"O alovun istisi, küləyin uğultusu qulaqlarımdadır..." - XİLAS OLUNAN NEFTÇİLƏR

"O alovun istisi, küləyin uğultusu qulaqlarımdadır..." - XİLAS OLUNAN NEFTÇİLƏR
16:14 7 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də “Günəşli” yatağında baş vermiş yanğın zamanı xilas olunanlardan biri xanımdır.

 

APA TV-nin məlumatına görə, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyeva 10 saylı dərin dəniz özülündə xadimə işləyib.

 

Onun sözlərinə görə, belimdə müxtəlif yerdən sınıq və çatlar var: “Ağrılarım var. İndi yenidən müayinə üçün MRT olunacaq. Əməliyyat üçün qərar bundan sonra veriləcək".

 

Məlahət Əliyeva partlayış anını belə xatırlayır: "İşimi bitirib dincəlmək üçün otağa getmişdim. Birdən güclü partlayış səsi gəldi. Dəqiqləşdirmək üçün çölə çıxdım. Platformada təhlükəsizlik güclü təşkil olunmuşdu. Dərhal xilasedici jileti geydim, birinci bloka getdim. Qapını açmağa çalışdım. Elə bu vaxt birinci bloku tüstü bürüdü. Daha sonra qapını yoldaşlarla köməkləşib açdıq. Hamımız platformadakı qayığa tərəf getdik. 26 nəfər qayığa mindik. Qayıqda 17-18 saatdan artıq qaldıq".

 

Yanğın nəticəsində xəsarət alan 10 saylı dərin dəniz özülün kompleks-qazma işlərinin energetiki Ənvər Əliyev isə hazırda özünü yaxşı hiss edir: "Hazırda səhhətim normaldır. Ayın 4-də xilas elədilər bizi. Biz qırılan qayıqdan xilas olunan 2 nəfərik. Bizimlə bərabər bir cəsəd də çıxardılar. Bizi "Topaz" adlıq gəmi gətirdi sahilə. Qalan yoldaşlarımızı isə "Müslüm Maqomayev" adına gəmi xilas etdi".

 

Mais Abbasov “Günəşli” yatağında operator vəzifəsində çalışıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına kəllə-beyin travması travması diaqnozu ilə yerləşdirilib: "Biz qayıqda olanda külək o qədər sürətli idi ki, bizi platformanın dayaqlarına çırpırdı. O, anda mənim də alnım partlamışdı. Düz 21 ildir dənizdə işləyirəm. Müxtəlif hadisələrlə üzləşsək də, hələ belə bir təbii fəlakətlə rastlaşmamışam. Belə külək görməmişdim. Dəhşət idi..."

 

Müalicə olunan neftçilərdən biri də Rəşid Hüseynov da kəllə beyin travması alıb: "Kəllə-beyin travmasıdır məndə. Digər iki günlə müqayisədə yaxşıyam. Elə bilin ki, indi oyanıram. Hələ indi anlayıram olanları. Pəncərə açılır, xahiş edirəm ki, örtsünlər, küləyin səsi qulağıma gələndə vahimələnirəm. O alovun istisi, küləyin uğultusu qulaqlarımdadır. Qayığın içərisində eşidirdik. 18 saat qapalı şəraitdə qaldıq. Biri qadın olmaqla 26 nəfər. Ancaq dua edirdik. Bir telefonumuz vardı, onunla da əlaqədar qurumlarla əlaqə saxlayırdıq".

 

Mərdan Rəcəbov ömrünün nə az, nə çox - düz 34 ildir Azərbaycan Dövlət Neft Şirkətində çalışır. 5 ildir ki, dənizdə işləyir: "Qabırğalarım sınıb, ayağımda müxtəlif yerlərdən sınıqlar var. Həkimlərin köməyi nəticəsində vəziyyətim yaxşıdır. Güclü dalğanın qayığı atması nəticəsində hamımız xəsarət aldıq. Biz elə bildik ki, qayıq partladı və dənizə düşdük. Sağ qalmağımıza özümüz də inanmadıq. Qayıq sütunların arasında qalmışdı. Gecə saat 4-ə qədər güclü dalğa olduğumuz qayığı ora-bura çırpıb. O anda köməyimizə FHN əməkdaşları çatdı. Hava şəraiti o qədər kəskin idi ki, yaxınlaşmaq belə mümkün deyildi. Alovun qarşısını uzaqdan ala bilirdilər ki, alov bizi yandırmasın. Kaş ki, möcüzə olsun, salamat tapılsın yoldaşlarımız..."

 

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev APA TV-yə müsahibəsində deyib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər bu gün evə buraxıla bilər, qalanları isə iki-üç günə buraxılacaq.

 

O bildirib ki, hazırda xəstəxanada olan 9 neftçinin vəziyyəti stabildir: "Onlar müalicəni davam etdirirlər. Bəziləri isə səhhətləri yaxşı olduğu üçün evə getmək istədiklərini bildirirlər. Ambulator müalicəyə göndərilən 22 nəfər də tövsiyəmizə uyğun olaraq yenidən yoxlanmağa gəlib. Artıq 11 nəfər müraciət edib və yoxlanılaraq evə göndərilir. Əgər ehtiyac olarsa, onlara iki-üç günlük arayış da veriləcək".

 

Direktor müavini deyib ki, xəsarət alanların hamısı psixoloq nəzarətindən keçiriləcək: "Onları qəbul edəndə də hər hansı psixoloji pozuntu görmədik. Ancaq yenə də onlar psixoloq müayinəsindən keçəcəklər".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR