Muxtar respublikada 22 istixana təsərrüfatı fəaliyyət göstərir

Muxtar respublikada 22 istixana təsərrüfatı fəaliyyət göstərir
15:53 7 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 dekabr, AZƏRTAC
Muxtar respublikada Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonları da daxil olmaqla, ümumilikdə, 113 min 892 kvadratmetr sahədə 22 istixana təsərrüfatı fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu təsərrüfatlarda cari ilin ötən dövründə pomidor, xiyar, badımcan, bibər, limon, çiyələk, göbələk, göyərti, gülkələm, kahı, brokoli əkilib.
Təkcə 2015-ci ilin ötən dövründə sahəsi 8 min 906 kvadratmetr olan 7 istixananın qurulması başa çatdırılıb. Ümumilikdə isə 2000-2015-ci illərdə sahəsi 101 min 476 kvadratmetr olan istixanaların qurulmasına 4 milyon 540 min 500 manat güzəştli kredit verilib.
İstixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. Burada becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, müxtəlif bitkilərin tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir.
Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu istixana kompleksləri növbəti qış mövsümündə də daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
Qeyd edək ki, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_22_istixana_teserrufati_fealiyyet_gosterir-908930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR