Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı dekabr ayının 19-da keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı dekabr ayının 19-da keçiriləcək
17:38 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunu başa çatdırıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət etmiş namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə dekabrın 19-da saat 12.00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) aşkarlıq şəraitində keçiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabrın 17-18-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib. Eləcə də bu sənədlər nazirliyə və regional ədliyyə şöbələrinə (ünvanlar həmin internet səhifəsində göstərilib) müraciət edənlərə təqdim olunur.
Eyni zamanda, müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə bir daha çatdırılır ki, onların imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158 ünvanında) xüsusi proqram əsasında təşkil olunmuş hazırlıq kursu davam edir.
Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adliyye_orqanlarina_qulluga_qebulla_bagli_novbeti_test_imtahani_dekabr_ayinin_19_da_kechirilecek-909000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR