənin sağ cinahında çıxış edir.

 

Səbuhi Məmmədli:

- Biləcəri futbol məktəbindən siz də daxil olmaqla, çox tanınmış oyunçu çıxıb. Ümumiyyətlə, o məktəbin sirri nədə idi?

- Əvvəl dərslərimizi oxuyub, ev tapşırıqları edəndən sonra dərhal həyətə düşürdük. Məhlədə futbol oynayırdıq. Biləcəridəki parkda bir meydança var idi. Biz uşaq olanda ancaq günorta vaxtı orda oynamaq imkanımız olurdu. Çünki axşamlar həmin meydança "zanit" olurdu. Təbii ki, böyüyəndən sonra biz də başladıq axşamlar parkın meydançasında oynamağa. Biləcəri məktəbindən çıxan ən güclü futbolçu Bəxtiyar Qulamovu hesab edirəm. Allah rəhmət eləsin, bu illərdə dünyasını dəyişib. O da biləcərili idi. 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR