Buxarest, 7 dekabr, AZƏRTAC
Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) Buxarestdə təşkil etdiyi “Qış Xeyriyyə Yarmarkası – 2015”də Rumıniyada işləyən və yaşayan azərbaycanlıların dəstəyi ilə Azərbaycan guşəsi yaradılıb. Ölkəmizin tarixi abidələrini, mədəni irsini, adət-ənənələrini, folklorunu və ədəbiyyatını əks etdirən suvenirlər, kitablar, müxtəlif sort üzümlərdən hazırlanmış şərablardan ibarət guşəmiz ziyarətçilərin marağına səbəb olub. İştirakçılar Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən və şirniyyatlarından dadıblar. İki hissədən - sərgi və konsertdən ibarət yarmarkada əldə edilən gəlir uşaq evlərinə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest